Azərbaycan Prezidenti: Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur, maliyyə vəziyyətimiz çox sabitdir

30-01-2018, 08:22           

Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur, maliyyə vəziyyətimiz çox sabitdir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Deyə bilərəm ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik".

İlham Əliyev bildirib ki, Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir: "Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik.

Bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.