Baş nazirimizin atası ilə pul söhbəti - Məşhur məktub

28-02-2018, 10:13           

İlimiz Cümhuriyyət ili...

Həm də bu vəsiləylə Cümhuriyyət qəhrəmanlarımızı tanımalı və tanıtmalıyıq.

Əlbəttə, mövzu genişdir, dərindir.

Açılmamış səhifələr, qaranlıq məqamlar var.

Bu gün bir məktub haqqında yazacağıq.

Məktubu atası Nəsib bəy Yusifbəyliyə yazıb.

Əslində bu məktubdan az qala hamı xəbərdardır.

Lakin çoxları onun məzmununu dəqiq bilmir və buna görə də təhriflərə yol verirlər.

Bələdçimiz Nağı bəy Şeyxzamanlıdır.

O Cümhuriyyət dövründə xüsusi xidmət orqanının, daha konkret yazsaq, Əksinqilabla Mübarizə İdarəsinin rəhbəri olub.

Aprel inqilabından sonra xaricə gedən Nağı bəy Türkiyədə, Almaniyada və ABŞ-da yaşayıb.

Onun xatirələri XAN nəşriyyatında çap olunub.

Məktubu isə ona Nəsib bəyin özü oxuyub.

Demək, Nəsib bəy baş nazir təyin edildikdən sonra Nağı bəy onu təbrik etmək üçün Gəncədən Bakıya gəlir.

O günlərdə Nağı bəy Əksinqilabla Mübarizə İdarəsinin rəhbəri deyildi.

Nəsib bəyin yanına gedir, köməkçisi Nəsib bəyə məruzə edir.

Baş nazir Nağı bəyi saat 10-dan 2-yə qədər gözlədir.

O zaman nazirlərin iş saatı saat 2-də başa çatırdı.

Saat 2-də Nəsib bəy otağından çıxır, Nağı bəylə görüşüb deyir: “Səni gələn kimi qəbul etsəydim, doyunca söhbət edə bilməyəcəkdim. İndi gedək nahar edək və doyunca söhbətləşək”.

Nahar zamanı Nəsib bəy baş nazir olduqdan sonra maddi sıxıntılarından xilas olduğunu deyir. Və o məşhur məktubu da Nağı bəyə oxuyur.

Qalanını Nəsib bəydən dinləyək:

“Seym dövründə Tiflisdə maarif naziri idim və aldığım maaş mənə çatmırdı. Həmişəki kimi atama məktub yazıb ondan pul istəyirdim. Azərbaycanın istiqlalını elan etdik. Cümhuriyyətin maarif naziri oldum. Aldığım maaş yenı də məni dolandırmırdı. Parlametimizdə olsun, partiyamızda olsun, ümumiyyətlə xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirtdiyi gecələrə dəvət olunmayam. Hamısının da dəvətini qəbul edərək iştirak etmək lazımdır. Çoxuna sıxıla-sıxıla bir az maddi köməklik də edirdim. Ancaq baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum. Belə məsrəflərin hamısı örtülü təsisatdan verilmir. Mən atamın icazəsi ilə bağlarımızın birini müasir bağ yaratmaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olmağa vaxt tapa bilmirdim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Atamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam ürəyində nə varsa, hamısını yazıb:

“Əziz oğlum, artıq səbrim tükənib, daha dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içərisində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedib Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Sonra cümhuriyyətin maarif naziri oldun. Yenə də aldığın maaş sənə çatmadı. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da sənə göndərdim. Bu gün isə baş nazirsən, dövlət başçısısan, yəni ölkəmizin padşahı olmusan. Yenə bağın qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

O məşhur məktubun tam mətni budur.

Müəllif: Qan Turalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.