Seçkiqabağı vədin PƏRDƏARXASI: Tramp və Putinin Yaxın Şərq planı ORTAYA ÇIXDI
3-12-2017, 02:34
ABŞ-dakı prezident seçkilərində Donaldın Trampın qələbəsindən sonra Yaxın Şərqdə Atom Elektrik Stansiyaların (AES) tikintisinin layihəsi müzakirə edilirdi.
Publika.az xəbər verir ki, bu haqda sənədlərə istinadən “Röyters” agentliyi yazıb.
Amma bu sferada ABŞ və Rusiyanın əməkdaşlığı anti-Rusiya sanksiyalarının ləğvini tələb edirdi. Donald Tramp administrasiyasının planına əsasən, ASE-lərin tikintisinə Rusiyanın “Birləşmiş maşınqayırma zavodu” cəlb edilməli idi. Bu şirkətin sanksiyaların altında olması isə nəzərdə tutulan əməkdaşlığı mümkünsüz edirdi.
“Röyters”in məlumatına görə, planı Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinn də dəstəkləyirdi.
ABŞ həmçinin AES-lərin tikintisinə Ukraynanın “Turboatom” şirkətini cəlb etməyi planlaşdırırdı. Səudiyyə Ərəbistanı və Yaxın Şərqin digər ölkələrndə reaktorlar üçün turbinlərin yaradılması üzrə müqavilələrin dəyəri 45 milyard dollar qiymətləndirilirdi. Güman edilirdi ki, bu, Ukrayna hakimiyyətinin Rusiya ilə bağlı mövqeyini yumşaldacaq.
Donald Tramp seçkiqabağı kampaniyasında Rusiyaya qarşı sanksiyaların ləğvinə dair vəd versə də, ölkə daxilindəki müxalifət üzündən bunu reallaşdıra bilməyib.
Rusiya şirkəti, həmçinin Ağ Ev və Flinnin vəkili agentliyin məsələ ilə bağlı sorğularına cavab verməyib.
Qeyd edək ki, Flinn bu ilin fevralında istefaya gedib. O, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqların məzmununu tamamilə açıqlamamaqda ittiham olunub. KİV iddia edirdi ki, Trampın məsləhətçisinin danışıqları Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı idi. Flinn bunu inkar edirdi. Kreml Flinn və Kislyakın görüşdüyü faktını qəbul edib, lakin bildirib ki, görüşlərdə sanksiyaların ləğvi məsələsi müzakirə olunmayıb.
Flinnin rus səfiri ilə görüşləri 2016-cı il 22 və 29 dekabr tarixlərində keçirilib. Tramp 20 yanvar 2017-ci ildə prezident kürsüsünə oturduğu üçün onun məsləhətçisinin belə görüşləri keçirmək səlahiyyəti yox idi.
Dünən isə, ABŞ-ın xüsusi prokuroru Robert Müller Maykl Flinni Federal Təhqiqatlar Bürosuna (FTB) Rusiyanın rəsmi şəxsləri ilə görüşləri haqqında yanlış ifadələr verməkdə ittiham edib.
“Maykl Flinn şüurlu şəkildə və qəsdən uydurulmuş və saxtalaşdırılmış informasiyalar verib”, - xüsusi prokuror bildirib.
Eyni zamanda Amerika KİV-inin yazdığına görə, Flinn öz günahını etiraf edib.
ABC telekanalı isə xəbər verib ki, Flinn Trampa qarşı ifadə verməyə hazırdır.
Kanalın məlumatına görə, Flinn Müllerin komandası ilə tamamilə əməkdaşlıq etməyə söz verib. Keçmiş məsləhətçi həmçinin Donald Trampın prezidentliyə namizəd olduğu dövrdə ona "ruslarla əlaqə qurmaq" üçün tapşırıq verdiyi barədə ifadə verməyə hazırdır.