"Cənab prezidentin öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki..." - deputat
17-01-2018, 18:54
Xəbər verdiyimiz kimi, prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Metbuat.az-ın məlumatına görə, Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır bildirib ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir. Bir neçə gün sonra ölkəmizdə Qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd edib.
Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.
Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Volkan Bozkırın Bakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirib, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini deyib.
Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, cənab prezident görüşdə vacib məqamlara toxunub: “Hesab edirəm ki, bundan sonra bu məsələlər tez-tez qabardılacaq. 2018-ci il Azərbaycan üçün çox əhəmiyyətli bir hadisənin yubileyidir. 100 il bundan əvvəl Azərbaycan xalqı itirdiyi müstəqilliyi bərpa etdi və dövlətçiliyinin qurulması üçün çox ciddi addımlar atıldı. Təəssüf ki, o zaman dünya birliyinin qaydaları hələ müəyyən edilmədiyindən, eyni zamanda Rusiyanın özündə güc tapması müstəqilliyimizin itirilməsinə səbəb oldu. Ancaq 23 aylıq müstəqillik daima Azərbaycan xalqının yaddaşında yaşayıb.
1991-ci ildə müstəqilliyi bərpa olunan dövlətimiz artıq Azərbaycan Xalq Cümhuriyyətinin layiqli ənənələrini davam etdirib. Bu il eyni zamanda Parlamentin, ordunun yaranmasının, bayrağımızın qəbul edilməsinin 100 illiyidir. Qafqaz İslam Ordusunun Bakını işğadan azad etməsinin 100 illiyidir. Bütün bunlar Azərbaycan üçün fəxarət doğuran tarix səhifələridir. Azərbaycan bu məsələlərdə daima Türkiyə ilə dostluq, qardaşlıq qismində hərəkət edir. Biz həmişə uğurlarımızı qardaş dövlətlə bölüşməyə, onunla birgə addımlar atmağa çalışırıq.
Hesab edirəm ki, builki yubileylərimizdə də Türkiyə tərəfindən çox böyük qardaşlıq, dostluq məhəbbəti görəciyik. Cənab prezidentin il təzə başlayan kimi bu məsələlərlə bağlı öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki, Azərbaycan-Türkiyə dostluğu tarixi ənənələrə söykənir və bundan sonra da daima davam edəcək”.