Təhsildə daha bir dezinformasiya
16-10-2017, 09:53
Azərbaycanda son illər çoxsaylı müasir orta məktəblərin və uşaq baxçalarının tikilib istifadəyə verilməsi hökumətin təhsilimizə qayğısının əyani göstəricisidir. Təhsilin inkişafı üçün bütün mümkün şəraitin yaradılmasını bu gün Azərbaycanda qənaətbəxş hesab etmək olar və bunu yüksək qiymətləndirmək lazımdır. Ölkənin gələcək inkişafı üçün gənc kadrların yetişdirilməsi və təlim tərbiyəsi ölkə Prezidenti cənab İlham Əliyevin təhsil işçiləri qarşısında qoyduğu həlli vacib olan ən mühüm məsələlərdən biridir.
Gənc nəslin inkişafı üçün güclü elmi metodiki baza və yüksək səviyyəli dərs vəsaitləri hazırlanmalıdır. Bunun üçün Təhsil Nazirliyi savadlı kadr potensialına malik olmalıdır. Lakin son illər təhsil Nazirliyinin hazırladığı dərs vəsaitlərində və digər metodiki vəsaitlərin çapında yol verdikləri ciddi nöqsanlar, bu istiqamətdə çalışan Nazirlik əməkdaşlarının hazırlıq səviyyəsini şübhə altına alır.
Təhsil Nazirliyi tərəfindən çap edilən tədris vasitələrində Azərbaycan həqiqətlərinin təhrif edilməsi və bu fəaliyyətin mütəmadi hal alması, çap prosesi zamanı buraxılan “texniki səhv” anlamına gəlməməlidir. Bu Təhsil Nazirliyində mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən bir qrupun Azərbaycan Dövlətçiliyini gözdən salmaq, Azərbaycan həqiqətlərini təhrif etmək üçün məqsədli şəkildə dezinformasiya yayılması kimi qiymətləndirilməli və bu işlərə cavabdeh olan şəxslər məsuliyyət daşımalı və cavab verməlidirlər.
Bu gün mənim diqqətimi cəlb edən “MÜƏLLİMİN PROQRAM DƏFTƏRİ” oldu. Bu vəsait Təhsil Nazirliyi tərəfindən hazırlanan və bütün kitab satış müəssisələrinə paylanan 2017 – 2018-ci dərs ilinə aid kurikulum əsasında nəfis şəkildə hazırlanmış proqramdır. Bu vəsaitin sonuncu vərəqində “İşğal altında olan ərazilərimiz” rubrukası altında qalan ərazilərimizdəki şəhər və rayonlar haqqında məlumatlar yerləşdirilib. Bu məlumatlarda rayonların işğal tarixindən başqa bütün məlumatlar təhrif edilib: Beləki Xankəndi şəhərinin sahəsi 8 km² göstərmək əvəzinə şəhərin ərazisi azaldılaraq 0,008 min km2 yazılmışdır. Xankəndi şəhərində 1 Tarixdiyarşunaslıq muzeyi və 1Şəkil qalareyası var. Xocalı rayonunun da sahəsi azaldılaraq 0,97 min km2 göstərilmişdir. Halbuki Xocalı rayonunun faktiki ərazisi 936 km² -dir. Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 26 fevral 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Xocalının dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 28, qeydiyyatdan kənarda qalan abidələrin sayı isə 242-dir. Şuşa rayonunun sahəsi təhrif edilərək 0,29 min km2 , bir şəhər və 31 kənd, 265 tarix və mədəniyyət abidəsi və muzey göstərilib. Faktiki olaraq Şuşa rayonunun sahəsi 289 km²-dir. 26 noyabr 1991-ci ildə DQMV ləğv edildi. O dövrdə Şuşaya şəhər statusu verildi rayonunun kəndləri Xocalı rayonuna təhkim edildi. Nazirlər Kabinetinin 132 saylı sərəncamı ilə təsdiq edilmiş, Mədəniyyət və Turizm Nazirliyinin 2001-ci ildə buraxılmış kataloqunda Şuşa şəhəri ərazisində tarix və mədəniyyət abidələrinin sayı 217 göstərilir, qeydiyyatdan kənarda qalmış abidələrin sayı 1000-dir. Şuşada muzeylərin sayı 8-dir.
Laçın rayonunun da ərazisi təhrif edilərək 1,84 min km2, qəsəbə və kəndlərinin sayı 36, abidələrin sayı isə 12 rəqəmi ilə ifadə olunmuşdur. Faktiki olaraq rayonun ərazisi 1.840 km2, inzibati yaşayış mərkəzləri: 1 şəhər, 1 qəsəbə, 125 kənd, Dövlət qeydiyyatında olan 71 tarix və mədəniyyət abidəsi, qeydiyyatdan kənarda qalmış abidələrin sayı 400, muzeylərin sayı isə 2, şəkil qalareyasının sayı birdir.
Xocavənd rayonunun da haqqında olan məlumatlar təhrif edilmişdir. Beləki ərazisi 1,46 min km2, kənd və qəsəbələrin sayı 19, abidələrin sayı 15 göstərilmişdir. Faktiki olaraq 26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Dövlət qeydiyyatında olan abidələrin sayı 86, qeydiyyatdan kənarda qalan abidələrinin sayı 310- dur.
Kəlbəcər rayonu haqqındada verilən məlumatlardada təhriflərə yol verilmişdir beləki rayonun ərazisi 3,05 min km2, əhalisinin sayı 69,1 nəfər, abidələrin sayı 87 rəqəmi ilə ifadə olunmuşdur. Əslində isə AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən de-yuri rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir. Ərazisi 1936 km², dövlət qeydiyyatında olan abidələrinin sayı 80, qeydiyyatdan kənarda qalan abidələrin sayı 150-dir. Kəlbəcərdə 30 min eksponatı olan bir tarixdiyarşunaslıq muzeyi olub.
Ağdərə rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri; Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. Ərazisində 87 tarix və memarlıq abidəsi və 1 muzey var. 1979 – cu ilin statistikasına görə əhalisinin sayı 44 586 nəfər olub.
Ağdam rayonu haqqında məlumatlarda da ciddi nöqsanlara yol verilmişdir. Beləki ağdamın ərazisi 1,15 min km2, əhalisi 158,9 nəfər, abidələrinin sayı 27 göstərilib. Faktiki olaraq Ağdam rayonunun ərazisi 1 154 km², əhalisi 197 700 nəfər, dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 140, muzeylərin sayı 4-dür. Qeydiyyatdan kənarda qalan abidələrinin sayı hələlik məlum deyildir.
Cəbrayıl rayonu haqqında məlumatlar bu cür təhrif edilmişdir. Ərazisi 1,05 min km2, əhalisi 62,1 nəfər, 27 tarixi abidə, 1 şəhər 90 qəsəbə və kənd göstərilmişdir. Faktiki olaraq ərazisi 1 049.8 km² , əhalisinin sayı 76600 nəfərdir. AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir. Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 93, muzeylərin sayı 1-dür. Qeydiyyatdan kənarda qalan abidələrinin sayı hələlik məlum deyildir.
Füzuli rayonu haqqında məlumatlar isə bu cür təhrif edilərək: Ərazisi 1,39 min km2, əhalisi: 140,9 min nəfər, 1 şəhər 54 qəsəbə və kənd, 15 tarixi abidə göstərilmişdir. Faktiki olaraq, Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 71, muzeylərin sayı 1-dür. Qeydiyyatdan kənarda qalan abidələrinin sayı hələlik məlum deyildir.
Qubadlı rayonu haqqında məlumatlar təhrif edilərək bu cür göstərilmişdir: Ərazisi 1,37 min km2, əhalisi: 34,1 nəfər, tarixi abidələrin sayı 12, 1 şəhər 93 qəsəbə və kənd. Faktiki olaraq Qubadlının ərazisi 802 km² , əhalisi 40,2 min nəfər (1 yanvar, 2017-ci il) . Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 67, muzeylərin sayı 1-dür. Qeydiyyatdan kənarda qalan abidələrinin sayı hələlik məlum deyildir.
Zəngilan rayonu haqqında məlumatlar isə bu cür təhrif edilərək: Ərazisi 0,71 min km2, əhalisi: 36,1 min nəfər, 13 tarixi abidə qeyd olunmuşdur. Faktiki olaraq Zəngilan rayonunun ərazisi: 707 km², Əhalisi: 42707 nəfər, 1 şəhər 81 qəsəbə və kənd olub. Dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 56, muzeylərin sayı 2-dir. Qeydiyyatdan kənarda qalan abidələrinin sayı hələlik məlum deyildir. Təhsil Nazirliyinin əməkdaşları bu cür proqram və metodik tövsiyələr tərtib edərkən, məqsədli şəkildə belə əsassız məlumatları, tövsiyə xarakterli vəsaitlərin içərisinə yerləşdirməklə bilərəkdən maarifçilik işində çaşqınlıq yaradır və Azərbaycan həqiqətlərinin üzərinə kölgə salırlar.
Faiq İsmayılov
AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı,
Azərbaycan Memarlar İttifaqının üzvü,
Azərbaycan Abidələri Mühafizə Təşkilatı ictimai birliyinin sədri