Elmira Axundovanın oğlunun cəbhəsindən CAVAB
16-07-2015, 23:17
Modern.az saytı ötən günlərdə iş adamı Fərman Məmmədovun deputat Elmira Axundovanın oğlu ilə bağlı iddialarını və deputatın oğlu Həbib Axundovun ona cavabını dərc etmişdi.
Bundan sonra vaxtilə Beynəlmiləl Döyüşçülər Şurasının üzvü olmuş və orada Fərman Məmmədovla birlikdə çalışmış jurnalist Lalə Yusifova redaksiyamızla əlaqə saxlayaraq, onun barəsində bəzi məlumatlar təqdim edib.
O, qeyd edib ki, Fərman Məmmədovla bir vaxtlar eyni yerdə çalışıb: “Fərman Məmmədovla 1988-90-cı illər hadisələrində tanış olduq. O illərdə meydanlara çoxlu insanlar toplaşmışdı və aralarında vaxtilə Əfqanıstanda döyüş yolu keçmiş soydaşlarımız da var idi. Həmin vaxt orada bir çoxları ilə, o cümlədən də Fərmanla tanış oldum. Biz Azərbaycan SSR-in Belnəlmiləl Döyüşçülər Şurasını yaratdıq. Onda Fərmanın 21-22 yaşları olardı və ara-sıra təşkilata gəlib gedirdi. Bir müddət sonra müharibə başladı, Əfqanıstan veteranlarının əksəriyyəti Qarabağ hadisələri ilə bağlı cəbhəyə getsə də, Fərman müharibədən yayındı”.
L.Yusufova qeyd edir ki, Şura yaradıldıqdan bir müddət sonra Fərmandan uzaqlaşıb:
“O zamanlar hərəkətləri xoşuma gəlmədi. Artıq müharibədə atəşkəs elan olunmuş, Əfqanıstan veteranları Qarabağ döyüşlərində ya həlak olmuş, ya da yaralanıb geri qayıtmışdılar. Fərman əvvəllər sadə bir fəhlə ailəsinin nümayəndəsi kimi davranırdı. Amma sonra onda özündənrazılıq formalaşdı, özünü sədr kimi aparmağa, işçilərə isə yuxarıdan aşağı baxmağa başladı. Kiməsə kömək etmək, yaxşılıq etmək hissi yox idi. O, icraçı idi, yəni təşkilatçılıq, təşəbbüskarlıq xüsusiyyətlərinə malik deyildi. Belə demək mümkündürsə, hazır işin üstünə oturmaq, hazır olanı mənimsəmək, ələ keçirmək, özününküləşdirmək onun xarakterik xüsusiyyəti idi.
Bir müddət sonra bu xüsusiyyətlər özünü biruzə verdi. Belə ki, 1990-cı illərin əvvəllərində Ayaz Mütəllibov Əfqanıstan döyüşçülərinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə bu təşkilata 2 daş karyeri, Abşeronda bağ sahələri, Qəbələdə pioner düşərgəsi və üzərində tikililəri, 2 maşın və ofis olan şəhər mərkəzində yer ayırmışdı. Məhz bu mülklərin əksəriyyəti bir müddət sonra Fərmanın əlinə keçdi və onları özününküləşdirdi.
Həbib Axundovun Fərmanın ittihamlarına verdiyi cavab həqiqəti tam əks etdirir və onları təkrarlamağa lüzum görmürəm.
İndi isə Fərman 500 mindən çox puldan söhbət edir. Mənə maraqlı olan odur ki, 20 il rəsmən heç yerdə işləməyən və bizneslə normal məşğul ola bilməyən bir insanda külli miqdarda vəsait hardandı? Bu qədər pulu heç bir sənəd-sübutsuz kiməsə, hətta deputat oğlu olsa belə, vermək olarmı? Öz aramızdı, axı bu gülməlidir, heç inandırıcı deyil. Belə məbləğlər borca və ya faizə notarial qaydada verilir. Həm də Fərman yetəri qədər təcrübəli, dünyagörmüş 50 yaşında adamdır, buna görə də onun gənc bir adama bu məbləği verməsinə şübhə edirəm. Əgər veribsə, bu məbləği geri qaytarmaq üçün niyə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmir? Bildiyim qədər Həbib Axundov bunu dəfələrlə ona məsləhət görüb. Lakin bu işlə əlaqədar Həbib Axundov da daxil olmaqla bütün zərərçəkənlər rəsmi qaydada Bakı şəhər Baş Polis İdarəsinə müraciət etsələr də, Fərman bundan imtina edir, istintaqa izahat verməkdən yayınır, bunun əksinə olaraq Axundovlar ailəsini mətbuatda ləkələməkə məşğuldur. Azərbaycan hüquqi dövlətdir, əgər bu qədər pulu borca veribsə, məhkəməyə şikayət edib haqqını tələb etsin. Əminəm ki, həmişə olduğu kimi, bu işdə də Fərmanın nəsə fırıldağı var.
Həmçinin Fərmanın yazılarında ikrah hissi doğuran digər məqam qarşı tərəfin icazəsi olmadan millət vəkili Elmira Axundovanın ailə üzvlərinin, xüsusən də gəlini və nəvəsinin şəklini saytlarda yayması idi. Axı bu heç bir əxlaq, mənlik, kişilik normalarına sığmır. Bundan əlavə, belə əməllər qanunla qadağandır, hətta 2009-cu ildə hamımızın referendumla Konstitusiyanın 32-ci maddəsinə etdiyimiz dəyişiklikdə açıq-aydın qeyd olunur ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Göründüyü kimi, əxlaq normalarından əlavə, hüquq normaları da bu cür hərəkətləri qadağan edir. Mən əminəm ki, hər kəs törətdiklərinə görə qanun qarşısında öz cəzasını alacaq.
O ki qaldı Elmira Axundovanın peşəkarlığı, nəhəng jurnalistik fəaliyyəti barədə əsassız və gülünc iddialara, AzTV-də çəkilən filmin müəllifi və onun fəaliyyətini yaxından araşdıran şəxs kimi deməliyəm ki, mən Elmira xanımın peşəkarlıq xüsusiyyətlərinə, vətənpərvərlik hisslərinə dərindən bələdəm. Tam məsuliyyətlə deyirəm ki, Elmira Axundovanın Azərbaycan dövləti qarşısında xidmətləri, milli publisistikanın inkişafı sahəsindəki fəaliyyəti misilsizdi. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə Elmira Axundovanı “Şöhrət” ordeni ilə təltif edərkən ona göndərdiyi məktubda yaradıcılıq fəaliyyətinə ən yüksək qiyməti vermişdi. Həmin məktubda Elmira Axundovanın “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri olarkən, eləcə də Rusiya KİV-lərində çalışarkən Azərbaycanı həmişə ləyaqətlə təmsil etməsi, "Azadlıq" radiosunun müxbiri kimi çoxillik fəaliyyətində isə Azərbaycanın milli maraqlarının qorunması naminə göstərdiyi xidmət, xarici mətbuat orqanlarındakı cəsarətli çıxışları ilə beynəlxalq ictimaiyyətin diqqətini erməni təcavüzünə, qaçqınlarımızın problemlərinə yönəltməsi çox yüksək qiymətləndirilib.
Fərman Məmmədovun iddialarının əksinə olaraq Elmira Axundovanın onlarla yox, yüzlərlə məqaləsi, oçerkləri, Rusiya və xarici KİV-lərdə dərc edilib. Axı ümummilli liderin bu qədər yüksək qiymətləndirdiyi bir şəxsin fəaliyyətini Fərman Məmmədovun müzakirəyə çıxarması həm gülməli, həm də ağlamalıdı”.
Qeyd edək ki, iş adamı Fərman Məmmədovun millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun ondan 575 min manat götürməsi ilə bağlı mediaya açıqlamalar verib, həmçinin H.Axundovun və ailə üzvlərinin şəklini bütün KİV-lərdə yayıb. Elmira Axundova və oğlu Həbib Axundovun mediaya açıqlamalarında pul ilə bağlı xəbərin əsassız və yalan olduğunu dilə gətirilib.