Twitter-də saxta hesabları müəyyən edən proqram [Video]
6-03-2018, 08:44
Sosial media istifadəçiləri müxtəlif platformalarda dostlarının və izləyicilərinin olmasını istəyir. Lakin bu hesablardan hansının həqiqi, hansının saxta olduğunu necə öyrənmək olar? Kaliforniyada iki universitet tələbəsi bunu müəyyən etmək üçün proqram hazılayıblar.
Sosial media heç zaman indiki qədər popular olmayıb. İnsanlar öz postlarına digərlərinin reaksiyalarını görmək, onların fikirlərini öyrənmək istəyirlər. Lakin son aylar ərzində Twitter-in adı digər sosial media platformalarından daha çox hallanır. Bu platformada olan avtomatlaşdırılmış hesablar insanları mübahisəli mövzulara cəlb edir.
Twitter-də kim həqiqi və kim saxtadır? Gördüyünüz iki tələbənin bu suala cavabı var.
Aş Bhat və Rohan Phadteare uşaqlıq dostları, indi isə Kaliforniyada yerləşən Berkli Universitetinin tələbələridir. Onların hazırladığı proqram, təhlil apararaq, Twitter hesablarının bot olub-olmadığını müəyyən edir.
Aş Bhat, Robhat Labs:
“Biz apardığımız araşdırma zamanı 200,000-dən çox şübhəli hesab müəyyən etmişik. Bu normal deyil.”
“Şəbəkənin necə reaksiya verdiyini müşahidə etmək çox maraqlıdır.”
“Məsələn bu hesabın fəaliyyəti şübhəli və botlara xas tərzdədir. Hesab kifayət qədər yeni açılıb. Buna botlarda tez-tez rast gəlinir. İzlənənlər və izləyicilər sayı da demək olar ki, eynidir. Paylaşılan tvit və retvitləri müqayisə edəndə görürsünüz ki, əksəriyyəti retvitlərdir.”
Son aylarda botlar haqqında müzakirələrin artmasının səbəbi Rusiya propaqandasının ABŞ-da 50,000 Twitter hesabı vasitəsilə etdiyi səyləridir.
Tələbələrin təklifi nədir? Sosial mediada tanımadığınız insanla mübahisə etməkdən və ya razılaşmaqdan öncə, rahat nəfəs alıb, Botchek.me proqramını yükləyin və həmin hesabın həqiqi şəxsə məxsus olub-olmadığını öyrənin.
“Bu halda propaqanda botlarına xas xətt müəyyən etdik. Bununla da siz həmin hesabla müzakirəni dayandıra bilərsiniz.”
Twitter özü də saxta bot hesablara qarşı sərt mübarizə aparır. Lakin yeni və daha mürəkkəb botlar peyda olmağa davam edir.
Aş Bhat, Robhat Labs:
“Botların necə inkişaf etdiyini müşahidə edə bilərsiniz. Qorxulusu odur ki, biz onlarla bərabər inkişaf etməsək, saxta və həqiqi hesablar arasında fərqi müəyyən etmək mümkün olmayacaq.”
Tələbələr ümid edirlər ki, onlar bir addım irəlidə olaraq, insanlara saxta və həqiqi hesablar arasında fərqi ayırmağa yardımçı ola bilərlər.