“Freedom House”un “azad olmayan” ölkələr hesabatı - Bakıdan sərt reaksiyalar

17-01-2018, 09:52           
“Freedom House”un “azad olmayan” ölkələr hesabatı - Bakıdan sərt reaksiyalar
Beynəlxalq təşkilatın Azərbaycanla bağlı səsləndirdiyi iddiaya deputat “Amerikada demokratiya ümumiyyətlə olmayıb” dedi

Nüfuzlu beynəlxalq insan haqları təşkilatı “Freedom House” yanvarın 16-da “2018-ci ildə Dünyada Azadlıq” hesabatını açıqlayıb. Hesabatda deyilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.

Hesabat bunu əsas etibarilə Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaranmış böhranla izah edir. Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.

Hesabatda bildirilir ki, avtokratik rejimlər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün hətta öz sərhədlərindən uzaqlardakı debatları boğmağa, dissidentləri təqib etməyə, dünya təsisatlarını sarsıtmağa çalışırlar.

“Freedom House”un hesabatında deyilir ki, indiyədək bütün dünyada demokratiyanın həm nümunəsi, həm də müdafiəçisi olan ABŞ-ın özündə demokratik standartların zəifləməsi əsasən 2017-ci ilə təsadüf edib. Hesabat bunu Rusiyanın ABŞ prezident seçkisinə iddia olunan müdaxiləsi ilə izah edir.

Demokratiyanın cəbhə boyunca geri çəkildiyi bir vaxtda ölkələrin azadlıq təsnifatında da yaxşılaşma gözləmək çətin idi.

Hesabatda 49 ölkə “azad olmayan” kateqoriyasına daxil edilib. Azərbaycan da artıq bir xeyli vaxtdır ki, bu kateqoriyada qalır.

Azərbaycanla birlikdə Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya, Tacikistan da azad olmayan ölkələr kateqoriyasındadır.

Azərbaycanın iki qonşusu - Ermənistan və Gürcüstan, Bosniya-Herseqovina, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Monteneqro (Çernoqoriya), Pakistan və Ukrayna ilə yanaşı qismən azad ölkələr kateqoriyasına daxil olub.

Dövlət statusu olmayan ərazilər arasında Dağlıq Qarabağ da var və o, qismən azad kateqoriyasında qalır.

Hesabatda təhlil edilmiş 196 ölkədən 88-i azad, 58-i isə qismən azad kateqoriyasındadır.

Siyasi şərhçilər Amerika və Rusiyanın da hədəfə alındığı hesabatda həqiqətlərin olduğunu bildirsələr də, Azərbaycanla bağlı olan hissədə qərəzli münasibətin olduğunu qeyd edirlər.


Deputat Aqil Abbas “Freedom House”un hesabatındakı fikirlərlə razılaşmır. O, sənəddə deyilənin əksinə, Azərbaycanın “azad ölkə” olduğunu, təməl hüquqlarının təmin edildiyini bildirib: “Amerikada demokratiya ümumiyyətlə olmayıb. Amerikada demokratiya öz daxili üçündür. Daxilində az-çox demokratiya var, bunu heç kəs dana bilməz, amma Amerikadan çıxandan sonra demokratiya yoxdur. Hansı demokratiyadan danışırsınız? PYD-yə (Suriyada kürdlərin silahlı qruplaşması) silah göndərən demokratiyadan danışırsınız? Bunu özləri də etiraf edirlər ki, Türkiyəyə qarşı 30 minlik ordu yaradıblar”.

Deputat hesabatda səslənən "ABŞ-ın özündə demokratik standartlar aşındığı üçün böhran yaşanır və buna görə də demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur» fikrinə belə münasibət bildirir:

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev məsələyə bu cür şərh verdi: “Ümumiyyətlə, yeni dünya düzəninin inkişafı və bərqərar olması üçün uzun müddət sistemli atılan addımlara Trampın gəlişindən sonra badalaq vurulan hallar meydana çıxdı. Nəticədə yubanmalar oldu. Artıq belə demək mümkündür ki, Amerikanın və yeni dünya qurmaq istəyənlərin itirdiklərini Rusiya və Çin yığmağa başladı. Bu barədə deyilənlər doğrudur. Şərq üçbucağı ilə əslində yeni dünya düzəni qurmaq istəyənlər arasında mütəmadi olaraq çarpışma gedir. Bunun görünən tərəfləri də olur, görünməyən tərəfləri də. Rusiya Amerikanın insan haqları və digər məsələlərdə bağlı yanlışlarından çox məharətlə istifadə edə bilir. Xüsusilə Amerikanın miqrantlarla bağlı etdiyi jestlər, bəzi ölkə vətəndaşlarının ora gəlmələrinin qarşısının alınması, yaxud bəzi ölkələrin vətəndaşlarının ölkədən çıxarılması ilə bağlı məsələlərdən istifadə edə bildilər. Düşünürəm ki, Rusiya postsovet, Suriya və digər bu kimi məsələlərdə ciddi irəliləyişlər artıq qazanıb. Deyə bilmərəm ki, bu qarşısıalınmaz prosesdir. Amma hər halda, Rusiyaya bir fürsət verildi ki, addımlar ata bilsin. Çox rahat şəkildə Kreml insan haqlarını pozmağa başladı, bir sıra münaqişə ocaqları yaratdı. Amerika da son zamanlar demokratiya və bu kimi məsələlərdə tənəzzül var. Ona görə də ”Freedom House"nin bu istiqamətdə qeyd etdiyi ilə razılaşmaq mümkündür. Bu məsələlər çox ciddi şəkildə alt qatlarda müzakirə edilməlidir. Demokratiya ideal deyil, amma ondan yaxşısının olmadığını deyirlər. Hər halda, bu bizim deyil, dünyada oturuşmuş sistemdir. Bu istiqamətdə təhlükələr var, bunun qarşısı indidən alınmasa, böyük dövlətlər sözdə deyil, əməllərində bu istiqamətdə işlər görməsə, müəyyən çətinliklərin olacağı danılmazdır".

Deputat hesabatda Azərbaycanla bağlı olan hissəyə də toxundu: “Avroatlantik məkanda Azərbaycan dünyanın ürəyi deyilən yerdir. Bura uğrunda böyük bir savaş gedir. Son zamanlar böyük layihələrin həyata keçirilməsi gizli və açıq şəkildə savaşın getməsinə səbəb olub. Ona görə də burada Qarabağ məsələsinin bitməməsini, Azərbaycanın təzyiq altında saxlanılmasını, ölkəmizi öz orbitinə salıb, oyun qaydaları ilə siyasi oyunlarda siyasi oyunçu kimi olmasını istəyənlər var. Bu məsələdə də ölkəmiz üzərinə qərəzli şəkildə gəlmək, məhz Azərbaycana qarşı olan o qərəzli münasibətdən doğur. Bu hesabat da ölkəmizə qarşı tamamilə qərəzlidir. Azərbaycan göstərilən kimi ciddi nöqsanlara sahib deyil. Daxilimizdə olan çatışmazlıqları iqtidar da, müxalifət də, vətəndaş cəmiyyəti də, ictimaiyyət də qeyd edir. Amma bunu görünməmiş dərəcədə qabartmaq böyük güclərin böyük məqsədlərinə xidmət edir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.