“MTN işi”ndə şok qərar - hakim zorla alınan pulu rüşvət saymır, bəs nəyi sayır?

5-08-2017, 10:14           
“MTN işi”ndə şok qərar - hakim zorla alınan pulu rüşvət saymır, bəs nəyi sayır?
Əkrəm Həsənov: “Zərərçəkənlərə tövsiyəm odur ki, Avropa Məhkəməsinə qədər getsinlər”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılan hökmdən zərərçəkənlər də, onun özü də narazıdır.

Xatırladaq ki, Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 4 maddəsi - (182.3.2) mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə, (294.3) sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqda cinayət işi üzrə sübutları saxtalaşdırma, digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma, (311.3.4) qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, (341.2.3) bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə maddələri ilə ittiham olunaraq həbs edilmişdi və barəsində ittihamı təsdiqləyən hökm verilib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətizdirib (başına torba keçirilən kim, gecə yarısı evindən hay-küylə, qışqır-bağırla oğurlanan kim, küçədə döyülərək, alçaldılaraq aparılan kim), hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib. 1 ilə yaxın davam edən məhkəmə araşdırmalarından sonra Bakı Hərbi Məhkəməsi Vüsal Ələkbərovun barəsində ittihamı təsdiq edən hökm çıxardı - 12 il müddətinə azadlıqdan məhrum olunması, polkovnik rütbəsindən azad edilməsi və ona, həyat yoldaşı Şəhla Ələkbərovaya məxsus Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlaklarının müsadirəsi nəzərdə tutulur.

Məhkəmə cinayət işində zərərçəkmiş kimi tanınan və mülki iddiaçı kimi çıxış edən şəxslərin Vüsal Ələkbərova qarşı - Nizami Kazımovun 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddialarını təmin etməmişdi. Hökmdə yazılıb ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin edilmir.

Zərərçəkmişlər hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin olunması üçün apelyasiya şikayəti veriblər. V.Ələkbərovun vəkilləri də hesab edirlər ki, müvəkkilləri barəsində bəraət hökmü çıxarılmalıdır.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın ətrafına daxil olan V.Ələkbərovun barəsində çıxarılan hökmlə tanış olanlar hakimlərin ədalət hissinə böyük şübhə ilə yanaşırlar. İttihamda yazılır ki, Vüsal Ələkbərov mütəşəkkil dəstənin tərkibində iş adamlarının külli miqdarda əmlakını əldə etmək məqsədilə hədə-qorxu gəlib, hədə-qorxu tətbiq olunmaqla rüşvət alıb, xüsusilə ağır cinayətlər haqda cinayət işi üzrə sübutları saxtalaşdırıb, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə edib.

Məhkəmə də araşdırıb və belə nəticəyə gəlib ki, bəli, Vüsal Ələkbərov bu cinayətləri törədib və barəsində müvafiq olaraq ittihamedici - yəni ittihamı təsdiqləyən hökm çıxarıb. Hökmlə təsdiq olunub ki, iş üzrə zərərçəkənləri MTN-ə aparıblar, barələrində cinayət işləri başlayacaqları hədəsi ilə rüşvət tələb ediblər. Zərərçəkənlərin də rüşvəti verməkdən başqa yolları olmayıb. İncə məqam odur ki, qanun həmin o zərərçəkənlərin həm də iş üzrə mülki iddiaçı olmalarına imkan verir. Onlar da bu hüquqlarından istifadə edib Vüsal Ələkbərova qarşı mülki iddia qaldırıb onlara vurduğu ziyanı tələb edirlər. Məhkəmə bir tərəfdən ittihamı təsdiqləyir, digər tərəfdən isə mülki iddiaları rədd etməklə ittihamı təkzib edir.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, ittihamdan görünür ki, iş üzrə zərərçəkənlərdən pullar zorla alınıb. Yəni onlara hədə-qorxu gəlinib: “Həmin zərərçəkənlərin vəziyyətinə hər kəsi sala bilərdilər. MTN-ə aparıb hədələyər, günlərlə ac-susuz saxlayıb döyər, sonda da pulunu alıb buraxa bilərdilər. Üstəlik, hədələyərdilər ki, bu haqda heç kimə heç nə demə. Bizdən də şikayət etmə. Məsələn, iş adamına gəlib deyə bilərdilər ki, filan qədər verəcəksən. İş adamı da həmin pulu verməkdən imtina edə bilərdi. Onu tutub MTN-ə aparar, ittihamsız-filansız saxlaya, hədə-qorxu gələ bilərdilər. Deyə bilərdilər ki, səni öldürəcəyik. Belə hədələrin qarşısında heç həmin müstəntiqin özü da dayana bilməzdi, ondan tələb olunan pulu ordan-burdan da olsa tapıb verərdi. Bunu rüşvət hesab etmək, yumşaq desək, qanunları kənara qoymaqdır. Faktiki olaraq iş üzrə zərərçəkənlərin pullarını zorla, hədə-qorxu ilə əllərindən alıblar. Bu fakt ortalıqdadır. Ona görə də zərərçəkənlər pullarını almaq üçün sona qədər mübarizə aparmalıdırlar”.

Ə.Həsənov hesab edir ki, belə hökmlərin ortaya çıxması ilə ölkədəki hüquq təhsilinin birbaşa əlaqəsi var: “12 ildir ki, Azərbaycanda 1 dənə də olsa hüquq sahəsinə aid kitab yazılmayıb! Hakimlərin, hüquqşünasların, vəkillərin hüquqi savadı çox aşağı səviyyədədir. Amma bəzi hallar var ki, orada hüquqi savada ehtiyac yoxdur. Məsələ çox konkretdir, ittihamda da yazılıb ki, adamları MTN-ə aparıb günlərlə saxlayıblar və bu məhkəmədə sübut olunubsa, deməli, həmin adamların MTN-ə aparılmasında niyyət də elə onlardan hədə-qorxu ilə mal-mülk, pul tələb etmək, almaq olub. Burada dərin hüquqi savad lazım deyil. Əlbəttə ki, hakimlərin hüquqi savadsızlığı da var, xeyli hallarda qanunsuzluqları və ədalətsizlikləri də yox deyil”.

Hüquqşünas zərərçəkənlərə tövsiyə edir ki, sona qədər mübarizə aparıb haqlarını tələb etsinlər: “Azərbaycan məhkəmələrində korrupsiya var. İri məbləğli iddiaları elə belə təmin etmirlər. O da mümkündür ki, iş üzrə zərərçəkənlər Azərbaycanda bu məsələlərin mövcudluğundan xəbərsiz olublar. İş üzrə zərərçəkənlərə tövsiyəm odur ki, mütləq Avropa Məhkəməsinə qədər getsinlər. Onların mülkiyyət hüququ, ədalətli məhkəmə araşdırması hüququ pozulub. Onların bu hüquqlarını pozan da dövlət məmurlarıdır. Avropa Məhkəməsində bu işin perspektivi var”.

E.MƏMMƏDƏLİYEV

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.