Qərbin seçki sürpriz(lər)i - Bakı üçün də kritik gözlənti

28-02-2018, 10:41           
Qərbin seçki sürpriz(lər)i - Bakı üçün də kritik gözlənti
Putinin yaxın adamından sensasion iddia: “Seçki ərəfəsi müharibə başlaya bilər”; səsvermə günü yaxınlaşdıqca İrəvan və Moskvada narahatlıq artır; Rusiya nəşri: “Ermənistan Amerika ilə bağlı taleyüklü səhvə yol verə bilər...”
Azərbaycan, Rusiya və Ermənistanda prezident seçkilərinə az qaldı. Martın 18-də Rusiyada, aprelin 11-də isə Azərbaycanda seçkidir. Sabah - martın 1-də isə işğalçı Ermənistanın parlamentində yeni prezidentin seçkisi ilə bağlı səsvermə olacaq. Möcüzə baş verməsə, hakim rejimin namizədi, Böyük Britaniyadakı səfir və iş adamı Armen Sərkisyan elə birinci turdaca qalib gələcək.

Regionun və dünyanın əsas diqqəti isə bəlli səbəblərdən Rusiyadakı seçkilərə yönəlikdir. Burada da möcüzə qeydə alınmasa, martın 18-də indiki prezident Vladimir Putin siyasi hakimiyyətinin ömrünü daha 6 il uzadacaq. Ancaq belə görünür ki, bu, Putin üçün gözlənildiyi qədər asan və başağrısız olmaya da bilər. Ən əvvəl o səbəbə ki, xüsusən Qərb, ABŞ daha 6 il onunla işləməkdə maraqlı deyil. Putin Rusiyası postsovet məkanı, Yaxın Şərq regionu, hətta Avropa üçün təhlükəli dövlət hesab edildiyi üçün.

*****

Bu üzdən bəzi politoloqlar Qərbdən V.Putinə ictimai rəyə təsir edə biləcək qəfil seçki sürprizləri də istisna etmirlər. O sırada Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov iddia edir ki, martın 18-də Vladimir Putinin yenidən prezident seçilməsini əngəlləmək üçün Donbasda (Ukrayna) yaxın günlərdə müharibə başlaya bilər. Bu haqda o, özünün facebook səhifəsində yazıb (publika.az).

“Kiyev hakimiyyətinin nəzarətində olan KİV-lər Rusiya qoşunlarının müdaxiləsi ehtimalının yüksək olduğu və Rusiyanın hücumuna cavab vermək zərurəti barədə təbliğat kampaniyasına başlayıblar. Bu, ehtimal etməyə imkan verir ki, Kiyev yaxın günlərdə genişmiqyaslı təxribat hazırlayır. Aydındır ki, Rusiyada prezident seçkiləri ərəfəsində yeni müharibənin əsas məqsədi seçkilərə təsir etməkdir” - politoloq qeyd edib.


Markov Ukrayna Silahlı Qüvvələrinin əsas zərbə istiqamətləri kimi Donetsk, Luqansk və Qorlovka şəhərlərinin adlarını çəkib. “Yüzlərlə insan həlak olacaq. Bundan sonra Ukrayna əməliyyatları dayandıracaq. Və Rusiya əhalisinin reaksiyasını gözləyəcəklər. Nəticədə, Rusiya çox çətin vəziyyətdə olacaq. Bəyanatlarlamı kifayətlənmək lazımdır? O halda Putinin Donbasdakı rusları qorumaqda qabiliyyətsiz olduğu bildiriləcək və prezident seçkiləri ərəfəsində onun reytinqinin kəskin düşməsi başlanacaq”, - deyə Markov əlavə edib.

Yada salaq ki, martın 18-də həm də Krımın Rusiya tərəfindən ilhaqının rəsmiləşdirilməsinin 4-cü ildönümüdür. Görünür, Moskva bu tarixi də təsadüfi seçməyib. Ukraynanın Xarici İşlər Nazirliyi isə bu arada Krımda prezident seçkilərinin keçirilməsinə qarşı etirazla Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib.

*****

Maraqlıdır ki, Rusiyanın satelliti Ermənistanda da Qərbin, ABŞ-ın mümkün seçki sürprizlərindən dolayı təlaş baş qaldırıb. Məsələn, erməni hərbi ekspert Ayk Naapetyan “Sputnik Ermənistan”a müsahibəsində Markovdan da uzağa gedərək deyib ki, amerikalılar Rusiya rəhbərliyinə qarşı bu ölkə sərhədləri boyunca konflikt nöqtələrini qızışdıraraq, baş ağrısı yaratmağa cəhd edə bilər (axar.az).

Onun iddiasına görə, Qarabağda da situasiyanın gərginləşdirilməsi Putinə amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanan sürpriz ola bilər: “Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistan Qarabağla hərbi ittifaq haqqında müqavilə imzalayacaq və ona hərbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərəfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan İrəvan KTMT-nin yardımını tam şəkildə istəmək haqqına sahibdir. Azərbaycan tərəfindən konfliktə Türkiyə qarışır. Türkiyənin arxasında isə aydındır ki, NATO dayanır. İndi məsələ odur ki, güc mərkəzləri genişmiqyaslı konfliktə hazırdırlarmı?”

*****

Bu kimi kritik gözlənti və iddialar söz yox ki, Bakının məxsusi diqqətli olmasını diktə edir. Həm də o səbəbə ki, Azərbaycanın özündə də seçki yaxınlaşır. Lakin Rusiya və onun işğal ortağı Ermənistandan fərqli olaraq Azərbaycan balanslı xarici siyasət yürüdür, İrəvan və Moskvadan fərqli olaraq, Qərbin, Amerikanın bölgədəki maraqlarına təhlükə kəsb etmir. Bakı həmçinin Moskva və İrəvan kimi yaxın qonşulara (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) qarşı işğalçılıq siyasəti apararaq, Qərbin buradakı təhlükəsızlik maraqlarına təhdid də yaratmır.

Əksinə, Azərbaycan iri enerji və nəqliyyat layihələrində açar ölkə kimi həm bölgənin, həm də Qərb (Avropa) ölkələrinin Moskvadan energetik (siyasi) asılılığını azaltmağa kömək edir. Hazırda inşa edilməkdə olan və 2020-ci ildə tam istismara veriləcək, “Şahdəniz -2" qazını Avropa bazarına çatdıracaq Cənub Qaz Dəhlizi də eyni məqsədə xidmət edir.


Ermənistan isə rus hərbi bazaları ilə birgə bölgədə bilavasitə Kremlin maraqlarının əsas təminatçısı və ötürücüsüdür. Eyni zamanda qonşulara - Azərbaycana və sırf qərbyönlü kurs yürüdən Gürcüstana real təhlükə mənbəyidir. Təsadüfi deyil ki, Rusiyaya qarşı ABŞ-ın silah sanksiyalarından ən çox qorxuya düşən Ermənistandır. Nədən ki, Rusiyadan savayı hansısa başqa ölkədən silah-sursat almaq iqtidarına deyil - həm maliyyə imkanı yoxdur (Rusiya silahı işğalçıya dünyada ən ucuz qiymətə satır), həm də Moskva qoymaz.

Bu mənada Qərbin, ABŞ-ın Rusiyaya, onun regiondakı əsas əlaltısı və hərbi qalası Ermənistana hansısa seçki və ya seçkisonrası neqativ sürpriz(lər) olacaqsa belə, bu, Azərbaycan üçün, Gürcüstan üçün daha çox “anti-sürpriz” anlamında ola bilər. Bütün hallarda Bakı seçki ətrafında gedən prosesləri dıqqətdə saxlamaq zorundadır. Çünki söhbət həm də Qarabağda vəziyyətin hansı məcrada inkişaf tapacağından və yeni müharibə ehtimalından gedir. Artıq kritik bir dönəmə daxil olmuşuq.

*****


Bu arada Rusiyanın nüfuzlu Rosbalt.ru nəşrində “ABŞ Rusiya-Ermənistan dostluğunu ”sındıra" biləcəkmi?" sərlövhəli məqalə dərc olunub. “Yeni Müsavat”ın məlumatına görə, məqalədə deyilir: “ABŞ artıq Ermənistanı Rusiyadan silah almağa görə sanksiyaların tətbiq oluna biləcəyi haqda xəbərdar edib... Amerikanlar bütün hallarda Ermənistana siyasi təzyiq edəcək, maliyyə köməyini azaldacaq və ya ondan imtina edəcək və s. Yekunda İrəvan hər necə olmasa, Moskva ilə merkantil dostluğun tellərini zəiflətməli və özünə alternativ silah tədarükçüsü axtarmalı olacaq. Bunu eləmək isə elə də asan deyil - Ermənistanın kiçik büdcə vəsaitləri, bu ölkə ərazisindəki Rusiya hərbi bazalarının varlığı, KTMT-yə üzvlük və Qarabağ məsələsi nəzərə alınarsa”.

ABŞ-Rusiya qarşıdurmasının daha da kəskinləşəcəyini proqnoz edən nəşr daha sonra yazıb ki, bu qarşıdurma birmənalı olaraq amerikayönlü kurs götürməmiş iri və xırda dövlətlərə təsirsiz ötüşməyəcək. “İrəvan bu zaman çox kobud, taleyüklü səhv buraxa bilər. Sual da budur ki, bu situasiyada o, kimdən daha çox qorxur və kimi daha çox ”sağa" bilər - Rusiyanı, yoxsa ABŞ-ı? Ancaq bu sual öz arxasınca başqa “qorxuluları” - Azərbaycan və Türkiyəni də dartıb gətirir", - deyə Rosbvalaş.ru işğalçı Ermənistanın qəliz durumuna işarə ilə əlavə edib...

“Yeni Müsavat”ın

analitik xidməti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.