Akif Çovdarovun səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb

20-02-2017, 18:58           

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın xəbərinə görə, iclasdan sonra jurnalistlərə açıqlama verən A. Çovdarovun vəkili Sadiq Rəsulov deyib ki, prosesdə zərərçəkmiş şəxs qismində Cahangir Alışov sualları cavablandırıb, bir neçə şahid dindirilib. Daha sonra Akif Çovdarovun səhhəti pisləşib. O, iclasda iştirak edə bilməyib.

Buna görə iclas fevralın 22-nə təxirə salınıb.
***
15:38
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdən sonra A. Çovdarovun vəkilləri jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Kamandar Nəsibov və Sadiq Rəsulov sualları cavablandırmayıblar. Təqsirləndirilən şəxslərdən Akif Əliyevin vəkili Anar Qasımlı isə jurnalistlərə qısa açıqlamasında deyib ki, iclasda zərərçəkmiş şəxs qismində "Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov ifadə verib. O, istintaq ifadəsini təsdiqləyib.

Proses günün ikinci yasında davam edəcək.

C. Alışovun istintaqa ifadəsində qeyd olunub ki, MTN-də özünü Alı kimi təqdim edən şəxs şirkətdə Nəsib Əliyevin payına düşən bütün əmlak onların təqdim etdiyi şəxslərin adlarına rəsmiləşdirilməsi şərtini irəli sürüb. “Mən Nəsib Əliyevin payına düşən yaşayış və qeyri-yaşayış sahələrini artıq müxtəlif vətəndaşlara satdığını və pullarını aldığını bildirdim. Ertəsi gün Akif Çovdarovla görüşəndə məndən bu şərtləri yerinə yetirməkdən başqa, 500 min manat verməyimi də istədir. Məcbur qalıb, mənim və Nəsib Əliyevin imzaları ilə 19 mənzil, 4 qaraj, 3 qeyri-yaşayış sahəsi (market) və 1 zirzəmi həmin vətəndaşların adlarına yazılıb rəsmiləşdirilərək, ümumilikdə 27 müqavilə tərtib olundu. Həmin evlər isə bundan əvvəl başqa şəxslərə satılmış evlər idi, pulu da ödənilmişdi”.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.