Fəzail Ağamalı: "...çünki onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur."
24-01-2018, 09:49
Deputat: “Onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə politoloq Zərdüşt Əlizadə arasında yaranan qarşıdurma səngimək bilmir. Deputatın kulis.az-a müsahibəsində politoloqun ictimai-siyasi xadim Xudu Məmmədovu əsəbləşdirərək ölümünə səbəb olması barədə səsləndirdiyi fikirlər tərəfləri üz-üzə qoyub.
AVP sədrindən sitat: “Xudu Məmmədovla ikinci görüşümüz 1988-ci ilə təsadüf edib. O, elə həmin tarixdə də vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.
Z.Əlizadənin partiya sədrinə cavab verərkən onu aşağılaması, ələ salması qarşıdurmanı daha da dərinləşdirib. Politoloqun F.Ağamalı haqda deyib: “Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən KKB agentiyəm”.
F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında politoloqa olduqca sərt cavab verdi: “Bizim bir-birimizə qarşı antipatiyamız var. Mənim ondan xoşum gəlmədiyi kimi, onun da məndən xoşu gəlmir. Hətta hərəkat dövründən onun anti-milli hərəkətlərini, çağırışlarını görərək, onun əleyhinə getmişəm. O, tək deyildi, yanında Leyla Yunus, Ələkrəm Hümmətov da var idi. Bunlar milli azadlıq hərəkatının öncül isimlərinin mütləq əksəriyyətini hədəfə götürmüşdülər. Onlara qarşı ardıcıl şəkildə ən müxtəlif kampaniyalar aparırdılar. Zərdüşt Əlizadənin vaxtilə bir cəbhədə olduğu şəxslərə diqqət edin. Leyla Yunus öz ənənəsini davam etdirərək, Azərbaycanın gücləndiyi, adından söz etdirdiyi bir dövrdə ölkəmizə qarşı olan anti-azərbaycançı qüvvələrin içərisində yer alıb. Böhtanlar, iftiralar yağdırıb, özünə biznes qurmağa başlayıb. Artıq qurduğu bu bizneslə öz həyatını xaricdə yüksək səviyyədə keçirməkdədir. Zərdüşt Əlizadənin digər silahdaşı Ələkrəm Hümmətov Azərbaycanın ərazi bütövlüyünü parçalamaq üçün addımlar atdı, ”Talış Muğan Respublikası"nın yaradılmasının təşəbbüskarı və rəhbəri kimi çıxış etdi, separatçı mövqeyini ortaya qoydu. Həbs olundu, həbsdən çıxdıqdan sonra isə ermənilərlə birləşib, ölkəmizə qarşı fəaliyyətini davam etdirdi. Zərdüşt Əlizadə bu satqınlarla bərabər olub. Sadəcə olaraq, o, onlar kimi hərəkət etməsə də, başqa bir rakursdan Azərbaycana qarşı olan anti-milli mövqeyini davam etdirməkdədir.
Ölkəmizin milli maraqlarına kim xidmət edirsə, Zərdüşt Əlizadə ən tərbiyəsiz sözlərlə onların üstünə doğru gedir. Bilirəm ki, dediyi tərbiyəsiz sözlərə qarşı özünün layiq olduğu sözləri ona qarşı işlətsəm, bu, cəmiyyətdə bir az düzgün qəbul edilməz. Çünki mən bu cür insan deyiləm. Amma mənə nə deyibsə, bunun on qatını onun özünə qaytarıram. O ifadələri dilimə gətirmək istəmirəm.
Fəzail Ağamalı, rəhmətlik Əbülfəz Elçibəy, az və ya çox dərəcədə milli azadlıq hərəkatında yeri və rolu olan Nemət Pənahlı, Elçibəyə yaxın olan və milli azadlıq hərəkatında səmimiyyətlə xalqın azadlığına xidmət edənlərin hər biri Zərdüşt Əlizadənin hədəfində olub, bu gün də hədəfindədir. Bu cür insanlar əllərində faktlar olmayanda zəif adamlar kimi təhqirə, söyüşə keçir, səviyyəsinə uyğun danışırlar. Bu da bumeranq effekti verir. Cəmiyyət bir qayda olaraq, bu cür insanları qəbul etmir, onlara qarşı münasibətləri mənfi olur. Xudu Məmmədovla bağlı dediyim faktı 30 ildən sonra dilə gətirmişəm. Bu faktdır və buna şahid olan onlarla şəxs var. Rəhmətlik Məhəmməd Hatəmi, Nemət Pənahlı, İsa Qəmbər və bu kimi onlarla şəxsin adını çəkə bilərəm. Bu fakta o cür cavab verməyi onu göstərir ki, Zərdüşt Əlizadə hələ də əvvəlki ampluasındadır. Onda Azərbaycan uğrunda canını verməyə hər an hazır olan, canını verən, bunun üçün döyüşən insanlara qarşı nifrət var. Bu nifrətin içərisində mən də yer alıram. Bu nifrət qarşılıqlı, adekvat şəkildə özünü ifadə etməkdədir. O, məni təxribatçı da adlandırır, mən heç vaxt təxribatla məşğul olmamışam. Onun bunu deməklə nəyi nəzərdə tutduğunu bilmirəm. Görünür, bu yazıya uyğun olaraq, o, məni təxribatçı adlandırıb. Onu təbliğ etməyə ehtiyac yoxdur, çünki onun tərcümeyi-halı başdan-başa qara ləkələrlə doludur. Bəlkə də bu gün də əlaqələrini kəsmədiyi, münasibətlərini saxladığı Leyla Yunus, Ələkrəm Hümmətovla birgə fəaliyyətinin davamı var. Yaxşı deyiblər, “kiminlə yoldaş olmusan, onu de, sənin kim olduğunu söyləyim”. Mən onun kim olduğunu önə çəkdim. Bundan özünüz nəticə çıxarın".