Tahirə Qürrətüleynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirildi.

9-12-2017, 20:44           
Tahirə Qürrətüleynin 200 illiyinə həsr olunmuş tədbir-seminar keçirildi.
Bu gün şərqdə ilk çadranı atan qadın kimi tarixə düşən,şairə, alim, natiq, reformator, inqilabçı,qadın azadlığı uğrunda apardığı mübarizədə qəddarlıqla edam edilən Tahirə Qürrətül-Eynin 200 illik yubileyi məqsədilə seminar keçirildi. Seminar “ Tahirə Qürrətül-Eyn və qadın azadlığı “ mövzusuna həsr olunmuşdur. Məruzəçi Kəmalə Səlim Müslümqızı şairənin həyatı, yaradıcılığı və mübarizəsi haqqında çıxış etdi.
Mühazirəçi Tahirə Qürrətül-Eynin haqqında ingilis, fransız, italyan, ərəb, fars, urdu və s. dillərdə yazılmış elmi və bədii əsərlərin dilimizə tərcümə edilməsi təklifini irəli sürdü. Tahirə Qürrətül-Eynin araşdırmaçısı Kəmalə xanım gənc tələbələrə səslənərək bu əsərlərin doğma dilimizə tərcümə edilməsinin vacibliyini vurğuladı. Tahirə kimi mübariz, şərəfli həyat sürən, qadınların emansipasiyası üçün mübarizəyə başlayan və bu yolda şəhid edilən, Şərqdə gender bərabərliyi uğrunda ilk etiraz səsini ucaldan bir qəhrəmanın xalqımıza tanıtdırılması hamımızın müqəddəs borcu olmalıdır.
Çıxış yekunlaşdıqdan sonra seminar iştirakçıları bir-bir söz alaraq məruzəçiyə mövzu üzrə suallar ünvanladı.Geniş və maraqlı diskussiya şəraitində keçən tədbirdə BDU, İncəsənət Universiteti, Bədən Tərbiyəsi Akademiyası və Kollec tələbələrinin məzmunlu fikir və təklifləri diqqət çəkdi.
Şairlər, hüquq müdafiəçiləri, media nümayəndələri və müxtəlif sahədə çalışan şəxslərin iştirakı ilə keçirilən seminar kifayət qədər faydalı oldu.
Sonda seminar iştirakçılarına fəal iştirakları üçün minnətdarlıq edildi və xatirə şəkilləri çəkildi.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.