Ərəb pullarının Bakıya yolu açılır - təfərrüat

19-01-2018, 09:53           
Ərəb pullarının Bakıya yolu açılır - təfərrüat
“Saudi Aramco” Azərbaycanda nümayəndəlik açır

Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığı genişləndirəcək. Bununla bağlı razılaşma Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə rəsmi səfəri zamanı əldə olunub.

Eyni zamanda məlum olub ki, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Azərbaycan son illərdə aktiv şəkildə ərəb ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməkdədir. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, İraqla təmaslar getdikcə artırılır. Tez-tez ərəb ölkələrində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının, ölkəmizin turizm imkanlarının təqdimat tədbirləri təşkil olunur. Azərbaycandan ərəb ölkələrinə ət və meyvə-tərəvəz ixracında da ciddi artım qeydə alınmaqdadır.

“Saudi Aramco”nun Azərbaycanda nümayəndəlik açması bu baxımdan mühüm hadisə ola bilər. Bu, əməkdaşlıq Azərbaycana nə verəcək? Ərəb investisiyalarının Azərbaycanın hazırda icra etməkdə olduğu böyük enerji layihələrinə cəlb olunması mümkündürmü?

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, ərəb ölkələri, xüsusilə də Körfəz ölkələrindən investisiyanın cəlb edilməsi çox aktualdır: “Çünki Körfəz ölkələrinin sərmayə qoyuluşu imkanları çox genişdir və onlar üçün də yeni bazarların müəyyənləşdirilməsi, yeni bazarlara sərmayələrin yönəldilməsinə ehtiyac var. Azərbaycan Körfəz ölkələri üçün məhz bu kontekstdən yeni bazar kimi qiymətləndirilə bilər. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatına ərəb investisiyalarının cəlb edilməsi üçün əlverişli imkan yaradır”.

Ekspertə görə, hər bir ölkə üçün, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün cəlb edilən investisiyanın diversifikasiya edilməsi çox vacibdir: “İnkişaf etmiş ölkələrin, Avropanın investisiyaları həm də nouhounun, texnologiyaların, innovasiyanın ölkəyə gətirilməsinə imkan yaradır. Etiraf etmək lazımdır ki, ərəb investisiyalarının bu tip imkanları xeyli məhduddur. Digər tərəfdən, strateji layihələrdə sərmayədarların cəlb edilməsi üçün layihə üzrə tərəfdaşların razılığı lazımdır. Neftin mövcud qiymətlərini, eləcə də Azərbaycanın valyuta ehtiyatlarını nəzərə alsaq, ölkəmizin iri layihələrin reallaşması üçün maliyyə tələbi, kreditorlara tələbi əvvəlki dövrlə eyni deyil. Etiraf etmək lazımdır ki, Azərbaycanın kreditorlara tələbi azalıb. İndiki şəraitdə ərəb investisiyalarının daha çox xidmət sektoruna cəlb olunması məqsədəuyğun olar. Xüsusilə də ərəb sərmayəsi hesabına İslam bankçılığının bank sektoruna gətirilməsi mümkündür. Yəni iri enerji layihələrinə ərəb investisiyalarının cəlbi məqsədəuyğun deyil, onlardan daha çox xidmət və kənd təsərrüfatı sahələrində yararlanılması düzgün olardı".


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Bakıdakı nümayəndəlik ərəb şirkəti üçün regional əhəmiyyət daşıyacaq: “Yəqin ki, ”Saudi Aramco" Bakıda Xəzər uzrə regional ofis açacaq və ola bilər ki, Türkmənistan, Qazaxıstan və Azərbaycanın layihələrinin maliyyələşdirilməsində ya passiv iştirakçı kimi, ya da müştərək müəssisələrin tərəfdaşı kimi çıxış etsin. Burada rəsmi Ciddənin marağı ola bilər. Onlar hazırda İranla Türkmənistan arasında yaranan problemi də nəzərə alıb, o cümlədən Azərbaycan və Qazaxıstanla Səudiyyə arasındakı xoş əlaqələri nəzərdə tutub belə bir addım atmaqla Xəzər regionunda öz mövqelərini möhkəmləndirmək yönümündə çoxkombinasiyalı gediş edə bilərlər".

Dünya SAKİT,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.