ABŞ Rusiyanı iflic edə bilər: SWIFT sistemi... – Ekspert
25-01-2018, 09:42
Rusiyanın SWIFT sistemindən çıxması Rusiya iqtisadiyyatı və bankları üçün arzuolunan deyil. Çünki SWIFT sistemi Rusiya banklarına beynəlxalq hesablaşmaları həyata keçirməyə imkan verir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Rusiyanın SWIFT sistemində qalmağa çalışması və ya buradan çıxması ilk növbədə Rusiyanın fərdi qərarından asılı olacaq:
“Rusiyanın bu sistemdən çıxmaqda maraqlı olduğunu düşünmürəm. Rusiyanın SWIFT sistemindən çıxması Rusiya bankları üçün arzuolunan deyil. Çünki SWIFT sistemi Rusiya banklarına beynəlxalq hesablaşmaları həyata keçirməyə imkan verir. Rusiya banklarının SWIFT sistemindən çıxarılması ABŞ-ın sanksiyaları fonunda inkişaf etmiş ölkələr tərəfindən atılan bir addım nəticəsində baş verə bilər. Bu baş verərsə, təbii ki, Rusiya banklarının beynəlxalq hesablaşmalarına mənfi təsir göstərəcək və nəticə etibarilə Rusiya şirkətlərinin də beynəlxalq əməliyyatlarında problemlər yaranacaq. Məsələn, İranın sözügedən sistemdən çıxarılması bu ölkənin banklarının beynəlxalq əməliyyatlarına ciddi təsir göstərdi və bank sektorunun inkişafının qarşısını aldı”.
İqtisadçının sözlərinə görə, Rusiyanın SWIFT sistemindən uzaqlaşdırılması Moskvaya tətbiq ediləcək sanksiyalar fonunda mümkündür:
“Əgər sanksiyalar genişlənərsə və bank sektoruna tətbiq olunarsa, o zaman bu mümkündür. Ancaq nisbətən yumşaq sanksiyalardan istifadə olunarsa və bu, bank sektorunu əhatə etməyəcəksə, o zaman Rusiya SWIFT sistemində qalacaq”.