AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”

18-01-2018, 18:30           

Ötən ilin dekabr ayında Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) kadr dəyişiklikləri edildi. Prezident Cahangir Əsgərovun əmri ilə baş məşqçi vəzifəsində Asif Məmmədov, federasiyanın 1-ci vitse-prezidenti vəzifəsinə isə Tofiq Heydərov təyin olundu.

Məlumat üçün bildirək ki, Tofiq Mirhəsən oğlu Heydərov 2010 və 2016-cı illərdə AAAF-ın vitse-prezidenti seçilib. Bununla yanaşı, 2006-cı ildən təsis etdiyi “Zirvə” İdman Klubunun prezidenti, 2017-ci ilin dekabr ayına qədər isə, eyni zamanda ağır atletika üzrə milli yığma komandalarımızın baş məşqçisi vəzifələrində çalışıb. Tofiq Heydərov idmançı karyerası ərzində 16 yaşında SSRİ idman ustası normasını yerinə yetirib, SSRİ-nin yığma komandası tərkibində 1990-cı ildə Macaristanda keçirilən “Dostluq” kubokunun qalibi olub. Dəfələrlə Azərbaycan çempionu və rekordçusu olaraq SSRİ birincilikləri və beynəlxalq yarışların mükafatçısı adını qazanıb. Müstəqillik dövrümüzün ilk – 1996-cı il Atlanta Yay Olimpiya Oyunları, həmçinin Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edən ilk atletlərimizdən olub. Heydərov məşqçilik fəaliyyəti zamanı da böyük uğurlar əldə etmiş, tələbələri dəfələrlə Avropa və Dünya çempionatlarının mükafatçısı, üç dəfə Olimpiya oyunlarının iştirakçısı (IV, IV və VII yerlər) olmağı bacararaq adını tarixə yaza bilmişdir. Onlardan biri – Turan Mirzəyevin Afina Olimpiya Oyunlarında qazandığı nəticəni (IV yer) Cənab Prezident İlham Əliyev medal kimi qəbul edərək mükafatlandırmışdı. 2011-ci ildən beynəlxalq dərəcəli hakimdir.

Klub rəhbəri kimi fəaliyyətində Tofiq Heydərov “Zirvə” İdman klubunu dünyanın ağır atletika üzrə ən güclü klublarından birinə çevirməyi bacarıb. Beynəlxalq arenaya çıxaraq 12 dövlət və respublikamızın bütün bölgələrində filialları qurulan klubda yüksək dərəcəli maddi-texniki bazanın qurulması ölkə idmanın, xüsusilə də ağır atletikasının inkişafında mühüm rol oynayıb və hazırda da davam edir. Bundan əlavə, klubun təsis etdiyi idman təmayüllü “Zirvə” liseyində beynəlxalq yarışların hazırkı və gələcək qalib və müfakatçıları yetişdirilir, onların böyük idmançı olmaqla yanaşı, cəmiyyətimizə layiqli vətəndaş kimi qazandırılması yolunda addımlar atılır.
Arxada qalan 2017-ci illə bağlı suallarımızı cavablandırmaq üçün Tofiq Heydərova müraciət etdik. Federasiyanın 1-ci vitse-prezidentinin rəsmi sayta müsahibəsini sizə təqdim edirik:

– 2017-ci il ağır atletikamız üçün nə ilə yadda qaldı?
– Bizim üçün əsasən dopinq ilə mübarizə ili kimi. Əvvəllər komandamızda dopinqdən istifadə adi bir hala çevrilmişdi. Məşqçi və atletlərimizin beyninə sanki “dopinqsiz mümkün deyil” ifadələri yerləşmişdi. Yığma komandanın məşqçiləri dopinqdən açıq şəkildə istifadə edirdilər. Nəticədə uzun illər çəkdiyimiz əziyyətlər boşa çıxırdı. İllər boyu əziyyətlə hazırladığımız istedadlı idmançılar bu oyunun qurbanı olurdu. Dövlətimiz yüz minlərlə dollar cərimə ödəmək məcburiyyətində qalırdı. İşlərimin çoxluğuna baxmayaraq, baş məşqçi vəzifəsini məhz bu səbəbdən öhdəliyimə götürdüm. Yeni təsis edilmiş Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) və Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) köməkliyi sahəsində bu yolda birgə fəaliyyət göstərərək böyük uğurlar əldə edə bildik. Bir çox məşqçi və idmançılar bu səbəbdən yığmadan uzaqlaşdırıldı. Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz.

– Dopinqlə mübarizə 2017-ci ildə atletlərimizin nəticələrinə necə təsir göstərdi?
– O qədər də mənfi təsiri olmadı. Tam əksinə, heç bir zaman əldə etmədiyimiz uğurları əldə edə bildik. Atletlərimiz 2017-ci ildə beynəlxalq yarışlarda çox sayda – 43 medal (13 qızıl, 10 gümüş və 20 bürünc) qazandı. Yeniyetmələrimizin dünya birinciliyində komanda hesabında 9-cu yerə çıxaraq bu il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanması və Kosovoda keçirilən yeniyetmələrin Avropa birinciliyində medal hesabında birinci yerə çıxması ölkəmiz adına ağır atletika tarixində yeni bir səhifə açdı. Rüstəm Qasımov və Tarmenxan Babayevin Avropa rekordlarını yeniləyərək qızıl medallar qazanması, Səbinə Əzimovanın ardıcıl üçüncü dəfə Avropa birinciliyinin qalibi olması və İslam oyunlarındakı medalını xüsusi qeyd etmək istəyirəm. Bəli, Azərbaycanın ən istedadlı atletlərindən olan Firudin Quliyev, Elxan Əliquluzadə, Dadaşbəyli Dadaş və Valentin Xristov kimi tanınmış idmançıları dopinq cəzasına görə uzun müddət komandamızı təmsil edə bilməyəcəklər. Ancaq mən inanıram ki, yeniyetmələrimiz Tokio Olimpiya Oyunlarına qədər bu boşluğu tam doldurmağı bacaracaqlar.

– Baş məşqçi vəzifəsindən istefa verməyiniz nə ilə əlaqədar idi?
– Ağır atletikada yaranan problemlər hər zaman məşqçilərlə əlaqəli olmuşdur. Baş məşqçi seçilməyimin əsas səbəbi komandadan dopinqi birdəfəlik yığışdırmaq və bununla davamlı mübarizə aparmaq olub. İşlədiyim bu 18 ay ərzində dopinqlə mübarizədə böyük işlər görə bilmişik. Artıq komandamızda sağlam mühit formalaşıb. Hazırda yığıma komandada işləyən məşqçilərə inanıram və onlar yenə də vitse-prezident olaraq mənim tam nəzarətimdədirlər. Bu məşqçilər heyəti Avropa birinciliklərinin qaliblərini sıfırdan yetişdirməyi, üzərilərinə düşən işin öhdəsindən layiqincə bacarıblar. Eyni zamanda, yığma komandada işləyən gənc mütəxəssislərimizə böyük imkanlar yaratmışıq. İnanıram ki, tezliklə onların uğurlarının şahidi olacaqsınız.

– 2018-ci ildə federasiyanın 1-ci vitse-prezidenti kimi qarşınıza hansı məqsədləri qoymusunuz?
– Keçən il iki böyük təlim-məşq bazamızın açılışı oldu, fəaliyyət göstərən bir çox zallar da tam təmir edildi. Bu il isə işlərimiz daha da genişləndiriləcək və çalışacağıq ki, Bakıda və regionlarımızda AAAF-a məxsus yeni zallarımız açılsın. Zalların və məşqçilərin sayını artırmaqla bu idman növündə kütləviliyə nail olmaq əsas hədəfimizdir. Belə olduqda, istedadlı atletlərimizin sayı da çox olar. Bütün zalları ağır atletika avadanlıqları ilə təmin etmək, yarışlarımızın səviyyəsini və sayını artırmaq da qarşımıza qoyduğumuz vacib məsələlərdəndir. Bu il ərzində fasiləsiz təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub. Əsas məqsəd yeniyetmələrimizin Olimpiya Oyunları və lisenziya xarakterli dünya çempionatına güclü hazırlaşmasını təmin etməkdir.

– Son olaraq, Respublikamızda ağır atletikanın gələcəyini necə görürsünüz?
– Mən inanıram ki, AAAF dünyanın ən nümunəvi federasiyasına çevriləcək və Azərbaycan dünya ağır atletikasının mərkəzi olacaq. Bunu İslam Oyunları zamanı Bakıda olan Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin bir çox üzvləri də təlim-məşq bazalarımıza baxış keçirərkən xüsusilə qeyd etmişdilər. Mən idmançı olarkən ağır atletikada çox çətinliklər görmüşəm. Ümummilli Lider Heydər Əliyev idmana qayğını öz üzərinə götürdükdən sonra bizlər üçün çox gözəl imkanlar yaranmağa başlandı. Ulu öndər inanıb-güvəndiyi insanları idman qurumlarına rəhbər təyin etdi və bu gün idman sahəsində əldə olunan nəticələr göz qabağındadır. Cənab Prezidentimiz İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bu gün idman ölkəsinə çevrilmişdir. AAAF-ın prezidenti Cahangir Əsgərov başda olmaqla, bütün kollektivimiz bu Cumhuriyyət İlində də Respublikamızda idmanın inkişaf etdirilməsində çox yaxından iştirak edəcəklər.


AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.