"...Müşfiqi Səməd Vurğun güllələtdirib" - Sərdar Cəlaloğlu
19-10-2017, 11:05
Sabiq baş prokuror məşhur şairi tənqid edənlərə cavab verdi; “... Müşfiqi o güllələtdirib”
Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun kulis.az-a verdiyi müsahibə geniş müzakirələrə səbəb olub. İ.İsmayılov S.Vurğunu ittiham edənlərə politoloq Hikmət Hacızadə başda olmaqla, sərt reaksiya verərək deyib:
"Sənin nə işin var Səməd Vurğunla? Səməd Vurğun Bağırovdan xahiş eləmişdi ki, Mikayıl Müşfiqi əfv etsin, demişdi, onu öldürmək olmaz, çox istedadlı şairdir. Bağırov da deyir, buna bax, gör kimin bağışlanmağını istəyir. Yazmışdılar ki, Mikayıl Müşfiqin qətlində Səməd Vurğunun əli olub. Mən də eləmədim tənbəllik, arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb etdim. Gördüm ki, Müşfiqin müdafiəsinə qalxıb, əməlli-başlı tərəfini tutub onun".
Xalq şairini tənqid edən şəxslərin sırasında hər zaman ADP sədri Sərdar Cəlaloğlu öndə gəlir. Partiya sədri sabiq baş prokurorun dediklərinə “Yeni Müsavat”da bu cür şərh verdi: “Səməd Vurğunun şəxsi fəaliyyəti və ədəbi yaradıcılığı ilə bağlı heç vaxt fikir deməmişəm. Sadəcə olaraq, onun barəsində iki əhəmiyyət daşıyacaq fikir söyləmişəm. Sonradan bu, cəmiyyətdə başqa cür hallandırıldı. Mən ”Vaqif" dramını və Bakı komissarlarına həsr olunmuş “ 26-lar” poemasının təhsildən çıxarılmasını, qapalı ədəbiyyat siyahısına salınmasını təklif etmişəm. Çünki bu iki əsər nə qədər bədii cəhətdən zəngin, dil, şeiriyyət baxımından gözəl olsa da, siyasi baxımdan Azərbaycan dövlətçiliyi üçün həddən artıq ziyanlıdır. Səməd Vurğun SSRİ Yazıçılar İttifaqının III qurultayındakı çıxışında deyib ki, mən 5-6 vətən xainini, xalq düşmənini ifşa etmişəm, düşünürəm bu azdır. Gələnilki beş illikdə daha çox xalq düşmənini ifşa edəcəm. Bunları Vurğun öz dili ilə deyib. Ola bilsin ki, İlyas müəllim Mikayıl Müşfiqin istintaqı ilə bağlı sənədlərə baxsın. Müşfiqin necə öldürülməsi hələ məlum deyil. Müxtəlif fikirlər səslənir. Amma ortada bir fakt yoxdur. Müşfiqin həbs olunması ilə bağlı nə dərəcədə faktlara inana bilərik ki, orada Vurğunun, yaxud başqalarının donosu olub-olmayıb. Deməmişəm ki, Müşfiqi Səməd Vurğun güllələtdirib. Müşfiqin həbsi və öldürülməsi ilə bağlı konkret faktlar yoxdur. O zaman Azərbaycan ziyalıları repressiyalara məruz qalarkən bəzi faktların gizlədilməsinə çalışıblar. Amma Vurğunun öz yaradıcılığı var. Orada xalq düşməni elan olunmuş və ya elan olunmağa namizəd olan şəxslərlə bağlı onun şeirləri var. Hüseyn Cavid haqqında 6-7 bəndlik təhqir dolu şeiri var. Eləcə də Əhməd Cavada şeir həsr edib. Məsələn, Cavid haqqında yazır ki, sən sultanların, xanların qabının dibini yaladın, sən ölməmişdən qabaq yaradıcılığın öləcək, sən xalq düşmənisən. Əhməd Cavad və Sanılı haqqında yazır ki, mən nə Sanılıyam, nə də Cavadam, mən onlara düşmənəm, onlara yadam. Onun repressiya illərində sovetin bu siyasətini müdafiə edən yüzlərlə şeiri var. Açığı, onun adının tez-tez hallandırılmasının tərəfdarı deyiləm. Səməd Vurğunun yaxşı şeirlərini öyrənmək lazımdır. Amma ziyanlı şeirlərini ədəbiyyatdan çıxarmalıyıq. Onun kimlər haqqında donos yazıb-yazmaması, yaxud kimlərin üzünə durub-durmaması artıq tarixdə qalıb. Hər bir insan onsuz da öz əməlinə görə Allahın qarşısında cavab verir".
ADP sədri Vurğunun “Rəhbərə salam” şeiri barədə də qalmaqala səbəb olacaq açıqlamalar səsləndirdi: “Bu şeirdən Stalinin adı çıxarılıb. Azərbaycan şeiri üç dəfə dəyişdirilib. Orada belə bir cümlə də var. ”Partiyanın eşqisən, güləcəksən, güləcəksən, hər bir zaman Azərbaycan". Hətta dəyişilməmişdən əvvəl belə bir cümlə də olub. “Stalinin eşqiləsən, güləcəksən Azərbaycan”. İndi də partiya sözünü çıxarıb başqa şey qoyublar. Yəni Vurğunun bir şeiri üç dəfə dəyişdirilib. “Rəhbərə salam” şeiri başda olmaqla, bir çox şeirləri sonradan redaktə olunub, ədəbiyyata da başqa cür salınıb. Amma bunlar həmin dövrdə Vurğunun şeir yazmadığını, bunları etmədiyini sübut etmir. Onun bəzi şeirlərinin hətta plagiat olması barədə iddialar var. Məsələn, “Ceyran” şeiri Aşıq Ələsgərdən götürülüb, “Azərbaycan” şeiri əslinə qalsa Əhməd Cavadın 1919-cu ildə çap olunan kitabında var. Bu şeirin üzərinə bir balaca əl gəzdirib öz şeiri kimi təqdim edib. Bunların araşdırılmasına böyük ehtiyac var. Mən, sadəcə, siyasi cəhətdən iki əsəri tənqid edirəm. Səməd Vurğunun kimi satdığı, üzünə durduğu öz işidir".