“Qaçqınkom” sədri Əli Həsənova qarşı ədalətsizliyi kim edir – jurnalistlər, yoxsa öz doğmaları?
3-03-2018, 09:49
Baş nazirin müavini yaxın ətrafına təpinsə, onlara dayan əmri versə, nə tənqid olunar, nə də kampaniyaçılıqdan şikayət edər
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatdan narazı qalıb. Hesab edir ki, son aylarda ona qarşı mediada məqsədli və ədalətsiz kampaniya aparılır.
Bu iddiasında nə qədər haqlı olub-olmadığına toxunmazdan öncə qeyd edək ki, Əli müəllim həm də Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Bu qədər çoxsaylı vəzifələrin öhdəsindən necə gəlir bilmirik, amma bildiyimiz odur ki, Ə.Həsənovun mətbuatı ədalətsiz kampaniyaçılıqda ittiham etməsinin özü ədalətsizlikdir.
Ə.Həsənov son aylar jurnalistlərin ən çox yazdığı məmurlardandı. Baş nazirin müavini bunu məqsədyönlü, yaxud qərəzli hesab edə bilər, amma mətbuat ondan niyə yazır, gəlin onu yada salaq. 2017-ci ilin avqust ayının əvvəllərində Ə.Həsənovun nəvəsi Nail Allahverdiyev 300 min dollarlıq maşını ilə Heydər Əliyev prospektində avtoşluq edib, qəza törətmişdi. Bu qəzada 2 nəfər həyatını itirdi. Bundan sonra medianın diqqəti Əli Həsənovun özünə və nəvəsinə tuşlandı.
Hörmətli Əli müəllim əgər medianın o hadisədən yazmasını, cinayət faktının üstünün örtülməsinə imkan verilməməsini ədalətsizlik, kampaniyaçılıq hesab edirsə, olsun. Mətbuat cəmiyyətin güzgüsüdür, orada baş verənləri əks etdirməlidir.
Xatırladaq ki, N.Allahverdiyevə məhkəmə 6 illik həbs cəzası kəsəndə “Yeni Müsavat” olaraq, Ə.Həsənovun öz mövqeyindən istifadə edərək nəvəsini məsuliyyətdən və cəzadan yayındırmamasını təqdir edən yazı ilə də çıxış etmişdik.
Bu günlərdə Ə.Həsənovun yenidən medianın diqqətini cəlb etməsi də başqa bir nəvəsi ilə bağlıdı. Onun Emil adlı nəvəsinin Sumqayıtda yaşıllıqlara, on illərlə yaşı olan ağaclara qənim kəsilməsi haqda saytlara şikayətlər daxil olub. Burada bir məqamı vurğulamaq yerinə düşər. Əli Həsənov bu yazılanlara reaksiya verdi, redaksiyamıza öz imzasıyla məktub yolladı. Əslində yüksək vəzifə tutan bir məmurun mediada yazılanlara reaksiya verməsinin özü müsbət haldı.
Çox istərdik ki, hörmətli Əli müəllim bizə yazdığı qəzəbli məktubun birini də Sumqayıtda yaşıllıqların məhvinə seyrçi qalan qardaşına yazsın. Onda nə camaat bizə yazar, nə də biz Ə.Həsənovun qohumlarından yazarıq...
“Yeni Müsavat”