Prezidentdən növbəti İrəvan xəbərdarlığı

20-03-2018, 10:15           
Prezidentdən növbəti İrəvan xəbərdarlığı
Azərbaycanın dövlət başçısı İlham Əliyev düşmənə və havadarlarına Qarabağ mesajı göndərdi: “Azərbaycan heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın...”

2018-ci il Azərbaycan xalqı və dövləti üçün Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması baxımından təbii ki, çox əlamətdar tarixdir. Dövlət başçısının sərəncamı ilə bu il ərzində “Cümhuriyyət ili” tədbirlərinin keçirilməsi də bir sıra vacib amillərlə bağlı olduğu kimi, dövlətçilik ənənəmizin yaşadılması baxımından çox əhəmiyyətlidir.

Ancaq bu il azərbaycanlıların soyqırıma məruz qalmasının 100 illiyi, həmçinin İrəvan şəhəri başda olmaqla, tarixi torpaqlarımızın ermənilərə verilməsi və Azərbaycana məxsus ərazilərdə qondarma Ermənistan dövlətinin yaradılmasının 100 illiyidir. Bu mənada biz xoş günlərimizi, təqvimimizin sevincli günlərini bayram etməklə yanaşı, faciələrimizi də unutmamalıyıq, həm müasir nəslə çatdırmalı, həm də beynəlxalq aləmdə tarixi həqiqətlərimizi mümkün qədər çox yaymalıyıq ki, erməni yalanları ayaq tutub yeriyə bilməsin.

Bu baxımdan ölkə prezidentinin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalaması da mühüm əhəmiyyətə malikdir. Azərbaycan prezidenti İlham Əliyevin dünən, martın 19-da Bakıda Novruz münasibətilə keçirilən ümumxalq şənliyindəki çıxışında da növbəti dəfə tarixi Azərbaycan torpaqlarından bəhs etməsi ölkə rəhbərliyinin təkcə Qarabağ məsələsinə deyil, həmçinin İrəvan, Zəngəzur kimi tarixi ərazilərimizə də həssas münasibətini bir daha təsdiqləyir. Düzdür, erməni təbliğatında bu yönümdə çıxışlar fərqli şəkildə təqdim olunur, düşmən iddia edir ki, Azərbaycan İrəvan-Zəngəzur məsələsini qaldırmaqla “sülh tərəfdarı olmadığını” nümayiş etdirir. Lakin düşmənin hansı iddia ilə çıxış etməsinə baxmayaraq, Azərbaycan haqlı olaraq tarixi torpaqlarında ikinci erməni dövlətini qurmaq istəyənlərə və onların havadarlarına 100 il əvvəl İrəvan və Zəngəzurun Azərbaycana məxsus olduğunu xatırladır. Özü də 1918-ci ilin mayında imzalanmış müqavilədə söhbət 9 min kv.km-lik İrəvan şəhəri və ətraf ərazilərin ermənilərə 100 illik icarəyə verilməsindən bəhs olunurdu. Erməniləri narahat edən həm də budur ki, bəyanatlar bir gün icraya yönələ, Azərbaycan ordusu Naxçıvanın 50 km-liyindəki İrəvanı hədəfə ala bilər.

Prezidentin son xəbərdarlığı yəqin ki, ermənilərin narahatlığını artıracaq. “İndiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır” - prezident Novruz şənliyində bəyan edib. Dövlət başçısı Ermənistanın öz günahı səbəbindən düşdüyü miskin durumu da xatırladıb: “Biz digər beynəlxalq təşkilatlarla, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Bu gözəl mənzərə fonunda Ermənistan bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalıb. Bu da təbiidir. Çünki bizim siyasətimiz məhz bundan ibarətdir. Ermənistan bütün məsələlərdən təcrid olunmuş vəziyyətdədir, bir dənə də olsun regional əməkdaşlıq formatında iştirak etmir. Təkcə ona görə yox ki, biz buna imkan vermirik, - halbuki, hesab edirəm, bu, əsas amildir, - eyni zamanda ona görə ki, Ermənistan nə siyasi, nə iqtisadi, nə nəqliyyat baxımından heç bir maraq doğurmur. Siyasi baxımdan bu ölkə müstəqil deyil, bu, satellit ölkədir. Ermənistanın gələcəyi ilə bağlı ölkə daxilində qəbul edilmiş qərarlar böyük məna daşımır. Bu ölkəyə iqtisadi cəhətdən heç bir investisiya qoyulmur, investorlar maraqlı deyillər. Burada bir neçə amil rol oynayır, birinci növbədə, baş alıb gedən rüşvətxorluq, oğurluq, korrupsiya halları, digər tərəfdən vətəndaşların kütləvi surətdə Ermənistandan çıxması, yəni, köç kütləvi xarakter alıb. İnvestisiya iqlimi çox bərbaddır və bazar məhdudluğu imkan vermir ki, bu ölkəyə investisiya qoyulsun”.

Azərbaycan prezidenti işğalçı ölkədə ağır məhrumiyyətlərə düçar edilmiş xalqa da mesaj verib: “Belə bir mənzərə ilə üzləşən erməni xalqı bir daha çox ciddi fikirləşməlidir və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcək. Ancaq Ermənistan son illər ərzində bölgədə gedən regional əməkdaşlıq proseslərindən tam təcrid olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, AŞ PA, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul ediblər. Yəni bu, Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik cəbhədə məğlubiyyətə uğrayıblar. Dağlıq Qarabağda keçirilmiş qondarma ”referendum" heç bir ölkə tərəfindən tanınmayıb, beynəlxalq təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir. Nəqliyyat siyasəti ilə bağlı Ermənistan dalan ölkədir və açıq deməliyik ki, bunu biz etmişik".

Prezident İlham Əliyev aprel döyüşlərini də xatırladıb: “İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndində dalğalanacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.

Prezident növbəti dəfə İrəvan xəbərdarlığını edib: “Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən çoxsaylı kitablar, xəritələr var. O xəritələrdə indiki Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Tarixi kitablarda göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyəti, daha doğrusu, 80 faizi azərbaycanlılar olub. Bu, tarixdir, tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər və ən önəmlisi Azərbaycan gəncləri bunu bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın böyük hissəsi Azərbaycanın tarixi torpağıdır. Biz bunu heç vaxt unutmuruq və unutmayacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.