Qərbi Azərbaycan Xronikası: "Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər"VİDEO

Bu gün, 15:28           
Qərbi Azərbaycan Xronikası:
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Yeməkxanalarda türk olduğumuz üçün yemək vermirdilər" adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Acıbac kənd sakini Mübariz Qənbərovun həyat hekayəsinə həsr olunub.

O, 1968-ci ildə doğulduğunu, ailədə 6 uşaq olduqlarını, uşaqlıq və gənclik illərinin dağlarda, bulaqlarda, yaylaq və biçənəklərdə keçdiyini deyib: "Biz uşaq vaxtında qoyun nobatına, quzu növbəsinə getmişik. Acıbac kəndi qədim türk kəndi olub. Burada müəyyən tayfalar olub. Kəndin bünövrəsini bizim Qənbərli nəsli qoyub. Qədim alban abidəsini ermənilər taxıl anbarı etmişdilər. Ermənilər ora xaç işarəsi qoyub, başqa yerdən gətirdikləri böyük saldaşların üstünə 1141-ci il yazımışdılar. Onun sözlərinə görə, orta məktəb illərində rayonda olimpiadalara qatılıb: "Bizə qarşı münasibət pis olurdu. Azərbaycanlılar fizika, riyaziyyat üzrə olimpiadada birinci yerə çıxdığı halda, onlara birinci yer yox, ikinci yeri verirdilər. Rayon tədbirlərində ancaq türklərə qarşı söhbətlər gedirdi. Bufetdə bizə yemək vermirdilər. Onlar sovet hökumətinin dövründə türklərə qarşı aqressivlik edirdilər. Ermənilər kəndə gəldikləri maşınlarda avtomat və patron olurdu. Ermənilər orada bizim təhsilimizi məhv etmişdilər, İkinci Dünya müharibəsi başlayanda kəndin bütün müəllimlərini müharibəyə göndərmişdilər. Heç kim geri qayıtmadı. Aprelin 24-də hər il rayonda azərbaycanlılarla ermənilər arasında böyük dava düşürdü. Bizə qarşı təhqiramiz sözlər işlədirdilər".

1918-ci ildə Andranikin Acıbaca hücumu zamanı böyük qırğınlar törədildiyini söyləyən M.Qənbərov bildirib ki, 1988-ci ildə ermənilər artıq aqressiv olmağa başladılar: "Vəziyyət daha da pisləşdi. Hərbçilər olmasa, bəlkə də bizim Qafanda qabağımızı kəsib, maşını yandırardılar. Biz Ermənistandan çıxanda artıq Ermənistanda zəlzələ baş vermişdi. Ermənilər istəyirdi orada münaqişə olsun. Əllərində avtomatla gəlib camaatı ələ salıb, toyuqları, inəkləri 30 qəpiyə alırdılar. Ona görə də çox adam mal-heyvanı dağa buraxmışdı. Hərbçilərin köməyi ilə Zəngilana gəldik, bir müddət orada qalandan sonra Bakıya gəldik".

Acıbac kənd sakini Vətənə qayıdış istəyindən də söz açıb: "40 ilə yaxındır Bakı şəhərində yaşayıram, amma öz kəndimdən ötrü darıxıram. Kəndimizin daşları, biçənəkləri, bulaqları, oylaqları, dağları gözümün qabağından getmir. Quşun yuvası olduğu kimi, bizim də öz doğulduğumuz kənd var. Biz gec-tez ora qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.