Xəlil Rza Ulutürkün qardaşı qızı Kəramət Böyükçölü məhkəməyə verir - FOTO
15-01-2018, 19:46
Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün qardaşı qızı, Salyan rayon İcra Hakimiyyətinin mədəniyyət şöbəsinin müdiri Günaydın Əhədova gənc yazar Kəramət Böyükçölün əmisi haqqında yazdığı fikirlərə cavab verib.
Günaydın Əhədova “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Kəramət Böyükçöl bu cür fikirləri yazmaq və gündəmə gətirməklə Azərbaycan cəmiyyətində parçalanma yaratmağa çalışır:
“Xəlil Rza Ulutürk ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni alanda, övladı Vətən uğrunda şəhid olanda, Kəramət bəlkə də anadan olmamışdı. O kimdir ki, Xəlil Rza Ulutürk kimi şəxsiyyət haqqında aşağılayıcı fikirlər söyləyir? Ona kim ixtiyar verir ki, Xəlil Rzanın şərəf və ləyaqətini, ruhunu təhqir edən fikirlər yazır? Eşitdim ki, Kəramətin atası da ədəbiyyatçıdır. Bəs Qəşəm Nəcəfzadə oğluna niyə düzgün tərbiyyə verməyib? O bilməli idi, Xəlil Rza Ulutürk həm də şəhid atasıdır. Şəhid atası sözünün arxasında bütöv Azərbaycan dayanır. Bu adam haqqında internetdə axtarış verən zaman ancaq bayağı və reytinq qazanmağa hesablanan əməllərin şahidi oldum. Mən onun efirdəki çıxışlarına və şeirlərinə qulaq asdım, özümü təhqirolunmuş hiss etdim. Onu efirə çıxararaq, o cür çıxışlar etməsini də Azərbaycan telekanallarına yaraşdırmadım. Həmin efirdə Kəramət Azərbaycan qadınını da təhqir edir. Bizim milli mentalitetimiz, dəyərlərimiz var. Bu adam isə efirdə az qala insanları aşağılayır. Bəs düşünmür ki, bu cür verilişlərə onun öz ailə üzvləri baxsa necə olar? Özü bunu qəbul edərmi? İnanın ki, bu cür bayağı adamlara görə insanlar telekanallara baxmaqdan imtina edir. Bu cür adamlara baxanda insanların mənəviyyatı korlanır. İnsanlar məcbur olub ya türk, ya rus kanallarına baxırlar. Sonra da millilik, azərbaycançılıq itir. Hamısı bu cür bayağı adamların ucbatından olur. Ona görə də belə adamlara nə efirdə, nə də mətbuatda yer vermək olmaz”.
Xəlil Rza Ulutürkün qardaşı qızı Kəramət Böyükçölü məhkəməyə də verə biləcəyini söyləyib:
“Mən öz ağsaqqallarımla, böyüklərimlə məsləhətləşəndən sonra Kəramətin ifadələrinə görə lazımı addımlar atacam. Ancaq Kəramət və valideynləri əmin olsunlar ki, onu təkcə Xəlil Rzanın qardaşı qızı deyil, bütün Azərbaycan məhkəməyə verməlidir. Kəramət Xəlil Rza haqqında o cür ifadələri səsləndirməklə həm onun, həm şəhid olmuş oğlunun, həm də bütün Azərbaycanı təhqir etmiş olur”.
Xatırladaq ki, yazıçı Qəşəm Nəcəfzadənin oğlu olan gənc yazar və jurnalist Kəramət Böyükçöl özünün “facebook” səhifəsində Xəlil Rza Ulutürk haqqında yazdığı aşağılayıcı fikirlər sosial şəbəkələrdə insanlar tərəfindən böyük etirazla qarşılanıb. Etiraz edən insanlar Kəramət Böyükçölün sözügedən statusunda Azərbaycanın böyük şairi Xəlil Rza Ulutürkün yaradıcılığını və ruhunu aşağıladığını bildirirlər.