Bank soyğunçuluğu: - Xaricdən göndərilən pullar sahibinə niyə manatla verilir?
15-01-2018, 19:19
“Əgər banklar deyilən qaydaya əməl etmirlərsə, bu, qanunvericiliyin pozulmasıdır”.
Yenicag.az xəbər verir ki, xarici ölkələrdən Azərbaycan vətəndaşlarına bu və ya digər valyuta növündə göndərilən pul vəsaitlərinin məcburi qaydada manatla, həm də aşağı məzənnə ilə verilməsinə dair şikayətlər var.
Məlumata görə, banklar adına xaricdən pul göndərilən vətəndaşlara həmin vəsaiti orijinal valyutada – avro, yaxud ABŞ dolları ilə deyil, manatla verirlər. Həm də bu zaman manata çevrilərək verilən vəsaitin rəsmi valyuta məzənnəsindən xeyli aşağı kursla – bəzi hallarda 20-25 faiz aşağı hesablandığı iddia olunur. Ölkədə bank sektorunun mövcud fəaliyyət prinsiplərini nəzərə alsaq, bu iddiaları ciddi qarşılamaq üçün əsas olduğu görünər.
Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərli məlum iddiaların qismən həqiqətə uyğun olduğunu deyib. O, qeyd edib ki, bankların vətəndaşın adına xarici valyutada göndərilmiş pulu onun razılığı olmadan manatla verməsi qanunvericiliyin pozulmasıdır:
“Bu kimi hallarla bağlı bizdə də məlumat var. Əslində isə qanunvericiliyə əsasən, bankların belə davranmaları ciddi pozuntudur. Çünki göndərilən valyuta cinsinə uyğun olaraq, həmin pul vəsaiti ancaq vətəndaşın razılığı ilə yerli valyutada verilə bilər.
Məzənnə məsələsində isə Mərkəzi Bankın deyil, Beynəlxalq Bankın alış kursu əsas götürülür, o isə rəsmi məzənnədən aşağı olur. Yəni konkret olaraq, bu gün Mərkəzi Bankda bir dolların məzənnəsi 1,70 manatdan bir qədər yüksəkdir, ancaq Beynəlxalq Bankda bir dolların alışı üçün təqribən 1,69 manat müəyyən edilib. Yəni belə bir problem var. Ancaq yenə deyirəm, vətəndaşa xaricdən avro, dollar, yaxud da İsveçrə frankı göndərilibsə, pulu alan şəxsin özü istəməsə, o vəsait ona manatla verilə bilməz.
Beynəlxalq pulköçürmə sistemlərində də tətbiq olunan praktika belədir ki, göndərilən pul həmin valyuta ilə sahibinə verilir. Əgər banklar deyilən qaydaya əməl etmirlərsə, bu, qanunvericiliyin pozulmasıdır.
Ancaq bankların xarici valyutada göndərilən vəsaitləri rəsmi məzənnədən 25 faiz aşağı kursla hesablayıb sahibinə verməsinə dair iddialar inandırıcı deyil. Bəli, rəsmi məzənnə ilə müqayisədə 2-3 faiz aşağı kursla verildiyinə dair məlumatlar mövcuddur. Lakin 20-25 faizlik fərq özlüyündə çox böyük rəqəmdir. Belə faktlar varsa, bu, ümumiyyətlə, biabırçılıqdır”.