Qəfil ölümlərdən xilas yolu - “Stent for life” proqramı...
25-01-2018, 09:20
2017-ci ildə ölkədə vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb; yeni ilin ilk ayında da statistika dəhşət saçır; tanınmış ürək cərrahının təklifi dəstəkləndi...
Son illərdə Azərbaycanda ürəktutmadan vəfat edənlərin sayı ciddi şəkildə artıb. Statistikaya görə, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov bildirib. Onu da deyib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb.
Qeyd edək ki, R.Mahmudov hələ 2017-ci ilin yanvarında, yəni 57.8 faizlik ölüm statistikası mövcud olmadığı zaman musavat.com-a açıqlamasında həyəcan təbili çalmışdı. Deputat bundan daha əvvəl, 2016-cı ilin payızındakı parlament iclasında, elə hökumət üzvlərinin iştirak etdiyi büdcə müzakirələrində bildirmişdi ki, dünya ölkələrinin səhiyyəsində tətbiq olunan “Stent for life” proqramından yararlanmaqla Azərbaycandakı qəfil ölümlərin böyük bir hissəsinin qarşısını almaq tam mümkündür. R.Mahmudov ürəktutmalarının əsasən 40-60 yaş arasındakı insanların arasında geniş yayıldığını da söyləmişdi.
Elə yeni ilin ilk ayında ürək tutmalarından dünyasını dəyişənlərlə bağlı acı xəbərlər ardıcıl şəkildə yayılır. Yanvarın ilk həftəsində Bakı Dövlət Universitetinin rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov iş başında ürək tutmasından dünyasını dəyişdi. Yanvarın 22-də Ağcabədi Rayon Məhkəməsində məhkəmə prosesi zamanı vəkilin qəflətən ürəyi tutub və elə məhkəmə zalında dünyasını dəyişib. 23 yanvarda isə jurnalist həmkarımız Nicat Məlikov küçədə gedərkən ürəktutmasından 39 yaşında həyata vida edib. Ötən ilin sonlarında isə digər jurnalist həmkarımız Natiq Qədimov 41 yaşında məhz ürəktutmasından qəfil vəfat etdi. Deməli, icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə qədər “Stent for life” prqramı tətbiq olunsa, xeyli insanı ölümün pəncəsindən qoparmaq olar.
“Stent for life” - “Yaşamaq üçün stendləmə” deməkdir. Bu proqram həm ürək, həm beyin damarlarını bərpa etmək imkanı verir. Yəni damarın tam tutulması anında belə o, xəstəxanaya çatdırılarsa, həmin tibbi avadanlıqlar vasitəsilə iki saat ərzində damarın yolunu bərpa etmək və xəstəni ölümdən xilas etmək mümkündür. R.Mahmudov deyir ki, bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir. Hazırda isə bu insanlar ya əlilə çevrilir, ya da həyatını itirir. Əlillə çevrilməsi həm də onların əmək qabiliyyətini itirməsi deməkdir. Bu isə təkcə həmin şəxslərin ailələrinə yük olmaları deyil, həm də dövlətə yük deməkdirr. Bunun ardınca təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin sayının artmasından, paralel olaraq pensiyaçıların statistikasında artan tempin müşahidə olunmasından danışmağa məcbur olacaq.
Rəşad həkimin bu təklifi kifayət qədər maraqla qarşılanır və təqdir olunur. Məsələn, politoloq Hikmət Hacızadə qəzetimiz vasitəsilə xahiş etdi ki, səlahiyyətli şəxslər və orqanlar bu məsələnin tətbiqi istiqamətində addım atsınlar: “Bu istiqamətdə addım atılsa, minlərlə adam ölümdən xilas ola bilər. ”Stent for life" proqramı olduqca vacib və taleyüklü bir proqramdır. İldə minlərlə vətəndaşımızın həyatını xilas edə bilər. Özü də bu proqram Rusiyada, Belarusda, hətta Ermənistanda artıq tətbiq olunub. İldə 15-20 milyon manat xərc çəkib bu proqramı tətbiq etmək olar. Amma bu addımın atılması səhiyyəmizi xeyli qabağa salar. Odur ki, xahiş edirəm, bu məsələni diqqətdə saxlayın! Doktor Rəşad Mahmudovdan isə xahiş edirik ki, bu təklifi hər yerdə səsləndirsin, inadkarlıqla bunun üzərində işləsin!"
Musa Quliyev ile ilgili görsel sonucu
Deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, prinsipcə, bu istiqamətdə Azərbaycanda da addım atmaq olar: “Amma qan-damar sistemi xəstəlikləri tək Azərbaycanın deyil, bütün dünyanın problemidir. Dünyadakı bütün ölümlərin üçdə ikisi qan-damar sistemi xəstəliklərinin payına düşür. Azərbaycanda da təxminən buna yaxın bir statistika var. Rəşad həkimin dediyi də böyük bir proqramdır. Şübhəsiz ki, hökumət bu məsələyə baxmalıdır. Bu, çox vacib bir məsələdir. Milli Məclis olaraq bu məsələləri biz də büdcə müzakirələrində, həm də hökumətin hesabatlarında qaldırırıq. Yəqin ki, hökumətin mart ayındakı hesabatında da bu barədə deyəcəyik. Hər halda, bu məsələləri hökumət qarşısında qaldırmaq Səhiyyə Nazirliyinin borcu, işidir. Amma təkcə bu proqram deyil, başqa proqramlar da var. Bütövlükdə ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi, bu xəstələrin reabilitasiyası üçün dövlət proqramı da qəbul oluna bilər”.
M.Quliyev bildirdi ki, bunlar hamısı ciddi maliyyəyə bağlı məsələlərdir: “Biz indi icbari tibbi sığortaya keçməyə hazırlaşırıq. Şübhəsiz ki, belə xəstələrin həm müayinəsi, həm profilaktik müalicələr, o cümlədən ağır əməliyyatların həyata keçirilməsini icbari tibbi sığorta qarşılayacaq. Amma sığorta başlayana qədər belə bir proqrama imkan olar, ya olmaz, bunu yəqin ki, hökumət götür-qoy etməlidir”.
Deputat əlavə etdi ki, ölkə üzrə icbari tibbi sığortaya 2019-cu ildə keçilməsi planlaşdırılır: “İki rayonda bu, tətbiq olunur, Sədərəkdə də başlayır. 2018-ci il ərzində yəqin daha bir rayon da əlavə olunar. Yəni 4 rayonda biz bu təcrübəni davam etdirəcəyik”.
Mövzunu diqqətlə saxlayacağıq.
E.PAŞASOY,
“Yeni Müsavat”