Yemək qutularının içində şirkətlərə CV yolladı: İndi isə direktordur

Bu gün, 11:24           
Yemək qutularının içində şirkətlərə CV yolladı: İndi isə direktordur
İş həyatında ən stresli dövrlərdən biri də iş axtardığımız vaxtlardır. Hər birimiz əlimizdə CV, qapı-qapı gəzib iş axtardığımız günləri xatırlayırıq. Texnologiyanın inkişafı bu prosesi xeyli asanlaşdırsa da, illər əvvəl vəziyyət tamam fərqli idi. İş axtarmaq, CV-ni göndərdikdən sonra cavab gözləmək mərhələsi kifayət qədər yorucu və stresli olurdu. Amma litvalı marketinq mütəxəssisi Lukas Yla bu mərhələni daha maraqlı və əyləncəli keçirib.

Valyuta.az Lukas Ylanın iş axtararkən istifadə etdiyi fərqli və yaradıcı taktikanı təqdim edir.

Lukas Yla kimdir?

Lukas Yla litvalı innovativ marketinq mütəxəssisi və startap yönümlü liderdir. O, "CityBee" avtomobil paylaşım şirkətinin marketinq şöbəsində yüksələrək baş menecer, daha sonra isə icraçı direktor vəzifəsinə qədər irəliləyib.

San Fransiskoda iş tapmaq üçün Yla fərqli bir üsul seçib. Belə ki, o “Postmates” kurye işçisi kimi geyinərək donut qutularının içində CV-sini 40 şirkətə çatdırıb. Qutuların üzərində isə belə yazılıb: “Most resumes end up in trash. Mine – in your belly”. ("Çoxlu CV zibilə gedir, mənimki isə mədənizə”.)
Bu kreativ yanaşma nəticəsində Yla 10 müsahibə qazanıb və hətta media diqqətinin mərkəzinə düşə bilib.

Lukas Yla verdiyi müsahibələrdə bildirir ki, donut qutularında CV çatdırmaq ideyası qısa müddətdə viral effekt yaradıb. Sosial şəbəkələrdə, “ABC News”, “Business Insider”, “HuffPost” kimi nüfuzlu media orqanlarında onun haqqında yazılar dərc edilib. Bu kampaniyanın nəticəsində təxminən 100 milyon insan onun hekayəsini görüb və bu, Lukasın şəxsi brendini qlobal səviyyədə tanıdıb.

Məhz bu kreativ düşüncə və ağlına görə, Yla müxtəlif ölkələrdə keçirilən marketinq və startap konfranslarına dəvət olunur. O, auditoriyalara qeyri-adi marketinq strategiyaları, brendin yadda qalması və rəqabətli bazarda fərqlənmə mövzularında çıxışlar edir. “CityBee” və “Bolt” şirkətlərində yüksək vəzifələrdə çalışmaqla yanaşı, Lukas Yla gənc sahibkarlara və startap komandalarına mentorluq edir. O, əsasən məhsulun bazara çıxarılması, istifadəçi təcrübəsi və markanın düzgün mövqeləndirilməsi istiqamətində məsləhətlər verir.

Hazırda Lukas Yla “Bolt” şirkətində avtomobil paylaşım əməliyyatlarına nəzarət edən direktor (“Director of Carsharing at Bolt”) vəzifəsində çalışır. O, həmçinin “Forbes” jurnalının “30 under 30” Avropa siyahısına daxil edilib ki, bu da onun beynəlxalq səviyyədə tanınmasına səbəb olub.
Ylanın əsas ixtisas sahəsi marketinq strategiyaları və brend inkişafıdır. Onun fikrincə, uğurlu marketinq yalnız reklamdan ibarət deyil, həm də markanın hekayəsini insanların həyatına toxunacaq formada danışmaqdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru