Qubad İbadoğlu “Bu o demək deyil ki, mübarizə başa çatdı”

2-03-2018, 09:31           
Qubad İbadoğlu “Bu o demək deyil ki, mübarizə başa çatdı”
“Siyasi mübarizənin əxlaq və mənəviyyat üzərində qurulmasının tərəfdarıyam”

İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun ABŞ-ın nüfuzlu Princeton Universitetindəki tədris proqramı gələn ay başa çatır. Neçə aylardır ABŞ-da olsa da, Q.İbadoğlu Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında gedən prosesləri yaxından izləyir. Buna görə də onunla söhbətimizdə ölkədə gedən ən ciddi proseslərə toxunmağa çalışdıq:

- Qubad bəy, Azərbaycanın vergi sistemində islahatlar başlayır. Sizcə, islahatlar hansı istiqamətdə getməlidir?

- Əslində Azərbaycan prezidentinin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə həmin il vergi sahəsində aparılacaq islahatların istiqamətləri müəyyənləşmişdi. Həmin istiqamətlər arasında kifayət qədər mütərəqqi hesab olunacaq məsələlər də vardı. Orada 21 istiqamətdən söhbət gedirdi, onlardan bir qismi artıq icra edilib. Məsələn, Azərbaycanda taxfree sistemi yox idi, indi hava limanında, digər sərhəd-buraxılış məntəqələrində bu sistem tətbiq olunur. Amma təəssüf ki, o sərəncamın bir çox bəndləri hələ də icra olunmayıb. Məsələn, onların arasında ictimai məlumatlandırma mexanizminin hazırlanması nəzərdə tutulurdu. Digər bir sıra tədbirlər, o sıradan nümunəvi vergi ödəyicilərinin açıqlanması da həyata keçirilməyib. Bu baxımdan, vergi sistemində islahatların davam etdirilməsi zəruridir. Eyni zamanda paralel olaraq ədliyyə-məhkəmə sistemində də islahatlar aparılmalı, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bildiyiniz kimi, vergi məsələləri ilə bağlı mübahisəli proseslərdə məhkəmələr əksər hallarda vergi orqanlarının mövqeyindən çıxış edirlər. Buna görə də vergi ödəyiciləri arasında hüquqlarını məhkəmə yolu ilə müdafiə etməyin mümkünlüyünə inam azdır. Bu isə vergi orqanı ilə münasibətlərdə ödəyicilər üçün qeyri-bərabər şəraitin formalaşması deməkdir. Ümumilikdə isə vergi qanunvericiliyində bir çox təkmilləşmələr olmalıdır. Biz Vergilər Nazirliyinə dəfələrlə təklif vermişik. Məsələn, onlardan biri patent vergi sisteminin tətbiqidir. Bu sistem xidmət, ticarət, ictimai iaşə və digər bəzi sahələrdə vergi əməkdaşları ilə ödəyicilər arasında birbaşa təmasları azaldar, ödəyicilərin daha azad, daha sərbəst fəaliyyətinə imkan yaradar. Elektron auditin tətbiqi genişləndirilməlidir. Ümumiyyətlə, vergi yoxlamalarına son qoyulmalı, audit fəaliyyəti genişləndirilməlidir. Auditorlar Palatasından lisenziya almış müstəqil auditorların fəaliyyəti stimullaşdırılmalıdır.

- Azərbaycanda vergi yükünün böyük olduğu deyilir. Dünya ölkələrinə baxanda bizdə vəziyyət necədir?

- Vergi dərəcələrinin rəqabətliliyi baxımından Azərbaycan region ölkələri arasında aşağı mövqeyə malikdir. Azərbaycandakı vergi yükü region ölkələri ilə müqayisədə yuxarıdır, demək olar ki, 40 faizə çatır. Qazaxıstanda bu göstərici 29,2 faiz, Gürcüstanda 16,4 faizdir. Təsəvvür edin, Gürcüstanda vergi yükü Azərbaycandan 2,5 dəfə aşağıdır. Hesab edirəm ki, Azərbaycanda vergi yükünün optimallaşdırılması vergi islahatlarının əsas hədəflərindən biri olmalıdır. Həm sektorlar, həm şirkətlər, həm fərdi ödəyicilər, həm dövlət sektoru üzrə potensial vergi yükü dəqiq müəyyənləşdirilməlidir. Vergi potensialı ilə vergi dərəcələri arasında əlaqələr iqtisadiyyatın strukturuna, inkişaf perspektivlərinə, bazar konyukturasına, eyni zamanda bütövlükdə sahibkarların durumuna adekvat şəkildə olmalıdır. Vergi dərəcələri əsaslandırılmış olmalıdır, elə olmalıdır ki, şirkətlər, fərdlər üçün problem yaratmasın. Həmin vergi öhdəliyi şirkətlərin, fərdlərin vergi mədəniyyətinin formalaşdırılmasına xidmət etsin. Bu yaxınlarda ABŞ-da bu istiqamətdə müəyyən dəyişikliklər baş verdi. İlin sonunda prezident Trampın vergi islahatı planına uyğun olaraq vergi dərəcələri xeyli aşağı salındı, həm korporativ vergi dərəcələri, həm də fərdlərin gəlirlərindən olan vergilərin dərəcələrində azalma müşahidə olundu. Düşünürəm ki, Azərbaycanda da bu sahədə islahatlara ehtiyac var. Xüsusilə də Əlavə Dəyər Vergisi yüksəkdir, onun diferensiallaşdırılmasına ehtiyac var. İdxal mallarından yalnız bir növ vergi tutulmalıdır. Halbuki bizdə elə mal var ki, həm aksiz, həm rüsum, həm də ƏDV tutulur. Bu, əslində ikiqat vergiyə cəlb olunmaqdır. Məsələn, ölkəyə avtomobil gətirəndə onun gömrük dəyərinin üzərinə rüsumlar əlavə olunandan sonra cəmi məbləğdən ƏDV hesablanır. Bu isə o deməkdir ki, ƏDV həm də rüsumdan tutulur. Belə hallar yolverilməzdir və aradan qaldırılmalıdır. Vergi rejiminin sabitliyi də mühüm məsələdir. Hesab edirəm ki, islahatların bir istiqaməti də bununla bağlı olmalıdır, sahibkarlar bilməlidir ki, yaxın müddətdə hansı dəyişikliklər olacaq və bu dəyişikliklər onların maliyyə təsərrüfat fəaliyyətinə necə təsir göstərəcək. Vergi sahəsində islahatların mühüm bir istiqaməti vergi ödəyicilərinin fəaliyyətinin şəffaflığına, onlarda vergi mədəniyyətinin inkişafına yönəlməlidir. Prezidentin 2016-cı ilin avqust sərəncamında bununla bağlı bəndlər vardı. Lakin indiyədək həmin bəndlərin icrası sahəsində əhəmiyyətli iş görülməyib. Bildiyiniz kimi, Azərbaycanda vergi ödəyicilərinin ödədikləri verginin məbləği açıqlanmır, bu məlumat kommersiya sirri hesab olunur. Onun açıqlanması könüllüdür. Yəni vergi ödəyicisi istəyərsə özü açıqlaya bilər. Düşünürəm ki, bu məlumat ictimaiyyətə açıq olmalıdır ki, bütün vergi ödəyicilərinin ödənişləri barədə cəmiyyətdə dürüst məlumat olsun. Bu, həm də onların fəaliyyətinin qiymətləndirilməsi üçün imkanlar yaradar, yaxşı vergi ödəyən şirkətlər ictimai etimad qazanar.

- Son vaxtlar sahibkarlığın maliyyəyə kəskin ehtiyacının olduğu hər sahədə açıq hiss olunur. Bir çox ekspertlər Neft Fondu vəsaitlərinin bir qisminin sahibkarlığın maliyyələşməsinə yönəldilməsini təklif edirlər. Bu variant səmərəli ola bilərmi?

“Neft Fondun vəsaitlərinin yerli sahibkarların kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm”
Son vaxtlar bankların kreditləşmə imkanlarının azalması, problemli kreditlərin həcminin artması və sair səbəblər üzündən sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanları məhdudlaşıb. Amma hesab eləmirəm ki, burada problem maliyyə ilə bağlıdır. Məncə, mövcud maliyyə resurslarının səmərəli idarə olunmur. Ona görə də düşünmürəm ki, Dövlət Neft Fondunun vəsaitlərini bu məqsədlə istifadə etmək lazımdır. Əksinə, indiki qeyri-şəffaf və hesabatsız idarəetmə şəraitində Neft Fondundan vəsaitlər də ayrılsa, səmərəsiz şəkildə xərclənə, israf edilə bilər. Hesab edirəm hazırkı şəraitdə sahibkarlar üçün başlıca problemlədən biri aşağı kredit faizləri ilə uzun müddətli maliyyə resurslarına çıxış imkanlarının təmin olunmasıdır. Sadəcə olaraq, bu istiqamətdə mövcud təşəbbüslər davam etməli və yeni şəraitə uyğunlaşdırılmalıdır. Əlbəttə, Dövlət Neft Fondu da burada bir mənbə kimi çıxış edə bilər. Lakin mən Fondun vəsaitlərinin ölkə daxilində yerli sahibkarlığın birbaşa kreditləşməsinə yönəldilməsinin əleyhinəyəm. Hesab edirəm ki, vergi islahatları aparılmadan, ölkədə sahibkarlıq mühiti yaxşılaşdırılmadan, şəffaf, açıq və rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırmadan buna getmək olmaz. Sahibkarlığa Kömək Milli Fondu uzun illər boyu sahibkarlığa böyük həcmdə vəsaitlər yönəldilib. O fondun şərtləri sahibkarlar üçün əlverişlidir, amma reallıq budur ki, orda da resursların idarə olunmasında çətinliklər var. Buna görə də onların verdiyi vəsaitlərin bir hissəsi geri qayıtmır.

- Gələk siyasi fəaliyyətinizə. Prezident seçkisinin 6 ay irəli çəkilməsi planlarınızda hər hansı dəyişikliyə gətirib çıxardımı?

- Seçkilərin irəli çəkilməsi ADR Hərəkatının uzunmüddətli proqramlarına ciddi təsir göstərməsə də təbii ki, bizi bu il üçün nəzərdə tutduğumuz fəaliyyət proqramımızda əhəmiyyətli dərəcədə dəyişikliklərə məcbur etdi. Biz bir ictimai təşkilat olaraq Azərbaycanın demokratikləşməsini, Azərbaycanda vətəndaşların rifah halının yaxşılaşmasını qarşımıza məqsəd qoymuşuq. Və bunun həyata keçirilməsində prezident seçkisini, parlament və bələdiyyə seçkilərini də bir vasitə kimi görürük. Bizim üçün vacib olan məsələlərdən biri bu seçkilərin demokratik təşkil olunması, onların şəffaf və ədalətli keçirilməsidir. Əlbəttə ki, seçkiqabağı mühit, seçkilərə hazırlıq üçün müddət və resurslar da bundan az əhəmiyyət daşımır. Növbədənkənar seçkilərə qısa müddət ayrılması belə ciddi vəzifələrin reallaşdırılmasına xeyli çətinliklər yaratdı. Ona görə də biz ADR Hərəkatı olaraq bu prosesdə iştirakdan imtina etdik. Lakin bu o demək deyil ki, mübarizə başa çatdı. Əslində bu da yeni bir mərhələnin başlanğıcıdır. Biz bilirik ki, demokratiya və azadlıqların təminatı uğrunda mübarizə uzun müddət tələb edir. Odur ki, ADR Hərəkatı olaraq orta və uzunmüddətli dövrdə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəmizi davam etdirəcəyik. Bu sahədə planlarımız və proqramlarımız qüvvəsində qalır.

- ADR-in proqramlarının təqdimatı başlayacaq demişdiniz. Proqramlar hazırdırmı, bu sahədə işlər nə yerdədir?

- Biz proqramlarımızın təqdimatını seçki ilə əlaqələndirmiş şəkildə həyata keçirməyi planlaşdırırdıq. Seçkilər vaxtından əvvəl və qısa zaman ərzində keçirildiyi üçün orda iştirakdan imtina bu sahədə də planlara təsir edib. İndi düşünürük, yeni dövr üçün hazırkı situasiyanın çağırışları və tələbləri nəzərə alınmaqla proqramlar işlənilməli və onlar Azərbaycanın indiki durumu və gələcək perspektivləri ilə əlaqələndirilməlidir. Odur ki, seçkini izləyib, ondan sonrakı dövrün tələblərini nəzərə alıb, bu ilin ikinci yarısında hazırladığımız proqramları ictimaiyyətə təqdim edəcəyik.

- Avropa və digər ölkələrdə Azərbaycan hakimiyyətinə qarşı bir çox hallarda təhqiramiz xarakter alan video-müraciətlər və aksiyalar keçirildi. Bunları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycan hakimiyyəti ölkəni tərk etmiş vətəndaşlarıyla münasibətlərin gərginləşməsinə rəvac verməməlidir. Xüsusilə də əsassız araşdırmalar və günahsız insanlara təzyiqlər dayandırılmalıdır. Hakimiyyət həm ölkə daxili və həm də xaricində olan tənqidi fikirlərə dözüm nümayiş etdirməlidir, ölkə vətəndaşlarının mənəviyyatına, ailəsinə toxunan hallara yol verməməlidir. Çünki xaricdə yaşayanların çıxışlarına görə onların ailə üzvlərinin əsassız təzyiqlərə məruz qoyulması, həbs olunması, qohumlarından imtinaya təhrik edilməsi vəziyyəti daha da gərginləşdirir və xaricdə olanları radikal mövqeyə sövq edir. Siyasi mübarizənin əxlaq və mənəviyyat üzərində qurulmasının tərəfdarıyam.

Amma məlumdur ki, mübarizəni fərdi müstəviyə gətirəndə, ona şəxsi və düşmənçilik xarakteri verəndə əxlaq və mənəviyyat məsələləri arxa plana keçir. ADR Hərəkatı müstəvisində mübarizə əxlaq və mənəviyyata söykənir. Mən həmişə sağlam mübarizənin tərəfdarı olmuşam, indiyə qədər olan fəaliyyətimdə də ona önəm vermişəm. Hesab edirəm ki, baş verənləri birtərəfli qaydada qiymətləndirmək düzgün deyil. Hakimiyyət daha çox imkanlara, resurslara malikdir ki, bu problemləri sağlam və əxlaqlı mübarizə örnəyi göstərməklə çözsün. Çalışmaq lazımdır ki, siyasi rəqiblərlə mübarizə zamanı ailə dəyərlərinə, mənəviyyata, hissiyyata toxunacaq vasitələrdən istifadə olunmasın, belə hərəkətlərə yol verilməsin. Hesab edirəm ki, siyasi mübarizə aparmaq iddiasında olan hər kəs bunu əxlaqlı çərçivəsində, sağlam formada davam etdirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.