Pənah Hüseyndən eks prezidentə sərt cavab: “Həqiqətləri tam üzə çıxarmaq istəyirlərsə...”
18-01-2018, 09:52
1990-cı ildən etibarən hər ilin bu günləri Azərbaycan gündəminin əsas müzakirə mövzusu 20 Yanvar faciəsi olur. Artıq iki gündən sonra Bakıda dinc əhaliyə qarşı həyata keçirilən qırğınların üstündən 28 il ötəcək. Hər ilin bu günləri məlum faciə ətrafında yeni-yeni iddialar, ittihamlar səslənir, faktlar meydana çıxır.
Bu il də belə iddia, ittihamların sayı az deyil. Xüsusilə 28 il öncə Azərbaycandakı milli-azadlıq hərəkatına rəhbərlik edənlərlə hakimiyyətdə təmsil olunanlar günahı bir-birilərində görürlər. İqtidarda olub, faciənin birbaşa baiskarı sayılanlar hərəkata rəhbərlik edən Xalq Cəbhəsini mitinqləri dayandırmadığına görə qırğınların səbəbkarı adlandırır. AXC-nin isə arqumentləri faktlara söykənir və kifayət qədər əsaslıdır. Bir faktı da deyək ki, AXC daxilində o zaman bir-birinə müxalif olan bəzi şəxslər var ki, faciədə ya özlərinin günahlarını etiraf edirlər, ya da rəhbərlikdə təmsil olunan digərlərini ittiham edirlər.
Son olaraq, sabiq prezident, 20 Yanvar faciəsi vaxtı Azərbaycana rəhbərlik etmiş Ayaz Mütəllibovun “Yeni Müsavat”a verdiyi müsahibə bu məsələni daha da aktuallaşdırıb. Şəxsinə olan ittihamları qətiyyətlə rədd edən A.Mütəllibov ənənəvi olaraq, o zamankı AXC-ni faciənin əsas günahkarı kimi təqdim edib. Eks-prezident faktiki ölkəyə idarəçiliyi itirdiklərini etiraf etməklə yanaşı bildirib ki, o zaman Azərbaycan siyasi meydanında iki qüvvə qarşıdurmada oldu: Azərbaycan tərəfdən Xalq Cəbhəsi, Moskva tərəfindən də Kreml. A.Mütəllibov əminliklə onu da deyib ki, Bakı qarnizonunun ətrafına yığışan adamlar dağılışsa, qırğın olmazdı.
20 Yanvar faciəsinin canlı şahidlərindən olan, AXC-nin İdarə Heyətinin üzvü, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında 28 ildən sonra bəzi üstüörtülü mətləblərin üstünü açdı: “Bu məsələ kifayət qədər siyasilər, həmin dövrün hərəkat iştirakçıları, müstəqil ekspertlər tərəfindən şərh edilib. O cümlədən Moskva, hətta Ermənistanın bəzi ekspertləri də bu məsələyə münasibət bildiriblər. Gəlinən ümumi rəy ondan ibarətdir ki, Bakı qırğını Moskva tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətdir. Bu o dövrdə SSRİ-yə daxil olan milli respublikalarda başlanan azadlıq hərəkatını boğmaq üçün həyata keçirilmişdi. Həmin əməliyyat başlamamışdan xeyli əvvəl gedən azadlıq hərəkatını boğmaq üçün bu əməliyyata hazırlıqların getdiyi barədə danılmaz sübutlar var. Bu əməliyyat, plan həm də ölkə daxilində AXC-nin nüfuzunu azaltmaq, xalq hərəkatına rəhbərliyin qarşısını almaq, qurum daxilində parçalanmalar yaratmaq üçün həyata keçirilmişdi. O dövrdə Moskvanın yerli orqanlarından bu məsələdə istifadə olunmuşdu. Həmin faciənin AXC-nin üzərinə atılması, xalqın haqlı tələbləri ilə keçirilən mitinqlərə bağlanması, bu aksiyaların mərkəz tərəfindən hazırlanan təxribat xarakterli əməllərlə eyniləşdirilməsi cəhdləri Moskva tərəfindən həyata keçirilən cinayəti ört-basdır etməkdir. Bu cinayəti ya tamamilə, ya da qismən Azərbaycan xalqının, yaxud xalq hərəkatının təşkilatlarının üzərinə atmaq cəhdləri milli xəyanətdən başqa bir şey deyil”.
P.Hüseyn sabiq prezidentin dediklərinə sərt reaksiya verdi: “Əgər əsl həqiqətləri tam üzə çıxarmaq istəyirlərsə, bunun üçün Ayaz Mütəllibov və digərlərinin həmin hadisələr haqqında onlara məlum olan əsl həqiqətlərdən danışmaları çox doğru olardı. Məsələn, Ayaz Mütəllibovun müraciəti ilə ölkəyə əlavə qoşun hissələrinin yeridilməsi haqqında onun özü danışsa, daha yaxşı olardı. Unutmaq lazım deyil ki, Azərbaycan Kommunist Partiyası Bürosunun 9-10 yanvar tarixli qərarı ilə 11 yanvarda, yəni haqqında çox müxtəlif fikirlər deyilən Milli Müdafiə Şurası yaradılmamışdan iki gün əvvəl, eləcə də Mərkəzi Komitə və digər yerlərin qarşısındakı mitinqlər başlamamışdan və barrikadalar meydana gəlməmişdən əvvəl Ayaz Mütəllibovun müraciəti ilə Bakıya guya sabitlik yaratmaq üçün əlavə qoşun hissələri yeridilmişdi. O, bundan çox danışsa daha düzgün olardı. Bu barədə məlumat versin. Bundan əlavə, Ayaz Mütəllibov Bakıda birinci katib vəzifəsinə gətirilməsi üçün yüksək vəzifəli şəxslər tərəfindən həyata keçirilən əməliyyatdan danışsın. Təəssüf ki, xalq hərəkatının bəzi üzvlərinə məlum olan bu faktlar barədə onlar ortalığa məlumat qoymurlar. Onsuz da bu hadisələr barədə hər kəsə məlum olan dolğun faktlar var və bu təkzib olunmayan faktlardır. Birmənalı şəkildə hər kəs anlayır ki, Moskva Azərbaycan xalqına qarşı təcavüz edib, qırğın törədib. Amma istənilən halda ayrı-ayrı şəxslərin, o cümlədən o dövrdə rəhbərlikdə olan şəxslər barəsindəki məlumatların meydana çıxmasına çox böyük ehtiyac vardır. Biz bu məsələlərə uzun müddət diqqət cəlb etməkdən ona görə çəkinmişik ki, mərkəzin burada törətdiyi əməlləri ört-basdır etməyə təsir göstərməsin. Amma bir halda ki, Ayaz Mütəllibov o dövrdəki hərəkətlərinə və fəaliyyətinə uyğun olaraq, bu dövrdə də fəaliyyətini davam etdirirsə, o zaman onun da fəaliyyətinə qiymət verilməlidir. O vaxt çox məşhur bir şüar var idi ki, heç olmasa rəhbərlikdə olan kişilərdə bir Elmira Qafarovada olan qədər kişilik, qeyrət olardı ki, ən azından proseslərə ciddi şəkildə mane ola bilməsələr də, öz mövqe və rəylərini ortalığa qoyardılar. O kişilik və qeyrət olsaydı ifadəsi ilk növbədə Ayaz Mütəllibova aiddir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”