Eldar Mahmudov “MTN işi”ni dalana yönləndirir

24-01-2018, 09:46           
Eldar Mahmudov “MTN işi”ni dalana yönləndirir
Eldar Mahmudov “MTN işi”ni dalana yönləndirir

Sabiq nazirin həbsi niyə arxa plana keçib?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı istintaq hərəkətləri səngiyib. Daha sabiq naziri çağırıb dindirmirlər. Belə məlumatlar var ki, Eldar Mahmudov yaxın perspektivdə istintaqa çağırılmayacaq və onun həbsi məsələsi də az əvvəl olduğu kimi artıq gündəmdə deyil. Yada salaq ki, ötən ilin noyabrında Eldar Mahmudovun əmisi oğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılaraq həbs olunub. Bundan sonra Eldar Mahmudovun özünü də istintaqa cəlb etmişdilər. Qısa müddət ərzində sabiq naziri istintaqa çağırıb saatlarla dindirirdilər. Həmin günlərdə belə xəbərlər vardı ki, Eldar Mahmudovun məsələsinə nöqtə qoyulacaq. Bu isə baş vermədi.

Hazırda Vüqar Mahmudovun işi üzrə istintaqda durğunluq yaranıb. İş üzrə istintaq hərəkətlərinin olduqca ləng aparıldığı bildirilir. Eyni zamanda Eldar Mahmudovun “MTN işi” çərçivəsində Sabunçu Rayon Məhkəməsində araşdırılan işlər üzrə də dindiriləcəyi gözlənilmir. Xatırladaq ki, hazırda məhkəmədə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə bir neçə epizod üzrə dindirilmələr keçirilir. Təqsirləndirilən şəxslər epizodlar üzrə ifadə verirlər. Qeyd edək ki, onlar 2015-ci ildə həbs olunublar. Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında bu şəxslərin müstəsna rolları var. Əlləri vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan dolayı hər kəsi dinləməyə yetib və gizli yolla əldə etdikləri informasiyanı şəxsi maraqlarını təmin etmək üçün istifadədən çəkinməyiblər.

MTN-in “qara qutusu” hesab olunan Monitorinq Mərkəzindən informasiyalar sakitcə kənara axıdılıb və həmin informasiyaların aid olduğu şəxslər - iş adamları, zavod direktorları, bazar sahibləri, nazirlər, nazir müavinləri, komitə sədrləri və müavinləri, Mərkəzi Bank rəhbərliyindən tutmuş ölkədə fəaliyyət göstərən əksər bankların rəhbər işçiləri və daha kimlər “məhşər ayağına” çəkiliblər. Beləcə, gizli yolla əldə olunan şəxsi informasiyalardan sui-istifadə edərək, böyük pullara sahib olan şəxslərin cibini, həm də dilini kəsiblər. Danışan, etiraz edən olmayıb. Ola da bilməzdi. O səbəbdən ki, gizli informasiyalar üzə çıxar, “məhşər ayağına” çəkilənlər daha böyük itkilərlə üz-üzə qalar, azadlıqlarını da itirə bilərdilər. Mahmudovun dəstəsinin uzun illər ayaqda qalmasının bir sirri də məhz budur. Mahmudovun vəzifəsini itirməsi də elə bu gizli - qanunsuz dinləmələrə görədir. Bunu ilk gündən onun generallarına verilən ittihamlar sırasında yer alan Cinayət Məcəlləsinin 302.1, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - maddəsi də bir daha təsdiqləyir. İllərlə gizli-qanunsuz dinləmələr baş tutub, əldə etdikləri məlumatlardan şəxsi məqsədləri üçün istifadə ediblər. Varlanıblar, milyonlarının sayını günbəgün artırıblar. 11 ildə dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb. Nəhayətdə Eldar Mahmudovdan savayı hər kəs həbs olunub. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. O baxımdan ki, bütün ipucları ona yönəlir, onu isə tutmurlar. Beləcə “MTN işi” “kor dalan”a yönləndirilir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.