"Bunu diqqətlə oxusanız yerdən göbələk kimi çıxmadığımızı görəcəksiniz..."

9-06-2017, 01:05           
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən böyük alim və ziyalımız, dəyərli pedaqoq, professor Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində nəşr olunan parlament çıxışları adlanan 3 cildlik kitabının təqdimatında iştirak edirdim. Uzun illərin zəhməti bahasaına ərsəyə gəlmiş bu kitabı yaşı 90-ı adlamış qocaman bir dev adam millətimizə ərməğan etməklə bəlkə də ən böyük vətənsevərlik nümunəsi ortaya qoymuşdur.

Bu, həqiqətən də ictimai-siyasi həyatımızda ən əhəmiyyətli hadisə sayıla bilər. Bir-birindən maraqlı çıxışlar oldu. Söz alaraq bildirdim ki, Şirməmməd müəllim alim və ziyaının vəhdətini öz obrazında yaşadan çox az sayda şəxsiyyətlərimizdən biridir. Fikrimcə alim- elm qarşısında məsuliyyət daşıyan seçkin şəxsdir. Ziyalı isə-cəmiyyət qarşısında məsuliyyət daşıyan seçkin şəxsdir. Alim elmə vicdanla xidmət edə bilər, ancaq cəmiyyətə biganəlik göstərməsi də normal bir təzahürdür. Ziyalının elmi bilgiləri yetərli olmaya bilər, ancaq cəmiyyətin tərəqqisi üçün hər cür fədakarlıq etməkdən çəkinməz. Şirməmməd müəllimdə hər ikisinin tamlığını görürsən, bu səbəbdən də onun şəxsiyyətinə xüsusi dəyər verməyi bacarmalıyıq. Dini, elmi, sosial, siyasi titullar bolluğunda böyük çoxluğun həci, məşədi, kərbəlayi, professor, akademik və başqa adları adının qarşısına qoşaraq faydalı və qalıcı dəyər yarada bilmədiyi bir Azərbaycan mühitində, ada, titula, orden-medala aludə olmadan millətin şərəfli tarixini araşdırmaq, yazmaq, müdafiə etmək yalnız peşəkarlıq kimi qiymətləndirilə bilməz, bu ilk növbədə bir namuslu davranış məsələsidir. Elə namuslu davranış ki, bəhrəsini görmədiyi müstəqillik üçün canını, ailəsini fəda etmiş Rəsulzadələrin, Yusifbəylilərin, Topçubaşılərin və yüzlərlə şəhid Vətən övladının üzəriimizdə olan haqqının qorunması, onların irsinin yaşanması üçün boynumuzda bir borc olaraq qalmış və qalacaqdır. Şirməmməd Hüseynovun gördüyü bu təkrarolunmaz işi ancaq səmimi və namuslu adamlar illər boyu yorulmadan, usanmadan edə bilərlər. O həm də böyük müəllimdir. İllər öncəsi mürtəce görüşlərinə görə tənqid etdiyim müəllimlərdən biri mənə incik formada dedi ki; "axı mən sənin müəllimin olmuşam, niyə belə sərt tənqid edirsən?" Cavabım qısa və lakonik oldu: "Siz mənə dərs demisiniz, bu hələ müəllim olmaq mənasına gəlməz! Xudu Məmmədov mənə dərs deməyib, ancaq müəllimimdir, Azad Mirzəcanzadə dərs deməyib, ancaq müəllimimdir! Şirməmməd Hüseynov dərs deməyib, ancaq müəllimimdir!" Allah Şirməmməd müəllimi kimi alim-ziyalılarımızı qorusun, Cumhuriyyətimizin 100 illiyini birlikdə qutlamağı bizlərə nəsib etsin! Sonda mesajım budur ki, bu kitabın üç cildini də alıb diqqətlə oxuyun, yerdən göbələk kimi çıxmadığımızı görəcəksiniz, üstəlik də o kişilərin etdiyinin cüzi bir hissəsini etməyə qabiliyyətimiz olmadığını görüb hərəmiz öz sahəmizdə daha ciddi çalışmalara qərar verəcəyik.

Fazil Mustafa, millət vəkili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.