“Kanal 13" rəhbərinə ağır cəza istənildi
6-12-2017, 09:35
Lamiyə Orucova: “Cəza istəniləndə şok yaşamadığımızı desək yalan olar”
“Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun məhkəmə prosesi yekunlaşmaq üzrədir. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti prosesdə prokuror jurnalistin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün bir həftə vaxt istəyib.
Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova “Yeni Müsavat”a məhkəmə barədə bunları dedi: “Bu məhkəmə də belə keçdi və dövlət ittihamçısı Əziz müəllimə 7 il cəza istədi. Həmişə olduğu kimi, Əziz müəllimi qanunsuz sahibkarlıqda, vergidən yayınmada və külli miqdarda gəlir əldə etməkdə ittiham etdilər. Məhkəmə prokurorun çıxışı ilə başlayıb, onun çıxışı ilə də sona çatdı. Vəkillərimiz çıxışa hazırlaşmaq üçün bir həftə vaxt istədilər. Növbəti məhkəmədə Əzizə son söz veriləcək və hökm oxunacaq. Bununla da proses bitəcək. Açığı, 7 il cəza istəniləndə şok yaşamadığımızı desək yalan olar. Çünki 7 il həddindən artıq ağır cəzadır. Nə Əziz, nə də biz bu cəzanı gözləmirdik. Hələ ki Əziz cəzaya münasibət bildirməyib. Son məhkəmədə yəqin ki, böyük səs-küy olacaq. Ümid hər zaman var, o heç vaxt ölmür. Yeni qanunu nəzərə alsaq, maddələri düşünsək, çox ağır cəza istədi. Əzizin saxlandığı yerdə hər şey normaldır. Şərait də pis deyil. Səhhətinin əla olduğunu deyə bilmərəm, amma qənaətbəxşdir”.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ə.Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib. O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. Həmin maddələr üzrə maksimum cəza 8 ilədək azadlıqdan məhrumetmədir.
REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə bu həftəsonu onunla görüşəcək: “İlqarla bağlı hələ ki yenilik yoxdur. Dekabrın 5-də Nazirlər Komitəsinin keçirilən iclasından bizə yeni xəbərlər gələcək. Biz o xəbərləri gözləyirik. Özü son olaraq, 3 gün öncə zəng vurmuşdu. Hələ ki sakitçilikdir. Saxlanıldığı yerdə də hər şey normaldır. Bu həftə İlqarla görüşə gedəcəm”.
Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrinin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.
REAL sədrinin azadlığa buraxılması ilə bağlı Avropa Şurası son iki ayda iki dəfə Azərbaycan hökumətinə vaxt versə də, o, hələ də həbsdədir. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın onun azad etməyəcəyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə dekabrın 5-nə qədər müraciət edəcəyini oktyabrın sonlarında bəyan edib.