Qarabağ probleminin və 20 Yanvar faciəsinin “qəhrəmanları”

16-01-2018, 00:30           

Bu il Qarabağ hadisələrinin, Ermənistan-Azərbaycan münaqişəsinin, erməni separatizminin yeni dalğasının baş qaldırmasdan, bu fonda baş vermiş Sumqayıt hadisələrdən 30 il, o cümlədən tarixə qanlı hərflərlə yazılmış şərəf tariximiz olan 20 Yanvar hadisələrindən 28 il ötür.

1988-ci ilin əvvəllərində - fevral ayında Ermənistanın paytaxtı Yerevanda, bununla paralel olaraq, Xankəndi şəhərində xaricdən və daxildən güclü dəstək sayəsində növbəti erməni separatizmi, ermənilərin növbəti - yeni ərazi iddiaları baş qaldırmağa, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi (“Miatsum”) tələbi ilə mitinqlər keçirilməyə, bunun ardınca isə qanlı faciələr yaşanmağa başladı. Çox qısa zamanda (1988-89-cu illərdə) Ermənistanda, Qərbi Azərbaycanda yaşayan və bu torpaqların qanuni, əsl sahibi olan Azərbaycan türkləri son nəfərinə kimi (təxminən 250 min insan) öz dədə-baba yurdlarından qovularaq, deportasiya və qaçqınlıq həyatına məhkum edildi. Deportasiya zamanı isə onlarla soydaşımız vəhşicəsinə məhv edildi, qətlə yetirildi, amansız işgəncələrə məruz qaldı. Quqarkda isə əsl insanlıq dramı yaşandı, bir neçə azərbaycanlı dəmir borulara doldurularaq, diri-diri məhv edildi. Eyni zamanda, Azərbaycanın əzəli-əbədi və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağdan ilkin məcburi köçkün - didərgin ordusu yaranmağa başlandı, şəhidlər verildi, Azərbaycan kəndləri erməni qəsbkarları tərəfindən bir-bir boşaldıldı.

Bununla yanaşı, keçmiş SSRİ DTX-nin ssenarisi və ermənilərin özlərinin iştirakı ilə məlum Sumqayıt hadisələri törədildi, “Pozisiya” proqramı hazırlanaraq, azərbaycanlılar məqsədyönlü şəkildə dünyaya “vəhşi və qaniçən" obrazında təqdim olundu... Sonra ardı-arası kəsilməyən yeni-yeni faciələr yaşandı... 20 Yanvar, Bağanıs-Ayrım, Xocalı, Cəmilli, Meşəli, Qaradağlı, Ağdaban soyqırımları, metro, avtobus, dəniz və hava limanı terraktları, 20 noyabr faciəsi və sairə və ilaxır...

Qeyd olunduğu kimi, bu hadisələrdən bizləri 27-30 illik az olmayan bir zaman ayırsa da, böyük əksəriyyətimiz onların canlı şahidləri və iştirakçılarıyıq. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın təcavüzkarlıq siyasəti, ikili standatlar, dünya birliyinin ədalətsiz mövqeyi üzündən Qarabağ münaqişəsi hələ də davam edir və 1990-2000-ci illər nəsli, yəni, yetişməkdə olan nəsil bu hadisələrdən yetərli qədər xəbərdar deyil. Bu, onların hadisələrə münasibətində, xüsusilə də artıq həyatımızın ayrılmaz və tərkib hissəsinə çevrilən sosial şəbəkələrdə gedən müzakirələrdə özünü aşkar büruzə verməkdədir. Odur ki, məlum hadisələrin “qara yubileyi”, o cümlədən yaxınlaşmaqda olan 20 Yanvar hadisələrinin növbəti ildönümü ərəfəsində xalqımızın başına gətirilən oyunların, qanlı faciələrin əsl səbəbkarlarının, təşkilatçılarının, icraçılarının bir qismini yenidən “xatırlatmağa”, onları gənc nəsilə tanıtmağa, yəni, düşmənlərimizi onlara təqdim etməyə çalışacağıq.

Beləliklə...

1.Sov.İKP MK-nın sabiq baş katibi, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov və həyat yoldaşı Raisa Qorbaçova: Onlar Qarabağ hadisələrinin başlamasının əsas səbəbkarları, ermənilərin əsas dəstəkçiləri olub. 20 Yanvar faciəsi də məhz Qorbaçovun birbaşa əmri ilə törədilib.

2. Akademik Abel Aqambekyan: 1987-ci ilin sonlarında Fransanın məşhur qəzetlərindən birində Qarabağ hadisələrinin fitilini atəşləyən yazı ilə çıxış edən və Qarbağın Ermənistana birləşdirilməsini təklif edən erməni şovinisti, Qorbaçov komandasının əsas simalarından biri.

3. Yazıçı Zori Balayan: Mənfur “Ocaq” kitabının müəllifi, Qarabağ hadisələrinin əsas qızışdırıcılarından olan xəstə ruhlu, şovinist erməni yazarı.

4. Sero Xanzadyan: Qatı millətçi, şovinist erməni yazıçısı.

5. Silva Kaputikyan: “Miatsum”un əsas simalarından olan şovinist erməni şairəsi.

6. Henrix İgityan: Azərbaycana qarşı böyük nifrətilə seçilən erməni sənətçisi, keçmiş SSRİ xalq deputatı.

7. Henrix Borovik: Təxribatçı “Pozisiya” proqramının müəllifi.

8. Arkadi Volski: Keçmiş DQMV-dəki Xüsusi İdarənin rəhbəri.

9. Viktor Polyaniçko: Azərbaycan KP MK-nın ikinci katibi.

10. Yevgeni Primakov: SSRİ Ali Soveti İttifaqlar Sovetinin rəhbəri, Rusiyanın sabiq xarici işlən naziri, 20 Yanvar faciəsinin əsas icraçılarından biri.

Xalq yazıçısı, mərhum İsmayıl Şıxlının 1990-cı il yanvar ayının 24-də Azərbaycan KP MK-nın plenumundakı çıxışından:

“...Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanmış hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanmışdır. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakının üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu, xalis genosid deyil, bəs nədir? Əsgər paltarlarında ermənilərin – başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda “böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal adı verilsin və “Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”.

...Bütün bu işlərə görə “qanlı perestroykanın” başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər...”

Primakovun öz yazdıqlarından:

“…Yanvarın 19-da Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəzirovun otağında idim və bu zaman Mixail Qorbaçov ona zəng etdi. Qorbaçov dedi ki, SSRİ Ali Sovetinin qərarı ilə Bakıya ordu yeridiləcək. Onda Mixail Qorbaçova dedim ki, mən hərbi əməliyyata rəhbərlik edə bilməyəcəyəm. Cavab isə belə oldu: Bir saatdan sonra müdafiə naziri Yazov və daxili işlər naziri Bakatin Bakıya uçacaqlar. Bu, çox dəhşətli günlər idi. Bakıya ordunun yeridilməsi nəticəsində yüzdən artıq azərbaycanlı dünyasını dəyişdi. Bakıda fövqəladə vəziyyət və komendant saatı elan olundu. Mərkəzi Komitənin Plenumu Vəzirovu tutduğu vəzifədən azad etdi və onun yerinə Ayaz Mütəllibov təyin olundu. Mütəllibovun birinci katib təyin edilməsinə baxmayaraq, uzun müddət həyat öz əvvəlki məcrasına düşmədi…”

12. Dmitri Yazov: Keçmiş SSRİ-nin müdafiə naziri. 20 Yanvar faciəsinin əsas “simalarından” biri.

13. Vadim Bakatin: Keçmiş SSRİ-nin daxili işlər naziri, 20 Yanvar faciəsinin əsas iştirakçılarından biri.

14. Levon Ter-Petrosyan: Ermənistanın ilk prezidenti.

15. Robert Koçaryan: Ermənistanın eks prezidenti, Xocalı qətliamını törədən əliqanlı cinayətkarlardan biri.

16. Serj Sarkisyan: Ermənistanın indiki prezideti, Xocalı qətliamını həyata keçirən əsas şəxlərdən biri.

17. Seyran Ohanyan: Xocalı soyqırımınının əsas “simlarından” biri.

18. Qalina Staravoytova: Erməni separatizminin əsas dəstəkçilərindən olan və 1998-ci ildə qətlə yetirilən rus siyasətçisi, “hüquq” müdafiəçisi.

19. Akademik, keçmiş dissident Andrey Saxarov və onun miliyyətcə erməni olan həyat yoldaşı Yelena Əlixanyan Bonner: Hər ikisi ermənilərin əsas ruporlarından, dəstəkçilərindən olub.

20. Stepan Sitaryan: SSRİ Nazirlər Soveti sədrinin müavini.

21. Pavel Qraçov: Rusiyanın ilk müdafiə naziri, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalında bu şəxsin “xidmətləri” “müstəsna”dır.

22. General Dubinyak: Bakının komendantı.

Bu sırada Ermənistan keçmiş rəhbərləri Karen Dəmirçyan, Stepan Arutunyan, keçmiş DQMV-nin rəhbəri Henrix Poqosyan və digər erməni şovinistləri var... (Oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.