Vəkil: “Koroğlu” şirkətində Vergilər Nazirliyinin araşdırma aparması zərurəti var”

1-03-2018, 00:31           
Vəkil: “Koroğlu” şirkətində Vergilər Nazirliyinin araşdırma aparması zərurəti var”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.

Bu haqda ötən sayımızda məlumat vermişdik. “Koroğlu” şirkətində işçilərə qarşı inanılmaz istismar halları var – VİDEO” sərlöhvəli yazı R.Əliyevin nümayəndəsi Samir Zeynalovun fikirlərinə əsaslanırdı. Nümayəndə bildirmişdi ki, Rauf Əliyevə qarşı ittihamlar əsassızdır, kserokopiyadan çıxarılan və faktiki olaraq şirkətdə vergidən yayınma hallarını təsdiqləyən kağız parçalarına əsaslanır.

Rauf Əliyevin vəkili Ceyhun Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, müvəkkilinə qarşı irəli sürülən ittiham tam əsassızdır: “Rauf Əliyevin əməlində mənimsəmə cinayətinin heç bir tərkibi yoxdur. “Koroğlu” şirkəti ilə Rauf Əliyev arasında münasibətlər ümumiyyətlə mülki mühakimə icraatında belə perspektivsizdir. O səbəbdən ki, işləmədiyi müddətə ona qarşı mənimsəmə ittihamı irəli sürülməsi hüquqla yolverilməzdir. Rauf Əliyev maddi məsul şəxs olmaya-olmaya ona qarşı ittiham irəli sürülə bilməzdi. Rauf Əliyevə heç bir ictimai təhlükəli əməl törətmədən aylardır ki, cinayət məsuliyyətinə cəlb olunmaqla mühakimə edilir”.

Vəkil deyir ki, iş üzrə ədalətli nəticəyə gəlinməsi çox zəruri və vacibdir: “Ədalətli yanaşma olmasa, hüquqi cəhətdən düzgün yanaşma da olmayacaq. Rauf Əliyev heç bir cinayət törətməyib və ona bəraət verilməlidir”.

Vəkil şirkətdə üzə çıxan vergidən yayınma ilə bağlı məlumatlara münasibət bildirib: “Bu məsələ Vergilər Nazirliyinin araşdırma predmeti olmalıdır. Rauf Əliyevin göstərdiyi xüsusatlar Vergilər Nazirliyinin araşdırması zərurətini yaradır”.

Xatırladaq ki, S.Zeynalov bildirmişdi ki, 1992-ci ildən fəaliyyət göstərən “Koroğlu” MMC şirkəti bu günə qədər fəaliyyətinin böyük hissəsini qara mühasibatlıq üzərində quraraq, satış prosesində printerlə çap etdiyi qeyri-rəsmi qaimə-fakturalardan istifadə etməkdə davam edir. Şirkətdə printerlə çap etdiyi qeyri-rəsmi qaimə fakturalardakı məhsul qiymətləri ilə rəsmi bəyannamələrdəki qiymətlər arasında 150-200 % nisbətində fərqlər mövcuddur. Bununla da təsdiq edilmiş dövlət qanunlarından irəli gələn vəzifə və öhdəlikləri kobudcasına pozaraq, real satış dövriyyəsini gizlədərək, dövlətə tam vergisini ödəməkdən boyun qaçırdır. Bundan başqa nümayəndə şirkətə satış nöqtələrindən qaytarılan istifadə müddəti bitmiş məhsulların şirkət ərazisində xüsusi gizli anbarlarda yenidən qablaşdırıldığını da açıqlayıb. Bildirib ki, həmin məhsulların üzərilərinə printerdən çap edilmiş yeni tarixli etiketlər vurularaq yeni məhsul adı altında yenidən satışa göndərilir. Həmin gizli anbarlar haqda ətraflı məlumat təqdim edə biləcəklərini də açıqlamışdı. “Koroğlu” şirkətinin apardığı qanunsuzluqlara, özbaşınalıq hərəkətlərinə dözməyərək, intihar etmiş işçilərin də adlarını təqdim etmişdi:

1.İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov ( İntihar tarixi 14.05.2014)

2.Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Xəyyam Vüsal oğlu Nağıyev (İntihar tarixi 05.12.2011)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.