Nazirlik məktəblərə xəbərdarlıq etdi

6-03-2018, 09:27           
Nazirlik məktəblərə xəbərdarlıq etdi
“Mövqeyimiz birmənalıdır; təhsil müəssisələrində hər hansı qeyri-qanuni vəsaitlərin yığılması yolverilməzdir”

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü gəlir. Hər il olduğu kimi, bu il də bayramla əlaqədar olaraq orta məktəblərdə müəllimələr üçün şagirdlərdən pul yığılması ilə bağlı xəbərlər yayılmağa başlayıb.

İlk olaraq onu qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, nazirliyin mövqeyi birmənalıdır:

“Təhsil müəssisələrində hər hansı qeyri-qanuni vəsaitlərin yığılması yolverilməzdir. Mövqeyimiz birmənalı olaraq bundan ibarətdir”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə “Yeni Müsavat”a bildirib ki, Təhsil Nazirliyinin mövqeyindən fərqli olaraq məktəblərdə vəziyyət başqadır:



“Təəssüflər olsun ki, bu gün orta ümumtəhsil məktəblərimizdə əlamətdar günlərlə bağlı ciddi şəkildə pul yığılması prosesi həyata keçirilir. Təbii ki, dövlət rəsmiləri və əsasən də Təhsil Nazirliyi buna qarşı olduğunu bəyan edir. Ancaq bu proses təhsil müəssisələrində baş verdiyi üçün birbaşa cavabdeh də məhz onlardır. Bütün ictimaiyyət, valideynlər, şagirdlər bilirlər ki, hansı məktəblərdə, hansı müəllim nə qədər miqdarda pul yığır. Nazirlik də bütün bunları bilməlidir. Bundan əlavə, ”qaynar xətt" fəaliyyət göstərir. Əgər onlar həqiqətən də məktəblərdə pul yığılmasına qarşı çıxırlarsa, o zaman bütün valideynlərə müraciət etsinlər ki, məktəbin nömrəsini, müəllimin adını deyin, araşdıraq. Ancaq burada bir məsələ də var. Valideynlərə deyilir ki, müraciətinizi anonim formada etməyin. Belə olmasa həmin şəxsin təhlükəsizliyinə zəmanət verilirmi? Müəllimdən, direktordan şikayət olunursa, yoxlamadan sonra həmin müəllim şagirdi sıxışdırmağa başlayır. Əgər istəyiriksə məktəblərdə pul yığılması dayandırılsın, o zaman idarəçilik sistemi şəffaf olmalıdır. Təbii ki, hər kəs öz müəlliminə, bir qadına təşəkkür etməlidir. Ancaq maraqlısı odur ki, çox zaman 8 martda sinif rəhbərləri, müəllimlər məktəb direktorunun adından pul yığırlar. Halbuki baxırsan ki, məktəbin direktoru kişidir. İkincisi də təəssüf ki, pul yığılmasında müəllim-valideyn assosiasiyası var. Direktor iclas edir deyir ki, bizim məktəbdə pul yığıla bilməz. Bunun ardınca da müəllim-valideyn assosiasiyası işə düşür və “votsap” qrupu yaradaraq pul yığırlar. Valideynləri də buna məcbur edirlər. Ola bilər ki, bəzi məktəblərimizdə pul yığılmasın. Ancaq böyük əksəriyyətində bu, belə deyil. Bütün direktorların qarşısında hansı sinifdən, kim nə qədər pul veribsə onun siyahısı var. Ona görə də direktorlar bu işdə yaxalarını kənara çəkməsinlər. Yaxşı olar ki, Təhsil Nazirliyinin əməkdaşları da bayram günlərində məktəblərə yollanıb, anonim yoxlamalar aparsınlar. Otaqlarda oturmaqla təhsil idarə olunmaz".

Ekspert məsələ ilə bağlı bizə qonşu olan ölkələrdəki vəziyyət barəsində də danışıb:

“Gürcüstanda oldum və bununla bağlı şagirdlər arasında heç bir şikayət eşitmədim. Azərbaycanlılar yaşayan bölgədə şagirdlər birmənalı şəkildə bildirdilər ki, belə bir hal yoxdur. Hətta öyrəndim ki, pul yığıb müəllimə vermək istəyiblər, ancaq müəllim qəbul etməyib. Eləcə də qardaş Türkiyədə də vəziyyət oxşardır. Orada şərqi Anadolu bölgəsində apardığım yoxlamada öyrəndim ki, məktəblərdə belə bir hal yoxdur. Bu hal yalnız keçmiş sovet ölkələrində qalıb. Azərbaycanda, Qazaxıstanda, Belarusda şagirdlərdən pul yığılması ənənə halını alıb. Avropaya bağlı ölkələrdə isə bu hal yoxdur. Sadəcə olaraq, təşəkkür kimi çiçək, açıqca verirlər. Azərbaycanda müəllimlərin özlərində də günah var. Çünki onlar da şagirdlərdən pul umurlar. Gürcüstanda, Türkiyədə pul yığılmasına qarşı mübarizə aparıldığı halda, Azərbaycanda pul yığılmamasına qarşı mübarizə aparılır. Pul verməyən şagirdə də çox pis baxırlar, qiymətini kəsirlər. Təəssüf ki, bu hallarla üzləşirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.