Gözlər Konqresə dikilir: dollar ucuzlaşacaq, yoxsa... – Şərh
28-02-2018, 10:16
Dolların ucuzlaşması daha çox ABŞ hökumətinin və Federal Ehtiyatlar Sisteminin (FES) ortaya qoyduğu strategiyadan qaynaqlanır.
Bu sözləri Axar.az-a FES-in yeni rəhbəri Cerom Pauelin Konqresdə baş tutacaq ilk çıxışı fonunda dollarla bağlı gözləntilər haqda danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib. İqtisadçı 2017-ci ilin aprelindən sonra dolların dünya bazarlarında öz mövqeyini əhəmiyyətli səviyyədə itirdiyini və ilin sonuna doğru bu göstəricinin təxminən 13 faiz ətrafında dəyişdiyini qeyd edib:
“2018-ci ilin ilk aylarında da dolların zəifləməsi prosesi müşahidə olunub və hazırda bu, daha çox ABŞ hökumətinin və FES-in ortaya qoyduğu strategiyadan qaynaqlanır. Ancaq dolların mövqeyinin zəifləməsində bu strategiyadan daha çox prosesə təsir göstərən ABŞ hökumətinin hazırkı qeyri-müəyyən davranışları və ortaya qoyduğu proqramlardır. Bu səbəbdən də hazırda dollara investor marağı zəifləyib. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün baş verənlər hökumətin maraqlarına uyğundur. Belə ki, ABŞ hökuməti daha çox aşağı məzənnə siyasətini həyata keçirməklə ixracı təşviq etməyə çalışır və onun genişlənməsi siyasətini dəstəkləyir. Bugünlərdə bənzər açıqlama yenə də Çinlə ABŞ arasında iqtisadi ticarət kəsirinin aradan qaldırılması ilə bağlı məsələlərdə gündəmə gətirildi. ABŞ-la Çin arasında birincinin zərərinə olmaq şərtilə 2017-ci ildə 500 milyarddan artıq ticarət defisiti yaranıb. Belə bir şəraitdə Vaşinqton Çini bilərəkdən aşağı məzənnə siyasəti ilə ABŞ-ı daxili və dünya bazarlarında sıxışdırmaqda ittiham etdi. Bu baxımdan dolların məzənnəsini artıracaq əhəmiyyətli mövqelərin ortaya qoyulacağını düşünmürəm”.
Ekspert müəyyən mənada ABŞ hökuməti ilə FES arasında fikir ayrılıqlarının olduğunu bildirib:
“FES müstəqil olaraq monetar məzənnə siyasəti həyata keçirir. Nəzərə alaq ki, 2018-ci ildə uçot dərəcəsinin üç dəfə artırılması ehtimal olunur, eyni zamanda, daha çox inflyasiya ilə bağlı göstəricilər əsas indiqator olaraq müəyyən edilib. Əgər sabahkı görüşdən sonra inflyasiya ilə bağlı göstəricilərin artırılması yönündə mesaj verilərsə, bu, son nəticədə dolların qısamüddətli dövrdə müəyyən qədər möhkəmlənməsinə, ancaq sonradan yenidən ucuzlaşmasına gətirib çıxara bilər. Beynəlxalq maliyyə institutlarının dollarla bağlı məzənnə proqnozlarına baxsaq, demək olar ki, əksəriyyət ABŞ dollarının ilin üçüncü rübünə qədər ucuzlaşacağını, dördüncü rübdə isə müəyyən qədər korrelyasiyanın olacağını proqnozlaşdırır, ancaq son nəticədə ilin əvvəli müqayisədə ilin sonuna doğru dolların məzənnəsinin aşağı düşəcəyi ilə bağlı ehtimallar daha çoxdur. Biz düşünürük ki, hardasa 1avro/1ABŞ dolları paritesi ilin sonunda təxminən 1,25 ətrafında, indiki məzənnəyə nisbətən yaxın olacaq. Bu da ilin əvvəli ilə müqayisədə dolların ucuzlaşmasını şərtləndirəcək”.
Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) yeni rəhbəri Cerom Pauel Konqresdə ilk dəfə çıxış edəcək. C.Pauelin çıxışının dolları bahalaşdırcağı iddia edilir.