“At-eşşək əti satışına nazirlik şərait yaradır” - Eyyub Hüseynov
2-03-2018, 20:21
“Nazirliyin seyrçi mövqeyi Azərbaycanda at satışı ilə məşğul olan firmaları yaradıb”
Əksər türk dövlətlərində, xüsusilə də Orta Asiya və Qazaxıstanda at əti yeyilir, hətta bədənə qüvvət verən xüsusiyyətlərinə görə mal və qoyun ətindən üstün sayılır. At ətinin tərkibi bir qrup vitaminlər və minerallarla zəngindir. At ətinin digər üstünlüyü güclü ödqovucu xüsusiyyətə malik olmasıdır. Orta Asiyada öd və öd yolları, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə at əti tövsiyə edilir. Azərbaycanda isə at ətinin yeyilməsi ənənəsi yoxdur, amma at ətinin satışı da rəsmən qadağan olunmayıb. Dünyadakı ən böyük fast-food restoranlarından biri olan “Burgerking”, “hamburger” və bir sıra menyularında at əti olduğunu etiraf edib. At ətini yeyilib yeyilməməsi, həm dini aspektdən, həm də sağlıq baxımından həmişə müzakirə mövzusu olub. Məsələnin dini aspekti haqqında danışmaq istəmirəm, ancaq sadə vətəndaş olaraq bilmədən at ətini yemək heç istəmirəm. Azərbaycanda nə qədər at-eşşək leşi satan mafiyanı ifşa etsələr də, bu istiqamətdə problem azalmır. Müşahidələr də onu deməyə əsas verir ki, Azərbaycanda at ətinə tələbat yüksək deyil. Ancaq buna baxmayaraq ölkədə mənşəyi bilinməyən ət məhsullarının satışı ilə bağlı hallar tez-tez rast gəlinir.
Ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Balakən rayonunda qanunsuz kəsilmiş at ətinin aşkarlanması barədə xəbər yaydı. Bildirilir ki, martın 1-də daxil olmuş məlumat əsasında Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilib. Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib.
Müvafiq dövlət qurumlarının bu cür xoşagəlməz və qanunsuz hallarla ciddi şəkildə mübarizə aparmasına baxmayaraq, bir çox “işbaz”lar mənşəyi bilinməyən ət məhsullarını qanunsuz yolla satıb pul qazanmaqdan çəkinmirlər. Təbii ki, insan orqanizmi üçün potensial təhlükə mənbəyi olan bu cür məhsulların bazara daxil olması səbəbindən heç birimiz bu məhsulların istehlakçısı olmaqdan və onların zərərli təsirlərindən sığortalanmamışıq
Bəs, at və eşşək ətini istəmədən yeməmək üçün necə tanıyaq?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Cebhe.info-ya bildirdi ki, at və eşşək ətini gözlə ayırd etmək olur:
“At və eşşək əti çox qırmızı, yağı isə ağ rəngdə olur. Bundan əlavə at və eşşəyin qabırğaları inəyə nisbətən uzun olur. At-eşşək ətini qaynadan da müəyyən etmək olur. Bu ətlərin xüsusi spesifik qoxusu var. Ən son variantda ekspertizaya verməklə ətin mənşəyini müəyyən etmək olur”.
“Kənd Təsərrüfatı Nazirliyinin qarşısında eşşək əti satan dükan açılsın”
Birlik sədrinin sözlərinə görə, ölkədə at ətinin qanunsuz satışı dövlət orqanlarının bu məsələyə münasibətlərinin birmənalı olmamasından vüsət alır:
“Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxıb televiziyada deyir ki, at və eşşək ətini bir şərtlə satmaq olar ki, onun üzərinə heyvanın adı yazılsın. At ətinin mal əti kimi satılması artıq istehlakçının aldadılmasıdır. Ona görə təklif edirdim ki, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında eşşək əti satan dükan açılsın. At və eşşək əti Azərbaycan üçün yeməli ənənəvi ətlər sırasında deyil. Biz gülünc vəziyyətə düşə bilərik. At ətini köçəri tayfalar yeyir, bu qidanın mətbəximizə daxil olması ermənilərin əlinə köçəri tayfa olmağımızla bağlı uydurma ittiham verə bilər. Bu istiqamətdə ən uğurlu mübarizəni Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Qurum ötən ilin may ayında bu istiqamətdə apardığı işlər üzrə cinayət işi açdı, həmçinin at əti satanlar həbs olundu. Lakin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti qanunsuz at əti satışı ilə məşğul olanları cərimə edib buraxır. Ən effektiv mübarizəni DİN aparır. Hesab edirəm ki, bu cür problemlərin qarşısının almaq üçün məsələ DİN-ə tapşırılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin seyrçi mövqeyi Azərbaycanda at satışı ilə məşğul olan firmaların yaradılmasına gətirib çıxardıb. Deyilənə görə guya Qazaxıstana göndəriləcək. Ancaq güman edirəm ki, at əti Azərbaycanda da satılacaq. Bu, Azərbaycan üçün yaramaz bir haldır. Dövlət orqanlarının bu məsələdə vahid münasibəti olmalıdır”.