Türk lirəsi kəskin ucuzlaşır: Azərbaycana necə təsir edəcək?
6-12-2017, 09:58
Türk lirəsinin son aylar ərzində ucuzlaşması daha çox bu ölkədə və onunla bağlı Qərbdə baş verən siyasi olaylarla bağlıdır. Bunun Türkiyənin iqtisadi durumunda hər hansı bir kəskin dəyişiklik nəticəsində baş verdiyini demək olmaz. Ortada daha çox siyasi motivlər var və bunlar da zaman-zaman türk lirəsinin məzənnəsinin ucuzlaşmasına səbəb olur.
Bu sözləri Axar.az-a türk lirəsinin sürətlə ucuzlaşma səbəbləri haqqında danışan keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. O bildirib ki, ABŞ-da Türkiyə vətəndaşı Rza Zərrabın maliyyə fırıldaqları ilə bağlı başlanan məhkəmə prossesləri də lirənin məzənnəsinə ciddi təsir edib:
“Hesab edirəm ki, bu məhkəmə prossesləri lirənin məzənnəsində baş verən son dəyişikliklərin əsaslarından biri kimi qəbul edilməlidir. İranla bağlı sanksiyaların qüvvədə olduğu dönəmlərdə Türkiyə vətəndaşının türk bankları vasitəsilə bu sanksiyaların əksinə əməliyyatlar çevirməsi Türkiyənin maliyyə-bank sisteminin imicinə ciddi bir zərbə olacaq. Hələlik məhkəmə prossesi gedir, ortada konkret bir qərar yoxdur. Faktları təsdiqləyən məhkəmə qərarı qəbul edildikdən sonra isə lirənin məzənnəsinin daha da zəifləməsi qaçılmaz olacaq. Qardaş ölkə ilə bağlı baş verən bu hadisələr nə qədər arzuolunmaz olsa da, fakt faktlığında qalır”.
Fikrət Yusifov Türkiyə lirəsində müşahidə olunan bu ucuzlaşmanın Azərbaycana təsirindən də danışıb:
“Türkiyə ilə Azərbaycan arasında sıx ticarət əlaqələri mövcuddur. Bu gün Türkiyə Azərbaycanla xarici ticarət dövriyyəsinin həcminə görə bütün başqa ölkələrdən irəlidədir. İki ölkə arasında xarici ticarət dövriyyəsi 2016-cı ildə 2 milyard 314 milyon ABŞ dolları səviyyəsində olub. Həmin ildə ikinci yerdə gedən Rusiya ilə ticarət dövriyyəmizin həcmi 2 milyard 51 milyon ABŞ dolları təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi, başqa ölkələrlə müqaisədə Türkiyə ilə ticari əlaqələrimiz daha genişdir. Bu səbəbdən türk lirəsinin məzənnəsində baş verə biləcək kəskin ucuzlaşmanın bizim milli valyutaya tam təsirsiz ötüşəcəyini demək olmaz”.
Qeyd edək ki, türk lirəsi kəskin ucuzlaşır. Bu ucuzlaşma son dövrlərin ən yüksək göstəricisi olduğu bildirilir.
Türkiyədə inflyasiya isə 2017-ci ilin noyabrında 12,98%-ə çatıb ki, bu da son 14 ilin ən yüksək göstəricisidir.