Ağ Evdəki sual - Azərbaycanlı jurnalisti tənqid etməkdə haqlıyıq?
Bu gün, 11:44

Ümumiyyətlə, mövzuya keçməmişdən öncə xatırladım ki, oxuyacağınız fikirlər şəxsi təcrübədən irəli gəlir. İndi yəqin ki, gənclərdən kimsə deyəcək: “Sən nə bilirsən Ağ Ev nədir?” – burda söhbət Ağ Evdə səslənən sualdan gedir. Elə buna görə də girişdə gənc nəsilin diqqətinə çatdırım ki, saç-saqqalımın vaxtından əvvəl rəng dəyişməsində Ağ Evdə media işinin təşkili və mətbuat zalı ilə bağlı az olmayan təcrübəmin də payı var. Hardan baxsanız, 7-8 ay o zala ayaq döymüşəm. Mənə Kommunikasiya mütəxəssisi kimi formalaşmağımda bu təcrübənin böyük təsiri olub.
Gələk hadisə ilə bağlı səslənən bəzi reaksiyalara:
1. Jurnalistin ingilis dili səviyyəsi tənqid olunur;
2. Sualın düzgün qurulmadığı bildirilir;
3. Erməni jurnalistin verdiyi sualın daha “tutarlı” olduğu iddia olunur;
Baş vermiş hadisəyə ədalətli reaksiya vermək üçün əvvəlcə tədbirlərdə jurnalistlərin iştirakı məsələsinə diqqət etmək lazımdır.
Belə yüksək səviyyəli tədbirlərdə iştirak edən jurnalistlər iki kateqoriyaya bölünür:
1. Nümayəndə heyəti ilə gələrək heyətin içində təmsil olunan jurnalistlər;
2. Müstəqil təşəbbüslə iştirak edən jurnalistlər.
Təbii ki, nümayəndə heyəti ilə gələn jurnalistlər bir komandanın tərkib hissəsidirlər və orada səslənən fikirlər heyətin maraqlarına uyğun olmalıdır. Bəzən heyət diplomatik mübarizə aparır və sərt suallar lazımdır, bəzən isə əksinə. Sözügedən tədbirdə nümayəndə heyətimizin statusuna baxdıqda aydın olur ki, Azərbaycan qalib ölkə olaraq sülh prosesində diqtə edən tərəf kimi mövcud nəticədən razıdır, Dünyanın Super Dövlətinin başçısı Donald Tramp özü Azərbaycanın maraqlarına uyğun olan bir müqavilənin qarantı kimi çıxış edir, bununla da ABŞ-la mütəffiqliyi daha da möhkəmlənməklə yanaşı regiondakı sülhün təminatını qazanır, yəni Azərbaycan üçün cavabsız qalan sual yoxdur. Buna görə də belə məqamda verilən sual qarşı tərəfi çətin vəziyyətə salmaq və ya hansısa strateji məsələni dəqiqləşdirmək məqsədi daşımır.
Xanımın sualı isə ABŞ prezidentinin ölkəyə səfər planı ilə bağlı idi. Bəs, o sual vacib idimi? Suala ehtiyac olub-olmaması barədə kənardan fikir bildirmək asandır, amma əmin olun ki, nümayəndə heyəti ilə gedən şəxsin verdiyi hər sual müəyyən məqsədə xidmət edir.
Təsəvvür edin ki, həmin suala cavab olaraq dünyanın super dövlətinin başçısı “Bəli, tezliklə Azərbaycana səfər etmək niyyətindəyəm” desəydi, bu bəyanatın effekti necə olardı? Bunun həm iqtisadi, həm də siyasi təsirini təsəvvür etmək ki asandır.
Haşiyə çıxaraq qeyd edim ki, Azərbaycanlı jurnalistlər də beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarına uyğun çox uğurlu suallar veriblər və verirlər də. Hətta nümayəndə heyətimiz həmin sualların hazırlanmasında və ünvanlanmasında jurnalistlərimizə dəstək də olur.
İngilis dili məsələsi. Xanımın verdiyi sual kifayət qədər aydın idi. Sosial şəbəkədə olan ləhcə və aksent müzakirəsi əslində yersizdir. İngilis dili dünyanın hər yerində fərqli aksentlə danışılır – Boston, Nyu-York, Kaliforniya və hətta “Kürdəmir aksenti” də var. Əsas odur ki, sual başa düşülsün. Üstəlik, peşəkarlıq baxımından jurnalistin sual verməsi üçün mütləq dil bilməsi şərt deyil, məqsəd sualı ünvanlamaqdır. O, sualı işarələrlə də izah edə bilər. Sizə kim deyib ki, sual vermək üçün dili mütləq bilmək lazımdır?!
Gələk Donald Trampın reaksiyasına. Tramp yalnız bu suala yox, ümumiyyətlə həmin mətbuat konfransında bir çox suala fərqli, özünə məxsus xüsusi peşəkarlıqla yanaşdı. Sualın məzmunundan çox, vermək istədiyi mesaja fokuslandı. Bu, peşəkarlıq nümunəsidir, cavabın hansı təsiri yaradacağını bildiyi üçün sualdan ustalıqla yayındı. Yenə qeyd edirəm, təkcə bu suala yox, bir çox suala belə yanaşdı. Bu, media qarşısında çıxış bacarıqlarında vacib nüansdır və Trampın bu “master klass”ı kamera qarşısında işləyən rəsmilər üçün misilsiz dərs olmalıdır.
Erməni jurnalistin sualına gəlincə, onu “daha peşəkar” adlandırmaq özü birazca qeyri-peşəkarlıqdır. Çünki həmin sual birbaşa Ermənistanın maraqlarına xidmət edirdi. Əgər o sualı Ermənistan mövqeyindən qiymətləndirsən, “tutarlı” görünə bilər.
Amma xüsusi fokuslanmalı olan məsələ isə Ermənistan Baş nazirinin özünün həmin suala cavab verməməsi, onun da tamam başqa nüansa toxunmasıdır.
Sülh razılaşmasının imzalanması ölkəmizə və regiona böyük müsbət təsirlər verməklə yanaşı, kommunikasiya menecerləri üçün də öyrəniləsi dərslər verdi. Sözügedən tədbir həm Donald Trampın, həm də İlham Əliyevin kommunikasiya alətlərindən istifadə taktikaları baxımından başdan-başa bir dərs idi.
Azər Nəzərov
PR mütəxəssisi
TEREF