İran mediasında Azərbaycana xəyanət: ”DQR”i müstəqil dövlət kimi təqdim edib

9-12-2017, 08:27           

İranın “Şərq” qəzeti qondarma DQR-in rəsmisindən müsahibə alıb. Müsahibədə Dağlıq Qarabağ müstəqil ölkə kimi təqdim olunub. Panfarsistlərin mətbuat orqanı kimi qəbul olunan qəzetin müxbiri dekabrın 2-də özünü qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) xarici işlər naziri kimi təqdim edən Masis Mailyandan aldığı müsahibəni qəzetdə dərc edib. Müsahibə fars şovinisti kimi tanınan Salar Seyfəddini tərəfindən alınıb. O uzun müddətdir anti-türk “Azəriha” saytı və “Şərq” qəzetində Azərbaycan əleyhinə yazılar dərc edir.
Salar Seyfəddini yaydığı müsahibənin başlanğıcında qeyd edib ki, əksər xəritələrdə Dağlıq Qarabağla bağlı heç bir əsər-əlamət yoxdur: “Lakin özünü müstəqil dövlət elan edən Dağlıq Qarabağ bir geopolitik gərçək kimi Cənubi Qafqazın əsas oyunçularından biridir. Geopolitik baxımdan bir ölkənin diplomatik olaraq tanınması ikinci dərəcəli məsələdir, dövlət müəyyən bir ərazidə hökumət dayaqlarını gücləndirərək tədricən ortalığa çıxır”.
“Şərq” qəzeti Dağlıq Qarabağ əhalisinin təxminən 80 faizinin erməni olduğunu, SSRİ dağıldığı zaman yerli məclisin Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul etdiyini yazıb: “Sovet hökuməti dağıldıqdan sonra digər respublikalar kimi Dağlıq Qarabağda müstəqilliyini elan etdi. Bu məntəqənin 80 faizi erməni olduğu üçün onlar yaxın ərazidə yerləşən İrəvana tabe olmaq istədilər. Bundan sonra Azərbaycan və Ermənistan arasında münaqişə yarandı, nəticədə Azərbaycan Dağlıq Qarabağdan başqa xeyli ərazi itirdi”.
Salar Seyfəddini sözlərinin davamında əlavə edib ki, İranın bu məntəqə ilə 138 kilometr sərhədi var: “Bu, Ermənistanla olan sərhəddən 100 kilometr daha çoxdur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır.” İran qəzetinin Dağlıq Qarabağı müstəqil ölkə kimi qələmə verməsi, qondarma respublikanın sözdə xarici işlər nazirindən müsahibə alması, bu ərazilərin İran üçün önəmli olduğuna eyham vurması və s. azərbaycanlı milli hərəkat fəallarının xüsusi etirazına səbəb olub.
Dağlıq Qarabağı “Artsax Respublikası” kimi təqdim edən Masis Mailyan isə İranın Dağlıq Qarabağ siyasətinin olduqca müsbət olduğunu və ermənilərin xeyrinə hesablandığını deyib. O, işğal olunmuş Dağlıq Qarabağdan kənar rayonlarla bağlı bildirib ki, bizim nəzarətimizdə Artsaxdan kənar ərazi yoxdur. Nə varsa, Artsaxdır. Doğrudur, Artsaxdan kənar Şaumyan bölgəsi kimi torpaqlar da mövcuddur, amma onlar hazırda Azərbaycan Cümhuriyyətinin nəzarətindədir. Bu ərazilər Artsaxın 15 faizini təşkil edir.

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistanın özü süni yaradılmış qondarma bir ölkədir: “Ermənistan Azərbaycan torpaqları üzərində qurulan zaman bu dövlətinin cəmi 9 min kvadratkilometr sahəsi olub. Bu dövləti Azərbaycan torpaqları üzərində Rusiya məqsədyönlü şəkildə yaratmışdı. Bu baxımdan Dağlıq Qarabağın Ermənistan kimi qondarma bir dövlətə yaxın və ya uzaq olmasının mahiyyətə heç bir aidiyyəti yoxdur. Çünki dünyada heç bir zaman “Erməni dövləti” deyə bir məfhum olmayıb. Bu gün də müəyyən regional və qlobal güclərin ötən əsrdə dəstəyi olmasaydı, yenə də Ermənistan dövləti deyə bir anlayış olmayacaqdı. Ona görə də buradan irəli gələn hər hansı bir açıqlamalar vermək absurd olduğu qədər, həm də gülüncdür”.
“Beynəlxalq hüquqda milli etnik azlıqlar yaşadığı ərazinin siyasi taleyini həll edə bilməz”
Dağlıq Qarabağda birləşən erməni əhalisinin say çoxluğuna gəlincə, politoloq qeyd edib ki, bu rəqəmlər SSRİ dönəmində statistik cəhətdən şişirdilib: “Statistika İdarəsinə şişirdilmiş rəqəmlər təqdim olunduğu üçün bu nisbətin, hətta 80 faizə qədər qaldırılması müşahidə olunurdu. Ancaq realda belə deyildi. Dağlıq Qarabağda erməni əhalisinin nisbət sayının çox olması, əhəmiyyətli məsələ deyil. Çünki beynəlxalq hüquqda milli etnik azlıqlar yaşadığı ərazinin siyasi taleyini həll edə bilməz. Bu, birmənalı olaraq beynəlxalq hüquqda təsbit olunub. Bunu nəinki Ermənistan, eyni zamanda inkişaf etmiş bütün Qərb dövlətləri çox gözəl bilir. Bu baxımdan ermənilər də Azərbaycanda milli etnos, milli azlıq olaraq tanınıb.
Bu milli azlıqlar yaşadığı coğrafi ərazini, yəni, Dağlıq Qarabağın dağlıq hissəsinin Azərbaycandan ayrılması ilə bağlı müstəqillik qərarı verə bilməzlər. Çünki bu, siyasi bir qərardır. Onların verə biləcəyi qərar yalnız Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində özlərinin mədəni, iqtisadi və digər hüquqları barəsində ola bilər. Bundan başqa onların Azərbaycan dövlətindən hər hansı bir tələbi ola bilməz. “Milli azlıqların öz müqəddəratını təyin etməsi” deyəndə, onların yalnız yaşadıqları dövlətin ərazisi çərçivəsində vəziyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Ona görə də əhalini 80 və yaxud 30 faiz olub-olmamasının heç bir önəmi yoxdur. Hər bir halda erməni əhalisi Azərbaycanda milli azlıq olaraq götürüldüyü üçün onlar yaşadıqları ərazinin siyasi taleyini həll edə bilməzlər”.
Natiq Miri qeyd edib ki, İranda yaşayan farslar, ermənilər, türklər, eyni zamanda bütün dünya dövlətləri XIX əsrin 20-ci illərində İran və Türkiyə ərazisində yaşamış ermənilərin kütləvi olaraq Azərbaycana köçürülməsi məsələsini çox gözəl bilir: “Bunun üçün tarixə baxmaq kifayət edər ki, gerçək həqiqət ortaya çıxsın. Bu zaman məlum olacaq ki, 1828-ci ilə qədər və sonrakı illərdə İrandan və Türkiyədən, eləcə də Rusiyanın ərazisindən ermənilər kütləvi şəkildə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq ərazisinə köçürülüblər. Bu isə gələcək üçün fitnə-fəsadın bünövrəsi anlamına gəlirdi. Nəhayət XX əsrin əvvəllərində Cənubi Qafqaz ölkələri Çar Rusiyasından aralanıb özlərini müstəqil dövlət elan etdikdən sonra Rusiya qondarma Ermənistan dövlətinin yaradılması prosesinə üstünlük verməyə başladı.
Beləliklə də, qondarma Ermənistan dövləti yarandı. Gerçək tarix və siyasət budur. Ona görə də Ermənistan müəyyən güclü dövlətlərin maraqları çərçivəsində iki türk cümhuriyyətinin arasında yaradılan geosiyasi əngəldir. O zaman Azərbaycanla qardaş Türkiyə arasında heç bir əngəl yox idi. Birbaşa quru sərhədlər var idi və bu vasitə ilə Azərbaycanın istənilən ərazisindən Naxçıvana, eləcə də Türkiyəyə çox rahatlıqla getmək olurdu. İki qardaş ölkənin arasındakı bu əlaqələri kəsmək üçün geosiyasi əngəl olaraq süni Ermənistan dövləti ideyası ortaya atıldı və həyata keçirildi. Əsas məqsəd bu idi. Bu gün geosiyasi Ermənistan kartı hələ də Rusiya və digər havadar dövlətləri tərəfindən aktiv olaraq Türkiyə Cümhuriyyətlərinə qarşı istifadə olunur. Kimi nə deməsindən asılı olmayaraq gerçək həqiqət, bir də tarix var. Yetər ki, bu tarixə baxsınlar”.
Yeganə Oqtayqızı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.