Leyla Yunus Usubovla məxfi görüşdü, nələr danışdı… – Detallar
8-12-2017, 13:26
Xəbər verildiyi kimi hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov onun həbsxana məktublarından və müdafiəsi ilə məşğul olarkən apardığı söhbətlərdən ibarət kitab dərc edib. Kitabda Leyla Yunusun həbsdə olarkən Baş prokurorun birinci müavini Rüstəm Usubovla israrlı xahişlərdən, yalvarışlardan sonra necə görüşdüyü və nələri müzakirə etdiyi haqda da danışılır.
Vəkil yazır: “Leyla Yunus düşündü və dedi: “Məni satdılar. Qərb uzağı ona nail oldu ki, təxribatçı Nuriyəni mənim kameramdan uzaqlaşdırdılar. Hakimiyyət Qərb KİV-lərinin yazdıqlarına, AŞPA və Avropa İttifaqının qətnamələrinə heç tüpürmək də istəmir. Mənə seçim yeri qoymadılar, ümid edirdim ki, Olland bizim azadlığa buraxılmağımıza nail olacaq. Lakin Avropa İttifaqının energetika maraqları bizim taleyimizdən üstün oldu. Mənə kömək elə Zakir Qaralovla görüşüm, yaxud Elmar Məmmədyarovla. Onların nəzərinə çatdırmaq lazımdır ki, mən hakimiyyətin əvəzsiz müttəfiqi ola bilərəm. Mən Qərbə və onun institutlarına tüpürürəm. Əgər hakimiyyət mənə maraq göstərsə, həbsxanadan sonra elə edərəm ki, onların müftəxorlara ehtiyacı olmaz. Mənim praktiki olaraq Avropanın hər yerində, ABŞ-da hökumət səviyyəsində güclü əlaqələrim var. Mən xaricdə hakimiyyətin xeyrinə təbliğat apara bilərəm. Əməkdaşlığa hazıram, əgər rəhbərliyə çıxa bilsən yalvarıram, onlara de ki, elə adam göndərsinlər məni başa düşsün. Və üstəlik tam məxfiliy əməl olunmalıdır”.
Vəkil Leyla Yunusa cavab verir ki, onun adları çəkilən vəzifəli şəxslərə çıxış imkanları yoxdur və ancaq istintaq çərçivəsində hərəkət edə bilər. İstintaqı isə Baş prokurorun birinci müavini Rüstəm Usubov kurasiya edir.
Leyla Yunus vəkildən xahiş edir ki, Rüstəm Usubovla görüşsün və onun məsələsini, azadlığa çıxması şərtlərini müzakirə etsin. Habelə xahiş etsin ki, onu məxfi söhbət üçün qəbul etsin.
Kitabdan sitat: “Leyla Yunus mənə yalvarırdı ki, Baş prokurorluğun rəhbərliyinə onun azadlığa çıxandan sonra çıxışlar etməyəcəyini, müsahibələr verməyəcəyini, pensiyaya çıxıb hüquq müdafiəçiliyinə son qoyacağını çatdırsın. Leyla əlavə etdi ki, onun sözlərinin qarantiyası Bakıdakı daşınmaz əmlakıdır. Hansı ki, 2-3 il sonra həmin əmlakı satacaq, bu vaxt ərzində Leyla Yunus adını yaddan çıxaracaqlar”.
Vəkil bildirir ki, fərdi qaydada heç kimə onunla bağlı müraciət etmək fikrində deyil və əgər Leyla Yunus istəyirsə, Usubovun adına məktub yaza bilər. Leyla Yunus razılaşır və Usubova yazır: “Baş prokurorun birinci müavini cənab Rüstəm Usubova. Vətəndaş Leyla Yunusdan.
Hörmətli cənab R.Usubov! Xahiş edirəm vaxt ayırasınız və məxfi söhbət üçün məni qəbul edəsiniz. Anlayışla qarşılayacağınıza ümid edirəm.
31 oktyabr, 2014-cü il. Leyla Yunus”.
Məktub ünvana çatır. 2014-cü il noyabrın 4-də vəkili Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırırlar. Həmin vaxt baş müstəntiq İbrahim Ləmbəranskinin kabinetində Leyla Yunus oturmuşdu.
Müstəntiq məlumat verir ki, Usubov onları Leyla Yunusun məktubu ilə bağlı qəbul edəcək.
“Mən bu görüşdə iştirakdan imtina etdim, çünki Leyla Yunus söhbətin məxfi olmasını xahiş etmişdi. Əslində mən “alqı-satqı” prosesinin iştirakçısı olmaq istəmirdim, hansı ki, Leyla Yunus özünü hərraca çıxarmağa hazırlaşırdı. Dəhlizdə,görüşün keçirildiyi kabinetin qarşısında gözlədim. İçəri padnosda çay, konfetlər və digər şirniyyatlar aparırdılar. Danışıqlar iki saat çəkdi. Leyla Yunus çıxdı və məndən xahiş etdi ki, sabah istintaq təcridxanasına gəlim, orada mənə görüşlə bağlı danışacaq”-Elçin Qəmbərov yazır.
Vəkil belə də edir. Ertəsi gün Leyla Yunus ona təcridxanada Usubovla görüşü haqda danışır: “Aydın oldu ki, məni buraxmayacaqlar! Mən onlara göyləri vəd elədim, ancaq mənə çirkabda eşələnməyi təklif etdilər. Bəyəm bu düzgündür ki, məndən Anar Məmmədlinin ad gününü hansı pulların hesabına keçirdiyini soruşurlar? Nəyimə lazımdır o kimin pullarını xərcləyib? Onlara nə isti-soyuğu var ki, mən, Anar, Rəsul, (Cəfərov), İntiqam (Əliyev) amerikalıların pullarını xərcləmişik? Yaxud məndən soruşur ki, NİDA “Molotov kokteyli”ni qrant pulları ilə hazırlamışdı?
Mən onlara özümün beynəlxalq əlaqələrimdən istifadə edib hakimiyyətə işləməyi təklif etdim, onlar isə məni xırda “xəbərçi”yə qədər alçaltmağa çalışırlar. Mənim onlara edə biləcəyimi heç kim edə bilməz. Məsələn, mən lord Grehem Uotsonu (Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin müəlliflərindən biri) əvvəlcə hakimiyyətlə barışdıraram, sonra onu Bakı ilə əməkdaşlığa cəlb edərəm.
Bundan əlavə mən Usubova dedim ki, Qərbdə hakimiyyətin xeyrinə lobbiçilik edə bilərəm, amma Brenda Şaffer və ya Novella ilə rəfiqələri kimi primitiv yox. Müəyyən tənqidlə bərabər mən Əliyev hakimiyyəti barədə müsbət şeylər danışaram. Kəşfiyyatda deyirlər ki, düşmən kimi maskalanmış dostun əvəzi yoxdur. Usubova dedim ki, bu qədər vaxtda hakimiyyətin mənimlə işləməyə təşəbbüs göstərməməsindən heyrətlənirəm. Onlar axı bilirlər, mən fanatik deyiləm. Xalq Cəbhəsindən zəhləm gedir, onların haqqında yazdıqlarım heç yuxularına da girməzdi. Mən İşçi qrupu ilə birlikdə elə komitə yaradaram ki, beynəlxalq arenada hamı onunla hesablaşar. Onlar isə təklif edirlər ki, mən həbsxana əclafı olum. Mən əclaf olmağa hazıram, amma azadlıqda”.
Leyla Yunus Usubovla görüşdən məyus qayıtsa da hər halda ümid edirdi ki, hakimiyyət onu dinləməyə hazırdır. Bu görüşü də hakimiyyətin onu dinləməyə hazır olmasının əlaməti sayırdı.
Lakin noyabrın 13-də R.Usubov vəkil E.Qəmbərovu yanına çağırır. Ona tapşırır ki, Leyla Yunusa çatacaq məktubu yazsın və ona çatdırsın. Cavab isə belə idi: “Hakimiyyətin onun köməyinə ehtiyacı yoxdur. Azərbaycanın ABŞ və Avropa ilə gözəl münasibətləri var, Avropa İttifaqı ölkələri Azərbaycanla iqtisadi və energetika sahəsində əməkdaşlıq edir. Heç kim ona görə Bakı ilə münasibətlərini korlamayacaq, Azərbaycana sanksiya tətbiq etməyəcək”.
Ertəsi gün vəkil bu cavabı Leyla Yunusa çatdırır. Cavab Leyla Yunusu bərk məyus edir, özündən çıxarır. Deyir ki, deməli qisməti həbsdə ölmək imiş. “Mən “sroka” dözməyəcəm. Deməli gələn il Leyla Yunus adına mükafat təsis edəcəklər. Eybi yoxdur, vaxt var, Qərbin təzyiqləri güclənəndə mən onlara elə təklif edəcəyəm ki, imtina edə bilməyəcəklər”-o deyir.
Leyla Yunus Rüstəm Usubovla görüşü barədə dostu Azad İsazadəyə göndərdiyi məktubda da bəhs edir: “Məni Usubov özü qəbul etdi. Mən ona vəd etdim ki, əgər Ariflə məni Dinaranın yanına buraxsalar susacam və pensiyaya çıxacam, üstəlik dedim ki, onların təklif etdiyi öhdəliklərə imza da ataram. Usubov vəd etdi ki, yuxarılara mənim hər şeyə hazır olduğumu çatdıracaq. İki həftə sonra isə Elçinə cavab diqtə edib yazdırıblar ki, mənimlə əməkdaşlıq onlara gərək deyil. Yəni biz heç kimik və bizə görə heç kim Azərbaycana sanksiya tətbiq etməyəcək. Onlar imtina etdilər, sən haqlısan-onlar güclü təzyiq hiss etmirlər…”
dia.az