Büdcədən pul alan partiyalar -1 milyondan 100 minədək...
31-01-2018, 09:42
Büdcədən pul alan partiyalar -1 milyondan 100 minədək...
YAP büdcədən ildə təxminən 1 milyon 200 min manat, Milli Məclisdə təmsil olunanlar isə 120 min manatadək vəsait alırlar
Məlum olduğu kimi, bu il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.
Belə ki, 2018-ci ildə siyasi partiyalar üçün büdcədən ayrılan vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb. O da bəllidir ki, bu vəsaitdən ancaq parlamentdə təmsil olunan partiyalar yararlana bilirlər.
Bəs görəsən, bu pul partiyalar arasında necə bölünür? Vəsait paylanarkən hansı prinsiplər əsas götürülür? Hazırda Milli Məclisdə təmsil olunan hər partiya nə qədər pul ala bilir?
“Yeni Müsavat”a açıqlama verən Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də bildirdi ki, bu vəsaitlər iki prinsip əsasında bölünür: “Birinci prinsip odur ki, büdcədən ayrılan pulun 50 faizi partiyalar arasında bərabər bölünür, qalan 50 faizi isə deputat sayına görə bölünür. Ona görə də YAP büdcədən ildə təxminən 1 milyon 200 min manat pul alır. Digər partiyalardan Milli Məclisdə 1,2,3 yerlə təmsil olunanlar 106 min manatdan 120 min manatadək alırlar. Bildiyiniz kimi, Milli Məclisdə yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 yerə sahibdir, qalan bütün partiyaların hamısı 1 yerdir. Ona görə də çox güman ki, 1 deputatla təmsil olunan partiyalar ildə 106 min manat, VHP də 120 min manat alır. Qalan hissə isə Yeni Azərbaycan Partiyasına düşür. YAP demək olar ki, ümumi ayrılan pulun yarısını alır.
Partiyalara bu il 3,1 milyon manat pul ayrılıb. Onun 50 faizi , yəni 1,55 milyon manat partiyalar arasında bərabər bölünür. Hazırda Milli Məclisdə 11 partiya təmsil olunur. Hərəsinə 100 min manatdan artıq pul düşür. Hər deputat sayına görə isə 6 min manat pul əlavə olaraq alırlar. Yerdə qalan 1, 5 milyon manatın 1,3 milyon manatı YAP-a düşür. Bərabər bölgüdən də hakim partiyaya 100 min manatdan çox vəsait düşdüyündən, YAP 1,5 milyon manata yaxın büdcədən pul alır".
Qeyd edək ki, Milli Məclisdə aşağıdakı siyasi partiyalar təmsil olunur:
Yeni Azərbaycan Partiyası 69 deputatla, Vətəndaş Həmrəyliyi Partiyası 2 deputatla, Ana Vətən Partiyası 1 deputatla, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 deputatla, Azərbaycan Sosial Rifah Partiyası 1 deputatla, Azərbaycan Sosial Demokrat Partiyası 1 deputatla, Vəhdət Partiyası 1 deputatla, Milli Dirçəliş Hərəkatı Partiyası 1 deputatla, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası 1 deputatla, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1 deputatla, Böyük Quruluş Partiyası 1 deputatla.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”