"Qaldıq dilimizin əlində, göz yaddan çıxdı..." - TV-lərə ustad qulaqburması...
4-11-2017, 11:15
ANS-in vites-prezidenti Mirşahin Ağayev özünün “Facebook” səhifəsində yaydığı “Azərbaycan İnformasiya Məkanı başsız qalıb?!” başlıqlı məqaləsində kütləvi informasiya vasitələrinin, xüsusi ilə də Azərbaycan tele-kanallarının Bakı-Tiflis-Qars layihəsinin açılışını lazımi şəkildə işıqlandırmamasını sərt tənqid edib:
Azərbaycan İnformasiya Məkanı başsız qalıb?!
Dünyanın, Avropanın, bölgənin, xüsusilə AZƏRBAYCANIN həyatında olduqca böyük əhəmiyyətə malik olan Bakı-Tiflis-Qars, Böyük İpək Dəmir yolu açıldı. Ərəfədə bütün telekanallar filologiya fakültəsinə çevrilmişdi, əsnək və qocafəndi müəllimlər, muşdur bəylər və müşdür xanımlar dillərini ekrandan bayıra nə ki var çıxarmışdılar. Babasının kor dedikləri, televiziyadan zərbəçi qəzet qayıraraq gəlib gedənə vurmaqda idilər. Sözü sətirdən sətirə necə keçirmək, dilarxası və dilönü saitlərin xüsusiyyətləri, ədəbi bədii dilimizin əsrarəngizlikləri barədə qrammatika axşamları… Qətiyyətli Dil İnzibatçıları az qala futbol şərhçisinin “Qooooooooool!” nidasından da 2-3 artıq “o” səsini ixtisar etmək üçün Birbaşa Efir Aparat otağına əmrlər göndərirdilər… Və bu total dilbazilik fonunda o boyda Qatar gəlib yanımızdan keçdi. Hər relsi ilə birbaşa efirə layiq olan BTQ Türkiyə, Gürcüstan və Qazaxıstanda, hətta Özbəkistanda ləyaqətli efir həyatı yaşadı, bu hadisəni Birbaşa nümayiş etdirdilər, Türkiyənin (mənim gördüyüm!)3 telekanalı Ərdoğanın da olduğu Xüsusi Təyinatlı Qatarı Ələt stansiyasına qədər Canlı müşayiət etdi. Gürcüstan, Qazaxıstan, Özbəkistan televiziyası da canlı və diri idi.
…Ölü biz olduq. Televiziyalarımız yalnız arayış-protokol janrında çalışdılar. Bir canlı yayım belə olmadı… Niyə? Bu mağmın “təvazökarlıq” kimə lazım idi? Axı bu bizim ən azı Qarabağı qaytarmaq qədər böyük uğurumuz idi. Azərbaycan öz tarixinin ən Qürurlu Beynəlxalq Vaxtını yaşayırdı. Biz isə bu Tarixi Məqamı başqa ölkələrin kanallarından seyr edirdik. Axı şübhəsiz, hansısa möhtəşəm oyunun yayım hüququ kimi BTQ-nin açılışının da yayım hüququ konkret bir və ya bir neçə dövlətə satılmamışdı. Və bu hadisə oyun deyildi… (Azərbaycanın, prezident İlham Əliyevin, müstəqil dövlət siysətinin Şah Əsəri idi… Niyə gedən Qatarın ardınca oturub indi böyük-böyük siyasətşünaslıqlar edirik. Çoxunun etibarlılıq möhləti siyasi-ideoloji fəaliyyətə başlamazdan 3 həftə əvvəl bitmiş keçmiş pert və ya eks-pertlərin əngoloqluğu və ya cəfəngoloqluğu kimə lazımdır??? Mənə bu hadisənin əhəmiyyətini başa salmaq lazım deyil, yoldaşlar!!! Küt deyiləm! Siz mənə hadisəni göstərəydiniz, əhəmiyyətini özüm başa düşərdim! (Fədayə Laçın, Allah yolunuzu açsın, rica edirəm, azadlığa çıxandan sonra bir görüşü də mütləq Bakı Tiflis Qars qatarına salın, onda hadisə daha maraqlı olar yəqin)
Bir sözlə, Əsrin, Minilliyin Qatarı gəlib düz burnumuzun ucundan keçdi… Qaldıq dilimizin əlində, göz yaddan çıxdı.
Niyə?
Niyə?
Niyə?
Mir Şahin olaraq Jurnalist adına çox xəcalət çəkdim! Heyif ki, yeni BTQ gözləməyə vaxtım çatmayacaq…
Perronda Tək qaldıq…
Bunu da ona görə yazmıram ki molla ağzı ilə hərəyə bir “Allah ANS-i açsın!” tipli dualar edəsiniz! Lazım deyil, vallah səmimi deyirəm, qoy olmasın ANS, özünüz ANS olun!
moderator.az