Bakıya bağlı, evsiz, xeyirxah azərbaycanlılara minnətdar olan Liyanın hekayəsi
5-12-2017, 17:51
Günortadır. Bakının mərkəzində yerləşən "Anadolu" restoranı adam ilə doludur. Hələ nahara vaxt var, amma müştərilər masa arxasında iştahla yeyir və söhbətə qarışıblar.
Köhnə geyimli bir qadın içəri daxil olur, müştərilər ona fikir vermir, amma ofisiantlar dərhal ona doğru yüyürür, masa təklif edirlər.
Liya xanım buradakı "asılmış qəhvə" ənənəsindən faydalanır. Bu, İtaliyada yaranmış ənənəyə əsasən, müştəri, öz hesabından savayı, başqa bir adamın hesabını bağlamaq üçün müəyyən məbləği kafeyə ödəyir. Bu xidmətdən yararlananlar əsasən imkansız, evi olmayan insanlar olur.
Amma utana-utana. "Gündə gəlmirəm, utanıram", - gülümsəyərək, deyir.
Pəncərənin önündə kiçik, iki nəfərlik masa arxasında əyləşib çay sifariş edirik.
Liya xanımın geyimi köhnə olsa da, çox səliqəlidir, saçlarının ağı heç bilinmir. Boğazındakı şərf incəliklə bağlanıb. Gözlərinin ifadəsindən sanki qəlbindəkiləri oxumaq mümkündür.
"Mənim 59 yaşım var. Elə bu yaxınlarda, noyabrın üçü tamam oldu. Hə, çox sağ ol təbrikinə görə, deyirlər, gec təbrik eləyəndə, düşərli olur.
Özüm Bakıda anadan olmuşam, özü də ki şəhərin lap mərkəzində, Azneftin binasını tanıyırsan? Bax, orada. Anam orada yaşayırdı, kommunal mənzildə, mən dünyaya gələndə gündə məni arabada bulvara aparıb gəzdirirdi.
O vaxtdan şəhərin mərkəzinə elə alışmışam ki, özümü başqa yerdə təsəvvür edə bilmirəm.
Atam da Bakıda böyüyüb, zabit idi. Ona mənzil verdilər, beşinci mikrorayonda. Pəncərəmizdən "Moskva" univermağı görünürdü. Mənim üç yaşım olanda ora köçdük.
Atam baxma ki, rus idi. Özünü əsl Azərbaycan kişisi kimi aparırdı. Anam məktəbdə müəllimə işləyirdi, demək olar ki, ömrünün sonuna kimi dərs deyirdi, amma atama bu, çox pis təsir edirdi; o, hesab edirdi ki, qadın iş görməməlidir, evdə oturub uşaqlara tərbiyə verməlidir.
Hətta avtobusda gedəndə belə, biz anamla oturacaqlara əyləşirdik, atam isə, boş yer olsa belə, heç vaxt oturmurdu, başımızın üstündə dayanırdı.
Məni çox istəyirdi. Demək olar ki, hər gün, xırda bazarlığını edib, evə ərzaq gətirəndə mənə də mütləq kitab gətirərdi.
O dünyadan köçəndə, mənim on dörd yaşım var idi. Anam çox çətin yaşadı, bir il xəstə yatdı. Sonra yavaş-yavaş həyata qayıtmağa başladı.
Mən isə məktəbi bitirəndən sonra Peterburqda Teatrşünaslıq fakültəsinə qəbul olundum. Amma əsəblərim xəstə idi, bitirə bilmədim, Bakıya qayıtdım.
Burada da Azərbaycan Rus Dram teatrında qarderobçu işlədim. Çox işlədim, səksəninci illərədək.
Teatra çoxdan getməmişəm, imkanım yoxdur. Amma orada o zaman işləyənlərlə hərdən zəngləşirəm.
"On beş dəqiqə ərzində məni doğma evimdən çıxardılar"
Özüm ailə qurmadım. Heç istəmirdim. Mənə deyirdilər: "Axı qadınsan, ailən, uşaqların olmalıdır. Amma mən deyirdim: "Həyat onsuz da çətindir, nə özümü, nə də başqalarını yükləmək istəyirəm".
2005-ci ildə anam xəstələndi. İmkanlarımız da yox idi. Anam yatağa düşənə kimi uşaqlara ingilis dilindən dərs deyirdi. Mənim də hərdən bir tələbələrim olurdu.
İşlər elə gətirdi ki, anam üçün qəyyum tapmalı oldum. Bir tanış tapdıq, onunla danışdıq ki, anama baxsın. Müqavilə də bağladıq.
Mən bütün ömrümü Bakıda yaşasam da, təəssüf ki, azərbaycan dilini öyrənmədim. Cavanlıqda ehtiyac olmadı, bu yaşımda da, düşündüm ki, mən nə öyrənə bilərəm?
Kaş ki, bilərdim dili... Sən demə, müqaviləni elə qurdular ki, elə bil alqı-satqı müqaviləsidir, guya ki, evimizi o adama satırıq. Amma pul ödəmədilər. Mən də dili bilmədən müqaviləni oxuya bilmədim.
2007-ci ildə anam rəhmətə getdi. Çox az müddət keçdi, həmin adam bizə gəldi və evi boşalrmağı tələb etdi. Mən əldən-ayaqdan düşdüm, axı necə belə alındı?
Rus İcmasında bir nəfər var idi, ona müraciət etdim ki, mənim maraqlarımı məhkəmədə müdafiə etsin. Birinci məhkəməni uduzsaq da, Apellyasiya məhkəməsində qalib gəldik.
Təəssüf ki, mənim nümayəndəm vəkil deyildi və məhkəmənin növbəti mərhələlərində biz uduzduq.
Yaxşı yadımdadır - 2010-cu ilin iyul ayı idi. Havalar çox isti idi. Dükandan evə təzə gəldim ki, birdən qapı bərkdən döyüldü.
Tez, tələsdim ev paltarımı dəyişim, amma qapının arxasındakılar heç imkan vermədilər, qapımızı sındırdılar.
Gördüm, evin yeni sahibi, polis, JEK-in işçiləri, hamı yığılıb... Dedim: "Nəyə görə qapımı sındırırsınız, mən dələduz, narkoman deyiləm ki!"
Tez marketdən gətirilən paketləri boşaltdım, əşyalarımı yığdım içinə. Təsəvvür edin ki, on beş dəqiqə ərzində məni doğma evimdən çıxartdılar.
Sonra bir-iki dəfə yenə də gəlmişdim, gözümə hansı əşyalar dəyirdi, götürürdüm. Amma əsasən bütün evin içindəkilər əldən getdi - mebel, yorğan-döşək, qab-qacaq, kitablar...
O gündən bəri bir tanışın evində yaşamışam. Yeddi ilə yaxın orada yaşadım - 2010-dan 2017-ci ilin aprelinə kimi. Mən ona çox minnətdaram, məni dar gündə küçədə qalmağa qoymadı.
Amma orada da yaşayış çox çətin idi, məişət baxımından. Qadının qəribə xasiyyəti var idi. Oğlu ilə tək yaşayırdı, özü müəllimlik edirdi, oğlu isə mənzillərin təmiri ilə məşğul idi, yaxşı usta idi, amma çox içirdi.
Qadın çox inanclı idi, tez-tez kilsəyə gedirdi və bu vaxta kimi köhnə qırmızı sovet pasportu ilə gəzirdi, deyirdi: "Tanrı mənə deyib ki, pasportumu dəyişməyim". Təbii ki, buna görə də pensiya almırdı, şəxsi dərslərlə qazanıb dolanırdı.
Mənə çox yersiz irad tuturdu. Gah deyirdi ki, gizlin mürəbbəsini yemişəm, gah paltar üçün sıxaclarını oğurlamışam, ya suyu çox sərf edirəm.
Məcbur idim, özümə bəraət qazandırım, axı nə edim, başqa çıxış yolum yox idi. Həm də ikinci qrup əliləm, 140 manat təqaüd alıram.
Həmin qadına icarə pulu ödəyirdim, əvvəl əlli manat, sonra, sağ olsun, otuz manata endirdi. Qalanına isə bir təhər dolanırdım.
Mənə deyirdilər: "Niyə bu şəhərdən getmirsən?" Xalam qızı Pyatiqorskda yaşayır, uşaqlıq illərimi, tətilləri anamla birlikdə onların evində keçirmişəm.
Onun da artıq yetmiş yaşı var, ailəsi ilə balaca bir mənzildə yaşayır. Mən necə gedim, onun üzərinə öz yükümü atım? Həm də ki, Bakıya çox bağlıyam, gedə bilmərəm.
"Bu yaşımda kim mənə yiyə çıxacaq?"
Təsadüfən bir tanışım şəhərin mərkəzində xeyriyyəçiliklə məşğul olan restoran haqqında mənə dedi.
Özüm də vaxtaşırı keçirdim buralardan. Çox xəcalət çəkirdim. Bir ay gəzişdim, sonra - indiki kimi yadımdadır, fevral ayının sonu idi - özümə dedim: "Bəlkə içəri girim?"
Mən içəri girəndə, məndən bir söz soruşmadılar, qovalamadılar, masa arxasına aparıb isti xörək də verdilər. Hərdənbir gəlirdim bura.
Sonra - artıq yay idi - restoranın meneceri məndən hekayəmi soruşdu. Danışdım. Bir oğlan var burada, Həmiddir adı. O mənə əl tutdu, mənim hekayəmi Facebook şəbəkəsində paylaşdı.
Sağ olsun, ondan sonra mənə zəng etməyə başladı, pul da verirdilər. Bir nəfər zəng etdi ki, məni Həmid göndərib, adını heç demədən mənə iki yüz manat pul verdi, getdi. Amma mən o pulları xərcləmirdim, yığırdım.
Kömək edənlərin arasında bir vəkil də var idi. Mənə evimlə bağlı köməyini təklif etdi, mən razılaşdım. Amma nədənsə o, məsələni ləngidirdi.
Yavaş-yavaş bütün pullarım ona getdi - ora-bura, məhkəmə, katib, notarius, sənədlər... daha nələr-nələr, mənim belə işlərdən başım çıxmır axı... Telefonlarını da dəyişdi, yerini də, pulum getdi, tapa bilmədim onu.
Bir gün aptekdə idim, bir qadın yaxınlaşdı. Dedi: "Sizi dərhal tanıdım, Facebook-da paylaşımdan". Özü dövlət qurumunda işləyirdi. Məni yanına çağırdı, xeyli söhbət elədik. Dedi: "Sən özünə ev tap, pulunu biz ödəyəcəyik".
Şəhərin mərkəzindən uzaqlaşmaq istəmədim - həm hər yerə piyada gedirəm, maddi vəziyyətim imkan verməz ki, mərkəzdən uzaq yerdə yaşayım. Həm də gəzməyi çox sevirəm. "Vətən" kinoteatrının yaxınlığında köhnə ev tapdım. Bir otaq mənim oldu, o birisində uşaqlı qadın kirayə qalırdı.
Qadın sözünün üstündə durdu, hər ay ev pulumu ödəyir.
Hələ başqa yerdən də bəxtim gətirdi. "Damla" xeyriyyə cəmiyyətinə də müraciət etdim, tanışlarımın məsləhəti ilə, onlar da mənə köməklik etdilər.
Qurban bayramında iki iri paket sovqat gətirdilər, içində nələr yox idi! İki dənə böyük toyuq var idi, indiyə kimi onları yeyib qurtarmamışam, ət ümümiyyətlə az yeyirəm, mənimki tərəvəzdir.
Əlil olduğuma görə, bir yerli turizm şirkəti mənə əvvəl endirimlə, sonra isə pulsuz Azərbaycan daxili turlar təklif etdi. Demək olar ki, bütün ölkəni belə gəzdim.
Hər dəfə də heyran oluram gözəlliklərə. Anam mənə, mən Bakının tozlu-küləkli havasından şikayət edəndə, deyərdi: "Sən Azərbaycanın təbiətini bilmirsən!". İndi bildim.
Səhər tezdən çıxıb gecə saat 11-12-də qayıtmaq, o gün ərzində təbiəti görmək mənə o qədər həzz verir ki! Həyatımı dolğun hiss edirəm.
Yolu da çox sevirəm. Başqaları avtobusda oturub o ki var telefonlarına baxırlar, mən isə pəncərədən yola baxıb dincəlirəm.
Düşünürəm ki, həyatımız onsuz da çox qısadır, mənim ömrümün də çox hissəsi artıq ötüb-gedib, heç olmasa bu yaşımda həyatın gözəl olduğunu duyum.
Ən böyük arzum isə bir balaca xudmani, amma özümə məxsus olan evimin olmasıdır. Düzdür, o dövlət qurumundakı xanım mənə kömək edir, amma onsuz da qorxu içindəyəm. Qorxuram ki, əlimdə olanımı da itirə bilərəm. Mən bu yaşımda hara gedəcəm, kim mənə yiyə çıxacaq?...