Gömrük rüsumları artırılır? - Rəsmi açıqlama

2-03-2018, 16:41           

Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Femida.az-a verilən məlumata görə, idxal edilən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumları mövcud qanunvericiliyə uyğun olaraq hesablanır və son zamanlar bu sahədə dəyişikliklərin aparılması, eyni zamanda gömrük vergi və rüsumlarının artırılmasına dair məlumatlar həqiqətə uyğun deyil. Lakin ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa cavabdeh olan qurumlardan biri olaraq gömrük orqanlarına bəzi karqo şirkətləri tərəfindən təqdim olunan invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkar edilib.

Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür, gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir.

DGK bir daha xarici iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə faliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırır. Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.