Amerikanın qara siyahısına düşən azərbaycanlı milyarderlər - onları nə gözləyir...
3-02-2018, 10:31
Natiq Cəfərli: “Hesabat açıqlanandan bugünə kimi ümumilikdə adı keçən insanların leqal mal varlıqlarında artıq 2 milyard dollara yaxın itki olub”
ABŞ-ın Maliyyə Nazirliyinin Rusiyaya sanksiyaları nəzərdə tutan “Kreml hesabatı” bəzi azərbaycanlı milyarderləri də çətin vəziyyətə salıb. Belə ki, “Kreml hesabatı”na 5 azərbaycanlı milyarderin də adı düşüb. Onlar Fərhad Əhmədov, Araz Ağalarov, Qod Nisanov, Vahid Ələkbərov və Zarax İliyevdir. Onlar digər 92 oliqarxla birlikdə Amerika üçün “arzuolunmaz” şəxslər hesab olunacaqlar.
Bəs görəsən, ABŞ Maliyyə Nazirliyi tərəfindən belə bir “status” almaq hər hansı milyarder üçün nə deməkdir? Bundan sonra onu hansı məhdudiyyətlər gözləyir?
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, bu sanksiyaların adıçəkilən milyarderlər üçün nəticələri çox ağır olacaq: “Bu şəxslər artıq Amerikanın nəzarəti altındadır. Amerikanın nələrə nəzarət etdiyini nəzərə alsaq, vəziyyət bir qədər aydın olar. ABŞ bütün dünyanın bank sisteminə nəzarət edir, çünki bütün pul köçürmələri məhz bir sistem vasitəsilə həyata keçirilir. ABŞ dolları dünyanın əsas ehtiyat valyutasının emitentidir. Dünyada elə bank yoxdur ki, orada dollar əməliyyatları aparılmasın. Bu isə o deməkdir ki, bütün bankların Amerika banklarında bank hesabı var. Bir neçə il öncə Amerika bütün dövlətləri də məcbur etdi ki, onlarla saziş bağlasınlar və lazımi məlumatları ötürsünlər. Deməli bank əməliyyatlarına da Amerika tam nəzarət edir. Ən nəhayət, ABŞ internetə nəzarət edir, dünya internet şəbəkəsinin düyməsi məhz bu ölkənin əlindədir. Bu baxımdan həmin milyarderlərin maliyyə aktivlərinə Amerika əl gəzdirə bilər. Dünyanın bütün varlı insanlarının Qərb ölkələrində və ya Qərbin təsiri altında olan ölkələrdə aktivləri var. Bu baxımdan onların aktivləri nəzarətdədir, vəsait əllərindən alına da bilər”.
Hüquqşünas onu da vurğuladı ki, “Kreml hesabatı”nda dərc olunan versiya hələ tam deyil: “ABŞ özü də dedi ki, bu sənədin gizli hissəsi də var. Bu gizli hissədə elə adlar da var ki, heç açıqlanmadı. Çünki adları çəkilən şəxslər ancaq 1 milyard dollardan çox aktivi olanlardır. Onlara qarşı hansı addımların atılacağı da çox güman ki, gizli hissədə əksini tapıb. İndi heç kim deyə bilməz ki, orada söhbət nədən gedir. Məsələn, ABŞ bu yaxınlarda Qazaxıstanın Milli Suveren Fondunun neçə milyard vəsaitini həbs edib. Dövlətin vəsaitini ABŞ həbs etdiribsə, hansısa Rusiya oliqarxına qarşı da tətbiq edə bilər. Təəssüf ki, bizim həmyerlimiz olan milyarderlərə də bu şamil edilir”.
Belə görünür ki, bu sanksiyalar milyarderlərin müxtəlif ölkələrə yatırım etməsinə də əngəl ola bilər. Belə olan halda onların Azərbaycan iqtisadiyyatın yatırım etməsi həm də iqtisadiyyatımız üçün müsbət hal ola bilər.
Bu istiqamətdə fikri isə Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında səsləndirib. O deyib ki, sanksiyaların siyahıda olan biznesmenlərlə əlaqə quran Avropa şirkətlərinə də tətbiq olunması azərbaycanlı milyarderləri öz vəsaitlərini Azərbaycana yönəltməyə təşviq edə bilər: “Biz, əlbəttə, qonşu dövlətin sanksiyalara məruz qalmasının tərəfdarı deyilik. Lakin bu sanksiyalar milyarderlərin öz vəsaitlərini Azərbaycana yatırması üçün əlverişli imkanlar yaradacaq”.
Deputatın bu fikirlərinə münasibət bildirən Əkrəm Həsənov vurğuladı ki, Azərbaycan iqtisadiyyatı bu milyarderlər üçün çox kiçik bir iqtisadiyyatdır: “Digər tərəfdən onların onsuz da burada müəyyən yatırımları var. Vahid Ələkbərovun, Araz Ağalarovun burada aktivləri onsuz da var. Bu sanksiyalardan sonra onların buraya əlavə vəsait qoyacağına inanmıram. Azərbaycanda çox yüksək gəlirlilik də yoxdur. Onlar çox güman ki, başqa şəxslərin adına aktivlər alacaqlar, ofşor şirkətlər təsis edəcəklər. Təbii ki, bunları ABŞ və Qərbdə yox, Birləşmiş Ərəb Əmirliklərində və digər bu kimi ölkələrdə yatırım edəcəklər. Azərbaycana meyl etmələri ehtimalı yoxdur”.
Mövzu ilə bağlı münasibət bildirən Natiq Cəfərli isə bildirdi ki, ilkin növbədə onların xaricdəki mal varlıqlarının ciddi yoxlanılması və qanunauyğun olub-olmaması, vergi qaçaqmalçılığı ilə məşğul olub-olmaması yoxlanacaq: “Əgər qanundankənar yatırımlar, vergidən yayındırılmış vəsaitlər tapılsa, bununla bağlı müəyyən ölçülər götürüləcək. Digər tərəfdən, həmin şəxslərin və onlara bağlı şəxslərin xaricdən maliyyə mənbələrinə çıxış imkanları kifayət qədər məhdudlaşdırılacaq. Ən azından Amerika fondları, Avropadakı Amerika ilə ortaq banklardan kredit xətlərinin açılması məhdudlaşdırılacaq, bəzi hallarda isə qadağan olunacaq. Digər tərəfdən həmin şəxslərə bağlı şirkətlərə Amerikan şirkətləri tərəfindən yeni texnologiyalara çıxış üçün məhdudiyyətlər qoyulacaq. Bu siyahıda adı olan şəxslər ciddi maliyyə itkisi ilə üzləşəcəklər. Hesabat açıqlanandan bugünə kimi, ümumilikdə adı keçən insanların leqal mal varlıqlarında artıq 2 milyard dollara yaxın itki olub. Ancaq ABŞ-da bu insanların bank hesablarına həbs qoyulması ehtimalı çox aşağıdır. Bu adətən məmurlara tətbiq olunan cəzadır. Çünki ABŞ-da və Qərb ölkələrində hüquq tələb edir ki, bunun üçün məhkəmə qərarları olmalıdır, hesaba həbs qoyulması əsaslandırılmalıdır. Amma hər hansı formada vergidən yayınma halları ortaya çıxarsa, məhkəmə qərarları ilə hesablarına həbs qoyula bilər. Belə halların aşkara çıxacağı ehtimalı da çoxdur. Hər hansı bir ABŞ vətəndaşı, şirkəti həmin şəxslərə qarşı məhkəmə qarşı iddia qaldırsa, məhkəmə qərarı ilə bank hesablarına, əmlaklarına həbs qoya bilər. Yatırıma gəlincə, Qərb ölkələri, Amerika heç bir yatırıma əngəl yaratmır, əksinə, cəlb etməyə çalışır. Ancaq düşünmürəm ki, siyahıda adı olan insanlar, o cümlədən azərbaycanlılar bundan sonra Qərbə yatırım etməyi düşünsünlər. Çünki hər an qoyduqları yatırımı məhkəmə qərarı ilə itirə bilərlər”.