Dövlət Gömrük Komitəsinin səlahiyyəti əlindən alındı
6-03-2018, 08:58
Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti maddəsinə dəyişiklik edilib
“Baytarlıq haqqında” qanunun 15-ci maddəsinə (Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti) dəyişikliklər edilib.
teref.az-nun Sputnik Azərbaycan-a istinadən məlumatına görə, dəyişikliyə əsasən 15.4-cü maddədə “gömrük orqanı” “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilib.
15.4-cü maddənin qüvvədə olan redaksiyasında deyilir ki, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidirlər.
Təklif olunan redaksiyada isə göstərilir ki, ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidir.
Digər bir dəyişikliklə 15.1-ci və 15.2.3-cü maddələrdən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri çıxarılıb.
15.1-ci maddənin qüvvədə olan redaksiyasında deyilir ki, Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.
15.1-ci maddənin təklif olunan redaksiyasında isə göstərilir ki, Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.
15.2.3-cü maddənin qüvvədə olan redaksiyasında deyilir ki, tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla);.
15.2.3-cü maddənin təklif olunan redaksiyasında isə göstərilir ki, tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilməsini;.
Qeyd edək ki, 15.2-ci maddə dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarətinin əhatə dairəsindən bəhs edir.
Qanun layihəsində deyilir ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli 1235 nömrəli fərmanına əsasən Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, əsasnaməsi təsdiq edilib və 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.
Adıçəkilən fərmana əsasən baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi nəzərdə tutulub.
Qanun layihəsi qeyd olunan fərmana əsasən hazırlanıb və baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsini dəqiqləşdirir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyini təsbit edir, bununla əlaqədar olaraq baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və s. ilə bağlı qanunda nəzərdə tutulan bir sıra müddəaların ləğvini nəzərdə tutur.
Onu da qeyd edək ki, “Baytarlıq haqqında” qanunun 1-ci maddəsində göstərilir ki, dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələridir.
Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.