İranı qarışdıran MKİ agenti Ayətullah Mikenin – Şok dosyesi
28-02-2018, 11:44
Donald Tramp hakimiyyətə gəldikdən bir neçə ay sonra onu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranla iş üzrə şöbəsinə rəhbər təyin etdi. Onun MKİ-də fəaliyyətə başlamasında 6 ay sonra qonşu İranda on minlərlə insan küçələrə axışdı, hakimiyyət əleyhinə şüarlar səsləndirdi, ölkə xaosa sürükləndi.
Teleqraf.com MKİ-nin İran üzrə işlərinə rəhbərlərik edən Mixail Danderanın dosyesini təqdim edir.
Dandera MKİ-də 1979-cu ildən çalışır. O, karyerasına Afrikada başlayıb, daha sonra Tanzaniyada Amerika səfirliyində “diplomat” kimi fəaliyyət göstərib. Misirdə isə MKİ-nin rezidenti olub. Ancaq karyerası ərzində səhvlərə də yol verib. Məsələn, 11 sentyabr 2001-ci ildə ABŞ-a hücum edəcək şəxslərdən olan Navaf əl Hazmini izləyə bilməyib. Baxmayaraq ki, bu, onun əsas işlərindən biri olub. Buna rəğmən, Dandera karyerasında sürətlə irəliləyə bilib. 2006-cı ildə o, MKİ-nin Terrorla Mübarizə Mərkəzinə rəhbər gətirilib. Burada 9 illik fəaliyyəti zamanı Pakistan və Yəməndə əməliyyatlar keçirib. Ərəb, fars və türk dillərində səlis bilir, kürd dilindən müəyyən qədər anlayır. MKİ-də işləyə-işləyə qısa zamanda Dandera islam coğrafiyası sahəsində mütəxəssis kimi yetişə bilib və hazırda MKİ-də bu istiqamətə nəzarət edir.
Usama Bin Laden “ovu”
“Qaranlıqlar şahzadəsi” ləqəbli Dandera 2006-cı ildə MKİ-nin Terrorla Mübarizə Mərkəzinin rəhbərliyinə gətirildikdən bir neçə il sonra onun rəhbəri olduğu mərkəz Pakistanda Usama Bin Ladenin “ovu”na çıxdı. Məhz onun bacarığı, analizləri və uzaqgörənliyi səbəbindən MKİ uzun illərdir ki, axtardığı Bin Ladenin yerini müəyyən etdi. Əməliyyat zamanı Bin Laden öldürüldü. Düzdür, əməliyyat anı Terrorla Mübarizə Mərkəzinin bir helkopteri sıradan çıxdı, amma buna baxmayaraq, əməliyyat qrupunun bütün üzvləri sağ-salamat Pakistanı tərk edə bildi. Və İslamabad-Vaşinqton münasibətləri də elə o zaman korlandı. Pakistan hüquq-mühafizə orqanları MKİ-nin onlara xəbər vermədən ölkədə əməliyyat keçirməsini, üstəlik bu əməliyyatın da Bin Ladenə qarşı olmasını həzm edə bilmədi.
Ayətullah Mike kimdir?
Müəmmalı, bacarıqlı, ağıllı və inadcıl adam kimi təqdim edilən Ayətullah Mikenin İranla bağlı bu qədər təsirli olmasının isə özəl sirləri var. Bunun əsas səbəbi Danderanın özündən 10 yaş böyük olan xanımı Faridan Currumjedir. Dandera bu xanımla evləndikdən sonra müsəlman dinini qəbul edib və bu səbəbdən də ona “Ayətullah Mike” də deyirlər. Onun xanımı isə Afrikada çox nüfuzlu ailələrdən hesab olunur. Ailə Afrika qitəsində telekommunikasiya, media, turizm, maliyyə və enerji sahəsində milyard dollarlıq sərmayə və yatırımlara malikdir. Məlumatlara görə, məhz onların nəzarət etdikləri şirkətlərdə uzun müddət yüzlərlə iranlı çalışıb. Bu iranlılardan ABŞ gələcəkdə təşkil ediləcək aksiyalarda əsas hərəkətverici qüvvə kimi istifadə edəcəkdi.
İranda aksiyaları hazırlayan kimlərdir?
Faridan Currumje Dendara ailəsinin Afrikada olan şirkətlərində təkcə iranlılar çalışmayıb, eyni zamanda bu şirkətlərin İranla sıx əlaqələri mövcuddur. 10 il əvvəl Afrikadan İrana köçən 900 nəfər də məhz Dandera şirkətlərində işləyənlərdir. Sonrakı dönəmdə isə onun şirkətlərində azı 250 iranlı işləyib. İddialara görə, iranlılar orada təkcə işləməyib, həm də təlimatlar alıblar. Çünki danderalar Afrikada MKİ-dən xəbərsiz heç bir iş görməyib. Faridan Dandera bu şirkətlərə rəhbərlik edir, İranla əlaqələri daima gücləndirir, beləcə İran daxilində dayaqlarını artırır, Tehranda nüfuzlu iş adamı kimi qəbul olunurdu.
İran kəşfiyyatı izinə düşüb, amma...
Dünyanın ən güclü kəşfiyyat xidmətinə malik olan ölkələr sırasında öndə gələn İran kəşfiyyatçıları Faridan Danderanı son bir ildə sistematik izləsələr də, onun və şirkətlərinin haqqında müfəssəl informasiya əldə edə bilməyiblər. Buna səbəb isə MKİ-nin Faridan haqda informasiyaları pərdələməsi olub. İran kəşfiyyatı yalnız Faridan Danderanın yeddi xarici pasporta sahib olması barədə məlumat əldə edə bilib. Bu isə İranla bağlı yeni planların qarşısını almaq üçün yetərli deyildi... İddialara görə, İranda baş verən son aksiyalar Dandera ailəsi tərəfindən təşkil edilib, aksiyalara maliyyə dəstəyini isə Səudiyyə Ərəbistanı verib. Aksiyaların nə zaman başlayacağı, mitinq zamanı qaldırılacaq şüarlar isə Ayətullah Mike tərəfindən müəyyən edilib. 2009-cu ildə baş verən aksiyaların uğurlu olmadığını analiz edən Ayətullah Mike aksiyanın başlaması tarixi kimi bu ilin 5 yanvarını, cümə gününü seçib. Ssenari bu şəkildə də davam edib. Aksiyada qarşıdurma olmalı, mümkün qədər çox insan ölməli idi.
Dandera: Liviya ssenarisi
Ayətullah Mikenin planına görə, İrandakı aksiyalar Liviyada olduğu kimi inkişaf edə bilərdi. Bu isə yeni ABŞ administrasiyasına sərf edən variant idi. Çünki Donald Tramp hakimiyyətə gəldikdən qısa müddət sonra İranı hədəfə aldı və bununla da İrana qarşı hərbi hərəkətlənmənin mümkünlüyü gündəmə daşındı. Liviyadakı kimi İranda baş verın son aksiyalarda çoxlu sayda insan ölərdisə, bu zaman məsələ BMT-də müzakirəyə çıxarıla, İran rejiminin öz vətəndaşlarını öldürməsi, habelə terrorizmə dəstək verməsi “üz qarası” hesab oluna bilərdi. Bəzi dövlətlərin buna qarşı çıxaraq, Tehranı dəstəkləməsinin isə əhəmiyyəti olmaya da bilərdi. Liviyada da analoji proses yaşandı və sonda ABŞ Tripoliyə hava zərbələri endirdi. Nəticədə Qəzzafi devrildi. MKİ-nin son İran həmləsi nisbətən uğurlu alınsa da, ssenari sona qədər işləmədi.
Afrika əməliyyatları
İddiaya görə, uzun illər MKİ-nin Afrika əməliyyatları xanım Faridan Danderanın idarə etdiyi ofislər vasitəsilə həyata keçirilib. Yəni MKİ-nin Afrika əməliyyatlarının ofisi bu xanımın şirkətləri olub. Bir çox MKİ agenti şirkətin əməkdaşı qismində fərqli Afrika ölkələrinə səfərlər edib, yerli şəraitlə tanış olub, özləri üçün casus toru qurublar. İddialara görə, MKİ-nin 55 fərqli ölkədə Dandera ailəsi kimi zəngin ailəvi “dostları” var. Seçilmiş belə ailələr MKİ-yə hər cür dəstək verir, əksər hallarda onların təlimatı əsasında işləyir. Təbii, MKİ-yə dəstək verən ailələrin sərmayələrinə də zənginlik qatılır, imkanları daha da genişlənir. Sözsüz ki, İranda da Currumje kimi MKİ-yə yaxın ailələr var.