Vəkil Yavər Camalovun qardaşının şərikinə bəraət istədi
9-08-2017, 13:28
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəri məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib.
Vəkil işə məhkəmə istintaqı yenilənməklə baxılmasını və müdafiə etdiyi şəxsə bəraət hökmü çıxarılmasını istəyib.
Bildirək ki, prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, S.Nəbiyev Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.