Əfv Komissiyası müraciətləri araşdırır

7-03-2018, 09:51           
Əfv Komissiyası müraciətləri araşdırır
Hüquq müdafiəçiləri sərəncamın Novruz bayramında imzalanmasını arzu edir, amma…

Novruz bayramında əfv sərəncamının imzalanıb-imzalanmayacağı ilə bağlı müzakirələr səngimir. Ötən həftə belə bir xəbər yayıldı ki, əfv martda yox, mayda olacaq. Çünki Əfv Komissiyası hələ müraciətləri araşdırıb yekunlaşdırmayıb. Lakin əfvin prezidentin müstəsna səlahiyyəti olduğunu əsas gətirərək, Novruzda bu addımın atıla biləcəyini iddia edənlər də var.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev əfvlə bağlı müzakirələrə dair “Yeni Müsavat”a açıqlama verib. O deyib ki, əfv sərəncamının verilib-verilməməsi prezidentimizdən asılıdır: “Bunun üçün sənədlərin tam hazır olması da vacib prosedurlardan biridir. Bildiyiniz kimi, hazırda Əfv Komissiyasında müraciətlərə baxılma davam edir. Bunun nə vaxt bitəcəyi məlum deyil. Sənədlər nizamlanmalı və cənab prezidentə təqdim edilməlidir. Ondan sonra qərar qəbul ediləcək. Qısa müddətin qaldığını düşünərək, sərəncamın mayda veriləcəyini də söyləmək mümkündür. Bunu istisna etmirəm, yəni Novruz bayramında deyil, Cümhuriyyətin yüz illik yubileyi ərəfəsində sərəncam verilə bilər. Amma istənilən halda sərəncamın verilməsinin cənab prezidentin müstəsna konstitusion hüququnun olduğunu unutmaq olmaz. Sərəncamın verilmə müddəti ölkə başçısı tərəfindən müəyyən edilir. Müraciətlərə baxılma mərhələsi ola bilsin ki, Novruza qədər çatdırılmasın.

Müddətin çox qısa olduğu məlumdur. Bilirsiniz ki, mart-aprel aylarında prezident seçkiləri ilə bağlı böyük tədbirlər keçiriləcək, seçki kampaniyası da bayram ərəfəsində başlayacaq. Əfv Komissiyasının üzvlərinin bir çoxu digər fəaliyyətlə də məşğuldur. Onlar mühüm əhəmiyyəti olan qurumlarda təmsil olunurlar. Bu baxımdan iclasların sürətli, tez-tez keçirilməsi ilə bağlı məsələdə vaxt problemi ola bilər. Buna görə istisna etmirəm ki, əfv mayda verilə bilər. İstənilən halda əfvin verilib-verilməməsi ilə bağlı konkret fikir səsləndirmək mümkün deyil. Uzun illərin təcrübəsinə baxsaq görərik ki, əfv sərəncamları müraciətlərə tam baxılıb, rəylər təqdim edildikdən sonra verilir. İki hissəli əfv sərəncamı olmur. Bu praktika dəyişəcək ya yox, deyə bilmərəm”.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı da tərəddüdlü danışdı: “Biz istərdik ki, Əfv Komissiyası müraciətlərin hamısına baxsın. Əgər çatdırsalar, yəqin ki, cənab prezidentə siyahı təqdim olunacaq. Amma hələ ki dəqiq bir məlumat yoxdur. İntensiv şəkildə çalışdıqlarını deyə bilərik. Nə qədər tez rəy hazırlasalar, tez də ölkə başçısına təqdim olunacaq. Amma bu il mütləq əfvin olacağını əminliklə söyləmək mümkündür. Novruzdan sonra xalqımız və dövlətimiz üçün əhəmiyyətli olan tarixi günlər gəlir. Ona görə sərəncamın verilməsi gündəmdədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.