Qüds düyünü: İsrail ərəbləri məğlubiyyətlə barışmağa məcbur edir

9-12-2017, 09:21           
Qüds düyünü: İsrail ərəbləri məğlubiyyətlə barışmağa məcbur edir
Bu savaşın həlledici müharibəyə çevriləcəyini demək mümkün deyil, amma şübhə yoxdur ki, bu proses artıq savaşa doğru gedir...

“Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”. Bu sözləri ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb.

İndi bütün dünya Trampın yerinə yetirdiyi “vədini” müzakirə edir. Çünki bu hadisə, yəni ABŞ-ın Qüdsü rəsmən İsrail paytaxtı kimi tanıması və səfirliyini Təl- Əvivdən Qüdsə köçürməklə bağlı qərar verməsi 70 ildən çoxdur davam edən Yaxın Şərq sülh prosesinə zərbədir. Bu qərar əslində həm də ərəblərə mesajdır, artıq itirmişiniz, məğlubiyyətlə barışın...

Trampın qərarı fələstinliləri ayağa qaldırıb. 3 gündür Fələstin əraziləri - Qəzza, İordan çayının qərb sahili, Ramallah, Hebron və digər şəhərlərdə baş verən etirazlarda onlarla insan xəsarət alıb, saxlanılanlar var. HAMAS İsrailə qarşı “qəzəb günü” elan edib, eləcə də 3-cü “İntifada” çağırışları var. Ancaq bütün bu etirazların qərarı dəyişəcəyi inandırıcı deyil. Çünki artıq ABŞ-dan sonra analoji qərarı Çexiya da verib. Ehtimal ki, yəhudi lobbisinin təsirinin güclü olduğu ölkələr də Qüdsü İsrail şəhəri kimi tanıyacaq.

Bu vəziyyət Fələstinlə bağlı sülh prosesini, daha dəqiqi bərabərhüquqlu sülh prosesini baltalayır. Artıq diktə edən İsraildir, daha əvvəl münaqişəyə ehtiyatlı yanaşan ABŞ açıq şəkildə tərəf tutur. Bu da bu günə qədər ərəb ölkələrinin müdafiə etdiyi, Mahmud Abbas komandasının əsas arqumenti olan sülh danışıqları prosesinin iflası deməkdir. Bundan sonra daha sərt xəttin tərəfdarı olan, İsraillə savaşmağı təklif edən qruplar yenidən nüfuz qazanacaq və Yaxın Şərqdə yenidən münaqişənin alovlanması baş verəcək.

Image result for Kudüs

Amma məsələ ondadır ki, indi iki arqumentə görə yəhudilər çox rahatdırlar və proseslərin onların ziyanına olmayacağına inanırlar. Birincisi, uzun müddətdir Yaxın Şərqdə daxili müharibələr gedir. İraq, Suriya, Misir kimi aparıcı ərəb ölkələri zəifləyib taqətdən düşüb. Üstəlik, məzhəb və maraqlar mübarizəsi nəticəsində müsəlman ölkələri arasında dərin uçurum, hətta düşmənçilik yaranıb. Onların birləşib vahid mövqedən çıxış etməsi inandırıcı deyil.

İkinci tərəfdən, son illərdə bir sıra ərəb ölkələri, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı və daha bir neçə körfəz ölkəsi İsraillə yaxınlaşıb. Hətta Səudiyyə Ərəbistanı İsrailə yeni sülh prosesində dəstək verir. Görünür, alt qatda bu mövzuda razılıq əldə etdikdən sonra İsrail tərəfi rahat şəkildə Qüds məsələsində Trampı yola gətiriblər.

Bu məsələnin daha bir detalı isə Fələstin ərəblərinin bu prosesi necə deyərlər, lap başdan uduzmasıdır. Məlumdur ki, Qüds hər 3 dinin ardıcıllarının yaşadığı və özünə müqəddəs hesab etdiyi şəhərdir. İslamiyyətin gəlişindən az sonra, xüsusən də 1187-ci ildə Səlahəddin Əyyubi Qüdsü səlibçilərdən geri aldıqdan sonra bu şəhər 1917-ci ilə qədər müsəlman hakimiyyətlərinin nəzarətində olub. 1917-ci ildə isə Osmanlı-Britaniya (Birinci Dünya Müharibəsi çərçivəsində - K.R.) savaşları nəticəsində Fələstin ingilislər tərəfindən işğal olunub. Bundan sonrakı 30 ildə ölkəyə sürətlə yəhudilərin köçü başlayıb və tarixi yəhudi dövlətini - İsraili bərpa işlərinə start verilib. Bu proses həm də fələstinlilərin torpaqlarını itirməsi ilə müşayiət olunub. Torpağını satanlardan satın alınıb, satmayan isə zorla köçürülüb, müqavimət göstərənlər isə öldürülüb. Fələstində münaqişənin şiddətləndiyini nəzərə alan Britaniya hökuməti məsələni BMT-nin nəzarətinə verib.

Image result for Kudüs

1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. Qərara görə, Fələstin ərazilərinin 56,47 faizində yəhudi, 43,53 faizində isə ərəb dövləti yaradılmalı idi. Qüds şəhəri isə beynəlxalq idarəçilik altında şəhər olacaqdı. Ərəblər bu planı rədd etdilər. ancaq BMT sessiyasında keçirilən səsvermədə 33 ölkə, o cümlədən ABŞ və SSRİ planı dəstəklədi. 13 ölkə, ərəb dövlətləri və Türkiyə plana qarşı çıxıb, 10 ölkə isə bitərəf qaldı. Beləliklə, BMT-nin iki dövlətli həll təklifi qəbul olunub. Bundan sonra Fələstində ərəblər və yəhudilər arasında qarşıdurma baş verib və ilk savaş başlayıb. Yəhudilər müharibənin gedişində - 1948-ci il mayın 15-də dövlət elan etsələr də, fələstinlilər dövlət yarada bilmir. 1949-cu ildə atəşkəs imzalanır və Qərbi Qüds işğal olunur. 1967-ci ildə baş verən 6 günlük savaşda İsrail ordusu Misir, Suriya, İordaniya və Fələstin qüvvələrini məğlubiyyətə uğradır. Suriyanın Colan təpələri, Misirin Sinay yarımadası və Şərqi Qüds İsrailin əlinə keçir.

1980-ci ildə isə İsrail Qüdsü İsrailin “əbədi və bölünməz paytaxtı” elan edir. İsrail parlamenti, hökumət Qüdsə köçürülür. Ancaq bu qərar sülh prosesinə maneə yaratdığı üçün dünya ölkələri tərəfindən tanınmır. Bu səbəbdən də xarici ölkə səfirlikləri Qüdsdə deyil, Təl-Əviv şəhərində yerləşir.

Göründüyü kimi, Qüds artıq bütün dünya tanımasa belə 50 ildir ki, İsrail işğalı altındadır. Və bu durumu nə BMT, nə də başqa dünya gücü dəyişmək iqtidarında deyil, yaxud da dəyişmir. Üstəlik Qüds həm də 37 ildir ki, İsrailin rəsmən paytaxtıdır və buna qarşı atılacaq addım yoxdur.

Image result for Kudüs

Məsələ ondadır ki, hər iki tərəfin, həm müsəlmanların, həm də yəhudilərin Qüdsü tələb etmək üçün mənəvi əsasları var. Bu şəhərin nə yəhudi, nə də ərəb dövləti tərkibində olması hansısa anlaşma və danışıqlarla mümkün deyil. Hətta hansısa tərəf güzəştə getsə belə, getməyənlrə tapılacaq. Bəlkə də BMT-nin Qüdsə beynəlxalq status verməsi planı bu şəhər üçün ən uyğun idi. Ancaq indi o mərhələ arxada qalıb. Zəif durumda olan fələstinliləri dünya gücləri fakt qarşısında qoymaq, məğlubiyyətlə barışdırmaq istəyirlər. Bu isə təbii ki, etiraz doğuracaq. Bu savaşın nə zamana qədər davam edəcəyi, haçansa həlledici bir müharibəyə çevriləcəyini demək mümkün deyil, amma bir şey var ki, bu proses artıq savaşa doğru gedir.

Kənan RÖVŞƏNOĞLU

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.