ABŞ səfirinin seçki açıqlamalarının pərdəarxası

28-02-2018, 09:58           
ABŞ səfirinin seçki açıqlamalarının pərdəarxası
Elçin Mirzəbəyli: “ABŞ Misirdə seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə daha çox inanır, nəinki...”
Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanın 11 apreldə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində ABŞ müşahidəçilərinin olub-olmayacağı barədə mətbuata verdiyi açıqlamada səsləndirdiyi bəzi fikirlər geniş müzakirələr doğurub. Səfirin bu açıqlamalarında sətiraltı mənaların olduğu bildirilir.

Sekuta Azərbaycandakı seçkilərdən danışarkən bu ilin mayında Misirdə keçiriləcək prezident seçkilərindən söz açıb. Bir sözlə, səfir daha çox Misir seçkilərinə fikirlərində yer ayırıb. Sitat: “Dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq”.

ABŞ səfirinin nədən Azərbaycan və Misir seçkilərini müqayisə etdiyi bir sıra müəmmalar yaradıb. Səfir Azərbaycanın qonşuluğunda yerləşən Rusiyada martın 18-də prezident və aprelin 2-də təcavüzkar Ermənistanda keçiriləcək parlament seçkilərini sanki unudub. Ekspertlər hesab edirlər ki, Misir ABŞ-a daha yaxın ölkə olduğundan səfir bu ölkədəki may seçkilərinə toxunub. Ölkəsinin strateji tərəfdaşı olan Azərbaycanı Sekutanın bir növ Afrika ölkəsi Misirlə yanaşı qoyduğu qeyd olunur.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli səfirin fikirlərində hər hansı bir sətiraltı mənanın olduğunu düşünmür: “ABŞ səfiri dövlət katibi Reks Tillersonun Misirlə bağlı fikirlərini nümunə gətirməklə Ağ Evin bütövlükdə seçkilərə olan münasibətini açıqlayıb. Yəni ABŞ səfiri demək istəyib ki, dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, Vaşinqtonun seçkilərlə bağlı vahid mövqeyi var. Reks Tillerson ABŞ səfirinin birbaşa rəhbəridir, Vaşinqtonun xarici siyasətinə görə məsuliyyət daşıyan şəxsdir. Robert Sekutanın öz rəhbərinin fikirlərindən sitat gətirməsi indiki halda təbii qəbul olunmalıdır. Misirdə seçkilər martın 26-28-i aralığında keçiriləcək. Bu baxımdan Misirdə keçiriləcək seçkilərin diqqət mərkəzində olmasını bir neçə aspektdən şərh etmək olar. Öncə nəzərə almaq lazımdır ki, Misir ABŞ-ın ənənəvi müttəfiqidir və bu reallıq çox güman ki, hələ uzun müddət öz mövcudluğunu qoruyub saxlayacaq. ”Müsəlman qardaşları"nın iflası və hakimiyyətə hərbçilərin yiyələnməsindən sonra bir çox ölkələr, ö cümlədən Birləşmiş Ştatların opponenti rolunda çıxış etməyə cəhd göstərən dairələr Vaşinqtonun “öz övladlarını yediyini”, demokratik dəyərləri müdafiə etmədiyini önə çəkməyə başladılar.

Qeyd edim ki, Misirdə sonuncu seçki 2014-cü ildə, Məhəmməd Mursinin hərbçilər tərəfindən devrilməsindən təxminən 10 ay sonra keçirilib. Həddən artıq az seçicinin qatıldığı seçkilərdə hərbi çevrilişin başında dayanan sabiq müdafiə naziri Əbdülfəttah Əs Sisi prezident seçilib. Mayda keçiriləcək seçki Misir üçün həm də hərbçilərin hakimiyyəti demokratik yolla ötürmələri baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses ABŞ-ın diqqət mərkəzindədir və Vaşinqton üçün mühüm əhəmiyyət daşıyır. Reks Tillersonun açıqlaması ABŞ-ın müttəfiqi olan ölkəyə münasibətdə sərgilənən mövqedir. Digər tərəfdən, Misir Afrika qitəsində yerləşir deyə bu ölkənin hüquqi sisteminin şübhə altına alınmasını da doğru saymıram. Dünyanın ən totalitar rejimlərindən birinin mövcud olduğu Şimali Koreya Yaponiya və Cənubi Koreya kimi demokratik dəyərləri mənimsəmiş ölkələrin qonşuluğunda yerləşir. Coğrafi mövqe demokratik dəyərlərin təşəkkül tapması baxımından göstərici sayıla bilməz. Məsələn, Yaşıl Burun Adaları Respublikası da Afrikada yerləşir. Bu kiçik ölkə demokratiya indeksindəki yerinə görə hətta Fransanı da qabaqlayır.

Cənubi Afrika Respublikası demokratik dəyərlərlə bağlı göstəricilərinə görə İtaliya da daxil olmaqla, bir çox Qərb ölkələrindən öndə - 31-ci sırada dayanır. ABŞ dövlət katibinin, yaxud səfirinin Rusiyada və ya Ermənistanda keçiriləcək seçkilər barədə sitat gətirməməsi də olduqca təbiidir. Əvvəla, Rusiyada və Ermənistanda demokratiya ilə bağlı vəziyyət Misirdə olduğundan dəfələrlə pisdir. Həmçinin ABŞ səfirinin “boss”u Reks Rillerson bu iki ölkədə keçirilən seçkilərlə bağlı hər hansı bir fikir səsləndirməyib. Digər tərəfdən, ABŞ səfiri Ermənistanda keçirilən seçkiləri nümunə gətirə bilməzdi, çünki belə bir nümunənin Azərbaycanda qıcıq doğuracağını yaxşı bilir. Seçkilərlə bağlı Rusiyanın adının hallandırılması isə ən yaxşı halda sensasiya kimi qəbul oluna bilərdi.

ABŞ yaxşı bilir ki, postsovet məkanında demokratik proseslərin arzuolunan həddə çatmasına mane olan səbəblərdən biri də Rusiyanın bu regionu daim təzyiq altında saxlaması və özünün yaratdığı münaqişələr vasitəsilə bölgəni öz təsir dairəsində saxlamaq niyyətidir. Qənaətimə görə, Birləşmiş Ştatlar Misirdə seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə daha çox inanır, nəinki Rusiyada, yaxud Rusiyanın forpostu olan Ermənistanda... ABŞ səfirinin gətirdiyi nümunədə müqayisə yoxdur. Səfir şərh vermir, sadəcə, konkret nümunə ilə ölkəsinin seçkilərlə bağlı prioritetlərini dilə gətirir. Bunu elə belə də qəbul etmək lazımdır. Misirin adı çəkiləndə nə olacaq ki? Misir dünyanın ən qədim mədəniyyətinə və dövlətçilik ənənələrinə malik olan dövlətlərdən biridir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.