Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov

23-02-2017, 14:29           
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov
Leytenant Rasim Şahsuvarov Qarabağın dilbər guşəsində, Laçın rayonunun Minkənd kəndində 1958-ci ildə dünyaya gəlmişdi . Uşaqlığı, gəncliyi dağlar qoynunda, suyu, havası minbir dərdə dərman olan laçında keçmişdı. O gözəl günləri yaşayanda Rasimin ağlına belə gəlməzdi ki, nə vaxtsa bu əsrarəngiz gözəlliklər düşmən tapdağı altında qalacaq və Rasim buna dözməyib ana vətənin müdafiəsinə qalxacaq.
Leytenant Rasim Şahsuvarov orta məktəbi dogma kəndində bitirib, təhsilini davam etdirmək üçün Bakıya gəlir və 1976-cı ildə Bakı Dövlət Universitetinə daxil olur. 1977-1979-cu illərdə Ukraynada hərbi xidmət keçir. Xidməti borcunu bitirdikdən sonar vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. 1984-cü ildə kimyaçı-müəllim ixtisasına yiyələnir.
Böyük arzularla yaşayırdı Rasim Şahsuvarov. Elə bu arzuyla da Ümumittifaq Elmi Tədqiqat və lyihə İnstitutunda mühəndis vəzivəsində işə başlayır.
1993-cü ildə Yeni Bakı Neftayırma zavoduna işə düzəlir. Ancaq namərd ermənilərin torpaqlarımızda elan olunmamış müharibəsi hamı kimi Rasim Şahsuvarovu rahat buraxmırdı. Oğlu Eminin xəstəliyi onun əl-qolunu bağlamışdı. Emin nitqdən və eşitmə qabiliyyətindən qüsurlu idi.
Vətənin azadlığı övlad məhəbbətindən güclü oldu. 1993-cü ilin payızında könüllü olaraq təcrübəli zabit kimi “N” hərbi hissəsinin tərkibində Füzuli rayonuna yollandı. Rota komandirinin müavini vəzifəsinə təyin edildi. Batalyonda hamı onu sevirdi. O, həm bacarıqlı, qorxmaz bir zabit, həm də qayğıkeş ata kimi öz əsgərlərinin qayğısına qalırdı.
Ürəyində vətən dərdi vardı Rasim Şahsuvarovun. Doğma yurdu düşmən əsarətində idi. Qarabağın azad olunacağı günü səbrsizlikə gözləyirdi. Lakin namərd gülləsi onun arzularını yarımçıq qoydu.
“N” hərbi hissəsindən verilən xasiyyətnamədən: “Leytenant Şahsuvarov Rasim Şahverdi oğlu “N” hərbi hissəsində xidmət etdiyi müddətdə özünü qeyrətli, təşəbbüskar, tələbkar, hərb elmini yaxşı bilən zabit kimi göstərmişdir.
04.01.1994-cü ildə füzuli rayonunun Yuxarı Kürmahmudlu kəndi uğrunda gedən döyüşdə əsgərləri önündə gedərək düşmən səngərinə birinci girmiş, ağır döyüş gedişində həlledici dönüş yaratmış, düşməni qaçmağa məcbur etmişdir. Bu döyüşdə leytenant Rasim Şahsuvarov əsgərini xilas edərkən düşmən snayperi tərəfindən ağır yaralanaraq qəhrəmancasına həlak olmuşdur”
Rasimin əsgərləri, döyüş dostları onun döyüş qərəmanlıqları haqqında fəxrlə danışırlar.
İndi Şəhidlər xiyabanında uyuyur Rasim Şahsuvarov. Bütün şəhidlər kimi onun da ruhu narahatdır. Uğrunda canından keçdiyi vətən torpaqları hələ düşmən əsarətindədir. Suraxanı rayon Hövsan qəsəbəsindəki küçələrdən biri L-t Rasim Şahsuvarovun adını daşıyır. Rasimin övladları Turanə və Emin indi bu küçədən fəxrlə keçirlər. Öz hisslərini dillə ifadə edə bilməyən Eminin gözləri şox şey anladır. Bu gözlərdən qəm, kədər, həsrət və fəxarət hissi oxunur.
Komandir Oqtay Əliyev dediklərindən:
“1993-cü ilin oktyabrında Heydər Əliyevin xalqa müraciətindən sonara biz Suraxanı batalyonunu yaratdıq. Rasim Şahsuvarov da bu məlum müraciətdən sonara könüllü olaraq gəlib orduya yazılmışdı. Batalyonu tam tərkiblə yaratdıqdan sonra, apardıq Füzuliyə döyüş bölgəsinə. O vaxtı, Rasim Şahsuvarov gecikmişdi. Gedib Müdafiə Nazirliyindən bizim batalyona öz əmrini alıb gəlmişdi. Onun sənədində göstərilirdi ki, o, rota komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edəcək. Onunla söhbət edəndə gördüm ki, çox vətənpərvər bir insandır. Təklif elədim ki, gəl səni ştatda saxlıyım, səni batalyon komandirinin müvini vəzifəsinə təyin edim. O, mənimlə razılaşmadı. Dedi ki, mən bura səngərdə döyüşməyə gəlmişəm, ştabda kabinetdə oturmağa yox, əsgərlər harada orda da mən olmalıyam. Nə qədər təkid elədim alınmadı. Yekunu onunla razılaşmaq məcburiyyətində qaldım. Biz hücumlara başladıq yəni o vaxtki “Horadiz” əməliyyatı. Alıxanlı –Füzuli yolu erməni nəzarətində idi. O ərazidə “zelyonka” (Yaşıl təpə)deyilən yüksəkliyi almaq vacibiydi. Həmən yüksəklik isə indiki Lələtəpə yüksəkliyi deyilən təpənin ərazisində yerləşirdi. Üç istiqamətində hücuma keçdik. Rasim Şahsuvarov öz əsgərləri ilə hücuma keçərək həmən “zelyonka ”(Yaşıl təpə) deyilən yüksəkliyi böyük ruh yüksəkliyi ilə düşməndən təmizlədilər. Elə həmən yüksəklikdə də öz əsgərini xilas edərkən düşmən snayperinə tuş gəldi. O, bir qəhrəman, vətənpərvər bir zabit idi . Allah rəhmət eləsin. Onun o qərəmanlığı sayəsində biz Alxanlı Füzuli yoluna nəzarət edən yüksəkliyi ələ keçirməklə yanaşı. Birinci- ikinci Alıxanlını, Aşağı-Yuxarı Kürmahmudlu və Aşağı Seyidəhmədli kəndlərini düşmənlərdən təmizləyə bildik. Ümumilikdə 5 kənd düşmən tapdağından azad olundu.”
Allah rəhmət eləsin! Şəhidlər ölməz, vətən bölünməz!
Subut Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.